18 yanvar 2019 10:59
1070

Qətnamələr kağız üzərində qalarsa,..

Beynəlxalq arenada konyak diplomatiyasından bəhrələnərək, bir çox siyasətçiləri satın alan ermənilərə ədalət meyarının nə olduğunu başa salmaq zamanıdır

Dövlətimizin başçısı İlham Əliyevin elə bir çıxışı yoxdur ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, ən əsası problemin həlli prosesinin uzanmasına səbəb olan dünyanın ikili siyasətinə diqqət yönəldilməsin.

Nazirlər Kabinetinin bu günlərdə keçirilən 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da cənab İlham Əliyev “Biz dəfələrlə demişdik ki, Ermənistanda iyirmi il ərzində kriminal, qaniçən xunta rejimi hökm sürür. Ancaq əfsuslar olsun ki, bəzi beynəlxalq təşkilatlar buna göz yumurlar. İndi sual olunur, necə ola bilər ki, son illərdə Ermənistanda böyük miqyasda saxtakarlıqla keçirilmiş prezident və parlament seçkilərinə beynəlxalq təşkilatlar müsbət rəy verirlər. Axı, son parlament seçkiləri göstərdi ki, hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş dəstə 5 faiz də səs yığa bilməyib. Bunu hər kəs etiraf edir. Ancaq əvvəlki illərdə özlərinə 50 faizdən çox səs yazdıran kriminal rejimin fəaliyyəti niyə qınaq obyektinə çevrilməmişdir?! Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan, ədalətdən dəm vuran digər beynəlxalq təşkilatlar o biabırçı mənzərəyə niyə göz yumurdular?! Məgər onlar bilmirdilər ki, Ermənistanda bütün seçkilər saxtalaşdırılıb? Bilmirdilər ki, erməni xalqı kriminal rejimə nifrət edir? Çox yaxşı bilirdilər, amma göz yumurdular. Nəyə görə? İkili standartlara görə. Nəyə görə? Çox güman ki, burada hansısa təmənna ilə bağlı başqa məsələlər olub. Heç kimə sirr deyil ki, Ermənistan beynəlxalq arenada konyak diplomatiyasını işə salıb və bir çox siyasətçiləri satın alıb. Əvvəlki illərdə Ermənistanın xarici siyasətində rüşvət amili birinci yerdə idi” söyləməklə, dünəndə və bu gündə ədalət meyarına fərqli yanaşmanı diqqətə çatdırdı. Bu yanaşmaların formalaşmasında sözsüz ki, Azərbaycan dövlətinin real faktlara əsaslanan təbliğatı, dünyaya ən yüksək tribunalardan səsləndirdiyi “Bütün dövlətlərə vahid meyarlarla yanaşılmalıdır” kimi çağırışları əsas rol oynayır. Dövlətimizin başçısı İlham Əliyev daim bildirirdi ki, dünyanın ikili standartlarının mövcudluğuna baxmayaraq, geri çəkilmir, daim irəli baxır, erməni yalanlarına qarşı ədalətli mövqeyimizi, tarixi həqiqətlərə, real faktlara əsaslanan təbliğatımızı, ən əsası gücümüzü, birliyimizi, həmrəyliyimizi nümayiş etdiririk.

Azərbaycan istər Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində, istərsə də demokratik islahatların dəyərləndirilməsində dünyanın ikili siyasətinin qabarıq şəkildə şahidi olur. Bəzi dünya dövlətlərinin, beynəlxalq təşkilatların Azərbaycanda ən kiçik bir olayı lupa ilə izləməsi, amma maraqlarının həyata keçirilməsində bir vasitə rolunu oynayan Ermənistan kimi işğalçı, demokratiya anlayışından bixəbər olan dövlətdə cərəyan edən proseslərə göz yumması daim rəsmi Bakı tərəfindən sərt reaksiya ilə cavablandırılıb. Bu gün həmin yanaşmalarda 180 dərəcə bucaq altında dəyişmələr müxtəlif fikirlərin yaranmasına, inamsızlıq elementlərinin ortaya çıxmasına səbəb olmaya bilməz. Bu baxımdan ki, əgər bugünkü yanaşmalara uyğun olaraq, Ermənistan işğalçılıq siyasəti yeridirsə, demokratik dəyərləri lazımi səviyyədə dəyərləndirmirsə, nə üçün bu günə qədər dünya susub, seyrçi mövqedən baxırdı? Ədalət maraqların arxasında əriyirsə, amma zaman keçdikdən sonra, sən demə dünya üçün zaman və məkana uyğun olaraq bu meyarın mövcudluğu üzə çıxırsa, burada hansı inamdan söhbət gedə bilər? 

Dövlətimizin başçısı İlham Əliyev “Ona görə mən hesab edirəm ki, bu məsələ müvafiq beynəlxalq orqanlar tərəfindən çox ciddi araşdırılmalıdır və kriminal rejimə iyirmi il ərzində dəstək verən, onun cinayətlərinə göz yuman, onun əlindən orden, medal alan dırnaqarası siyasətçilər məsuliyyətə cəlb olunmalıdırlar. Bizim tələbimiz bundan ibarətdir. Əgər bu, olmasa, demək heç nə dəyişilmir. Əgər bu, olmasa, onda bu gün bəzi beynəlxalq təşkilatlar tərəfindən səslənən ədalət, insan haqları haqqında cəfəng bəyanatlar elə cəfəng bəyanatlar kimi qalacaq. Sarkisyan rejiminə, onun əməllərinə dəstək verən, göz yuman beynəlxalq təşkilatlar əgər öz günahını yumaq istəyirlərsə, qoy, etiraf etsinlər ki, onlar iyirmi il ərzində cinayətkarlarla əlbir olublar və beləliklə, bu cinayətlərdə onların da əli, onların da payı var” bəyanatı ilə bir daha ikili siyasətə yol açan məqamlara işıq saldı.

İnkaredilməz həqiqətdir ki, hər bir ölkənin inkişafında dövlət başçısının düşünülmüş və məqsədyönlü, gələcəyə hesablanmış siyasəti, ən əsası xalq qarşısında verdiyi vədləri əməli işində təsdiqləməsi nə qədər əsasdırsa, dünyada mövcud olan münaqişələrin ədalətli həlli üçün bəyanatlarında beynəlxalq hüququn norma və prinsiplərinə riayət edən dövlətlərin bu sənədlərin icrasında maraqlı olmaları, ən əsası səy göstərmələri bir o qədər əhəmiyyət kəsb edir. Yalnız bu halda istər beynəlxalq təşkilatlar, istərsə də dünya dövlətləri özlərinə qarşı böyük inam hissi formalaşdırar, ümumilikdə isə münaqişələrin həlli prosesinin uzanmasına imkan verməzlər. Ən əsası ədalət deyilən məfhum var ki, dünya bu prinsipə söykənərək, münaqişəli məsələlərin həllinə dəstək olur. Düşünmək olar ki, dünya dövlətləri bunu sən demə, yalnız ötən ildən dərk etməyə başlayıb. Bu günə qədər işğal olunmuş ərazilərə qanunsuz səfərlərə, cəbhə xəttində ermənilərin mütəmadi atəşkəsi pozmalarına, işğalçı dövlətin rəhbərliyinin sərsəm bəyanatlarına və s. kimi sayı-hesabı olmayan olaylara göz yumulması nəyə işarədir? Ədalət nə zamanadək maraqların arxasında əriməyə məcburdur? Görəsən, beynəlxalq hüququn norma və prinsiplərini zamana və məkana görə tətbiq edən dünyanın iri dövlətləri doğrudanmı bu günə qədər  bu suallar ətrafında düşünmürdülər? Nəzərə alaq ki, işğal olunmuş ərazilərimizə qanunsuz səfər edənlərin əksəriyyəti ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin təmsilçiləridir. Artıq geniş şərhə ehtiyac yoxdur.

Daim vurğulandığı kimi, bir cinayətin cəzasız qalması digər cinayətə rəvac verir. Təkcə ötən ilin son aylarında işğal olunmuş ərazilərimizə edilən qanunsuz səfərlərin sayına və bu addımı atanların təmsil etdikləri ölkələrə diqqət yetirmək kifayətdir. Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin təmsilçiləri, onların ardnca Fransanın bir sıra bələdiyyə başçıları və üzvlərinin, həmçinin Belçika parlamentarilərinin qanunsuz səfərləri gündəmin mövzuları oldu. Diqqət çəkən məqam budur ki, qanunsuz səfərlərin iştirakçıları bu addımlarını sülhlə bağlayırlar. Bu da dünyanın “yazılmamış qanunları” sırasındandır. Çünki məqsədli şəkildə atılan addımlara rəsmi Bakı tərəfindən sərt münasibət bildiriləndə, dərhal həmin dövlətlərin rəsmiləri bunu ya təsadüf kimi dəyərləndirir, gah da demokratiyaya və sülhə dəstək kimi şərh edib, planlarının əsas məqsədini ört-basdır etdiklərini düşünürlər. Məlumdur ki, ABŞ Konqresi hər il işğalçı Ermənistana və qondarma rejimə ayırdığı vəsaitlərin həcmini məhz “demokratiyaya dəstək” adı altında artırır. Eyni ssenarini işğal olunmuş ərazilərə səfərləri ətrafında həyata keçirirlər.  Sülhə dəstək qanunsuz əməllərlə gerçəkləşdirilirmi? Dünya məgər bu günə qədər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətindən, erməni vəhşiliklərindən xəbərsizdirmi? Məgər onlara erməni vəhşiliyinin təzahürü, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımında 106 qadın, 63 uşağın qətlə yetirildiyi məlum deyilmi? Tarixin ayrı-ayrı dövrlərində havadarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirən ermənilərin saxta tarix yazıb bunu həqiqət kimi qəbul etdirmək cəhdlərindən dünya məlumatsızdırmı? Hər kəsə bəlli, özlərinə isə “təsadüf” kimi görünən ikili yanaşmalarına Azərbaycan ictimaiyyəti daim sərt münasibətini nümayiş etdirib. 

Bunu da qeyd edək ki, dünyada sülhün, təhlükəsizliyin təminatı missiyasını yerinə yetirən NATO bu günə qədər Dağlıq Qarabağ münaqişəsinin həllində seyrçi mövqedə dayanırdısa, artıq qurumun son Zirvə toplantılarına diqqət yetirsək, problemin həlli ilə bağlı qəbul etdiyi qətnamələrdə ədalətə dəstəyi özündə əks etdirən mövqe nümayiş olunur. Azərbaycanın mövqeyi dəstəklənir, ərazi bütövlüyü prinsipi önə çəkilir.

Dünyanın ikili siyasətinə və bu yanaşmadan yaranan Ermənistan ərköyünlüyünə işıq salan faktlar saysız-hesabsızdır. Ermənilərin hiyləgərliklərindən irəli gələn addımları sırasında yer alan “erməni soyqırımı” abidəsinin ucaldılması, muzeyinin yaradılması da ikili siyasətdən alınan gücün göstəricisidir. Son günlər erməni mətbuatına istinadən bu xəbərlər yer almaqdadır ki, İrəvandakı “soyqırım muzeyi”nin zənginləşdirilməsi ilə bağlı Ermənistan hökuməti və erməni diasporu tərəfindən silsilə addımlar atılmaqdadır.

Ermənilər və erməni diasporu unudur ki, artıq yalanlarının ayaq tutub yeriməsi vaxtı çoxdan keçib. Müasir dövrün informasiya əsri olduğunu, Azərbaycan dövlətinin hücum diplomatiyasını tarixi faktlara əsaslanaraq yüksək səviyyədə həyata keçirdiyini, ən əsası erməni diasporunun diplomatik uğurlarımızın fonunda zəiflədiyini, dünyada cərəyan edən proseslərə təsir imkanlarının heçə endiyini nəzərə alsaq, saxta tarix yazıb bunu həqiqət kimi dünyaya çatdırmağa çalışmağın nə qədər gülünc və mənasız olduğunu görməmək mümkün deyil.

Yeganə Əliyeva, “İki sahil”