05 iyun 2020 11:57
1135

Qeyri-neft sənayesi 16 faizdən çox artıb

Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət, eləcə də iqtisadi islahatlar nəticəsində Azərbaycanda iqtisadiyyatın dayanıqlığının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atılır.  İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına zəmin yaratmaq üçün Prezident İlham Əliyevin imzaladığı sərəncamlar və təsdiq etdiyi inkişaf proqramları əsasında kiçik və orta sahibkarlığın dəstəklənməsinə, bu fəaliyyətlə məşğul olanlara güzəştli kreditlərin ayrılmasına, kənd təsərrüfatına subsidiyaların yönəldilməsinə, ölkə ərazisində nəqliyyat-kommunikasiya infrastrukturunun yenidən qurulmasına milyardlarla vəsait xərclənib. Bütün bunlar iqtisadiyyatın qeyri-neft sektorunda böyük canlanmaya səbəb olub.

 Qeyri-neft sektorunun inkişafı strategiyasının əsas məqsədi ölkənin neft amilindən asılılığını minimuma endirməkdir. Məhz bu səbəbdən dövlət başçısının sənayeləşmə siyasəti xeyli vaxtdır ki, ölkənin iqtisadi inkişafının əsas istiqamətlərindən biri elan olunub və sözügedən istiqamətdə mühüm tədbirlərin icrası daha da sürətləndirilib.

İqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsi, qeyri–neft sektorunun inkişaf tempini gələcək illərdə də qoruyub saxlamaq və onun ixrac imkanlarını genişləndirmək üçün həyata keçirilən tədbirlər, kiçik və orta sahibkarlığın, bütövlükdə, özəl sektorun inkişafına dəstək göstərilməsi istiqamətində görülən işlər öz müsbət nəticələrini göstərir. Qeyri–neft sənayesinin sürətli inkişafı ilə yanaşı, innovasiya fəaliyyətinin təşviqi və genişləndirilməsi ölkədə biliyə əsaslanan iqtisadiyyatın formalaşması üçün əlverişli zəmin yaradıb. Ölkədə fermerlər üçün bir sıra güzəştlərin müəyyən edilməsi, onların torpaq vergisi istisna olmaqla, digər bütün vergilərdən azad edilməsi, onlara güzəştli şərtlərlə kreditlərin və kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi, ayrı-ayrı sahələr üzrə dövlət tərəfindən subsidiyaların ayrılması kənd təsərrüfatının inkişafına və bu sahədə məşğulluğun artmasına geniş imkanlar  yaradıb.

Ölkəmizdə istehsal edilən qeyri-neft məhsulları, o cümlədən elektrik maşınları və avadanlıqları, onların hissələri, kimya sənayesi məhsulları, tikinti materialları, bitkiçilik və heyvandarlıq məhsulları, hazır toxuculuq məmulatları əczaçılıq məhsulları  və s. dünyanın müxtəlif bölgələrinə ixrac edilir.  Davamlı iqtisadi inkişafa nail olan Azərbaycan öz təbii resurslarından səmərəli şəkildə istifadə edərək iqtisadiyyatını uğurla şaxələndirir və onun neftdən asılılığını ildən-ilə azaldır.

Respublikamızda 2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin və əhalinin rifahının yaxşılaşdırılmasına səbəb olub.

Ümumiyyətlə, respublikamızda qeyri-neft sektorunun inkişafı istiqamətində görülən kompleks işlər öz nəticəsini verir. 2020-ci ilin 4 ayında ÜDM artımı çox cüzi-0,2 faiz olsa da, qeyri-neft sənayesində16 faizdən çox artım müşahidə olunub.

 Prezident İlham Əliyevlə Asiya İnkişaf Bankının təşəbbüsü ilə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransda ölkə başçısı deyib ki, bizim borcgötürmə ilə bağlı strategiyamız çox mühafizəkardır və bu bizə öz milli valyutamızda borc götürməyə imkan verəcək: “İndi, fəal sənaye inkişafını yaşadığımız bir dönəmdə yaxşı mütəxəssislərin hazırlanması böyük əhəmiyyətə malikdir. Bu ilin bir göstəricisini sizə deyə bilərəm. İlk dörd ay ərzində ümumdaxili məhsul artımının çox az – 0,2 faiz olmasına baxmayaraq, həmin dörd ay ərzində bizdə qeyri-neft sənayesində 16 faizdən çox artım müşahidə olunmuşdur. Bu, həqiqətən, onu göstərir ki, bizim sənayeləşmə, şaxələnmə və sənaye inkişafına təkan verən infrastruktura sərmayə üzrə səylərimiz yaxşı nəticələr verir.”

Zahid Rza,

“İki sahil”