13 noyabr 2019 19:44
822

Qeyri-neft sektoru: İxrac və valyuta daxilolmaları artır

Ötən ilin müvafiq dövrü ilə müqayisədə  cari ilin 9 ayında qeyri-neft sektoru üzrə ixracın dəyəri 206 milyon dollar və ya 17 faiz artıb

Bu gün iqtisadi şaxələndirilmə, idarəetmədə şəffaflığın yüksəldilməsi, kadr və struktur islahatları, ictimai nəzarətin gücləndirilməsi, “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması, məmur özbaşınalığına son qoyulması və bu kimi tədbirlər qeyri-neft sektorunun iqtisadiyyatda xüsusi çəkisinin artmasına əlverişli imkan yaradır.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla reallaşdırılması bölgələrin inkişafına, o cümlədən infrastruktur layihələrinin genişlənməsinə, sosial obyektlərin və yeni iş yerlərinin yaradılmasına, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına təkan verib.

Son illər ölkə başçısının rəhbərliyi ilə respublikamızın iqtisadiyyatının bütün sahələrində dayanıqlı inkişaf təmin edilib. Məhz bu inkişaf istehsalın və investisiyaların həcminin artmasına, büdcə imkanlarının genişlənməsinə, əhalinin maddi rifah halının daha da yaxşılaşmasına əhəmiyyətli təsir göstərib.

Azərbaycanın inkişaf edən və şaxələnən iqtisadiyyatı artıq beynəlxalq maliyyə  təşkilatlarının və reytinq agentliklərinin də diqqətini cəlb edir. Ölkəmiz ildən-ilə dünyanın aparıcı beynəlxalq təşkilatlarının hazırladıqları hesabatlarda öz mövqeyini xeyli yaxşılaşdırır. Ədalətli rəqabətin şərti olan bərabər və şəffaf mühitin təmin edilməsi, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, şəffaflığın artırılması, əlverişli biznes mühitinin təkmilləşdirilməsi istiqmətində ciddi addımlar atılır.

Kiçik və orta sahibkarlıq subyektlərinin müxtəlif mövzularda məlumatlandırılması məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və müvafiq dövlət qurumlarının iştirakı ilə onlayn maarifləndirmə tədbirləri keçirilir. Sahibkarların və özünüməşğulluq proqramına qoşulmuş fermerlərin onlayn maarifləndirmə tədbirindən daha çox faydalanması və aqrar sahədəki son yeniliklər barədə ətraflı məlumatlandırılmaları üçün KOBİA-nın mərkəzi ofisində, eləcə də ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən “KOB Dostu” ofislərində və Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) zəruri təşkilati və texniki imkanlar yaradılıb. Kənd təsərrüfatı texnikasının və damazlıq heyvanların lizinq üsulu ilə verilməsi, mineral gübrə və pestisidlərin güzəştlə satılması, kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkili, güzəştli kreditlərin, subsidiyaların verilməsi sahibkarların və özünüməşğulluq proqramına qoşulmuş fermerlərin sıralarını daha da genişləndirir, həmçinin  qeyri-neft sektoru üzrə ixrac və valyuta daxilolmalarının miqdarını artırır. 2019-cu ilin 9 ayında qeyri-neft sektoru üzrə 1 milyard 413 milyon dollar dəyərində ixrac reallaşdırılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 9 ayında qeyri-neft sektoru üzrə ixracın dəyəri 206 milyon dollar və ya 17 faiz artıb. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan qeyri-neft məhsullarını əsas etibarilə Rusiyaya, Türkiyəyə, İsveçrəyə, Gürcüstana, İtaliyaya, ərəb ölkələrinə göndərib. İlin sonuna kimi qeyri-neft ixracının 2 milyard dolları ötməsi, gələn il isə bu rəqəmin azı 2,5 milyard dollara çatması gözlənilir.

Bu gün  beynəlxalq aləmdə böyük nüfuz sahibi olan bir sıra təşkilatların  reytinq cədvəllərində  Azərbaycanın adı birincilər sırasında çəkilir. Ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən qeyri-neft sənayesinin davamlı inkişaf meyilləri beynəlxalq reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafına yönəldilən strategiyanın nəticələri olaraq Davos İqtisadi Forumunun reytinqində Azərbaycan iqtisadiyyatı rəqabət davamlılığına görə 37-ci, MDB-də isə 1-ci yerdədir.

Hazırda qeyri-neft sektorunun iqtisadiyyatımızın əsas sahəsinə çevrilməsi üçün daha ciddi addımlar atılır. Ölkə başçısı daim vurğulayır ki, bu gün əsas vəzifə qeyri-neft sektorunu inkişaf etdirmək və məşğulluğu artırmaqdan ibarətdir.

Zahid Rza, “İki sahil”