21 may 2019 17:14
792

Qeyri-neft sektoru üzrə artım “ağarma” prosesinin nəticəsidir

Vergilər Nazirliyi mayın sonunadək xüsusi metodikalar əsasında sektorlar üzrə vergi boşluqlarını qiymətləndirməyi planlaşdırır. Bunu vergilər nazirinin müşaviri Xəqani Abdullayev deyib.

“Birinci rübün yekunları bir sıra istiqamətlərdə erkən "ağarma" əlamətlərinin olduğunu göstərir. “Ağarma” effektini müəyyən etmək üçün ayrı-ayrı sahələr üzrə işçi qruplar yaradılıb. Bununla yanaşı, həmin sahələrdə vergi potensialının müəyyən olunması istiqamətində işlər aparılır. Mayın sonunadək xüsusi metodikalar əsasında sektorlar üzrə vergi boşluqları da qiymətləndiriləcək", - deyə o, “Vergilər” qəzetinin təşkil etdiyi “dəyirmi masa” çərçivəsində bildirib.

X.Abdullayevin sözlərinə görə, birinci rübdə qeyri-neft sektoru üzrə 19 faiz, pərakəndə ticarət dövriyyəsində 35 faiz artım olub ki, bu da “ağarma” prosesinin nəticəsidir.

“Ən böyük "ağarma" effektini biz bu gün istehlak sferasında görürük. Pərakəndə və topdansatış ticarətin həcmi də ötən ilin ilk rübü ilə müqayisədə 16 faiz artıb. ƏDV-yə cəlb olunan dövriyyələrin artımları da yüksəkdir. Pərakəndə ticarətdə həmin dövriyyələr 38 faiz, topdansatışda 28 faiz, kənd təsərrüfatında 38 faiz təşkil edib”, - deyə vergilər nazirinin müşaviri qeyd edib. (İnterfaks)