27 yanvar 2021 17:58
943

QHT-lərlə bağlı fərmana dəyişiklik edilib

“Fərdi elektron pəncərə” elektron məlumat sistemi qeyri-hökumət təşkilatları tərəfindən qrant müqavilələrinin (qərarlarının), xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrinin qeydə alınmaq üçün təqdim edilməsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeydə alınması və qrantların, xidmət müqavilələrinin və ianələrin reyestrinə daxil edilməsi ilə təchiz edilməlidir.

“İki sahil” xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmana dəyişiklik edilməsi ilə bağlı bu gün imzaladığı fərmanda əksini tapıb.

Əvvəllər burada qrantların ayrılması və verilməsi ilə bağlı qanunla müəyyən edilmiş sənədlərin elektron qeydə alınması təchiz edilirdi.

Həmçinin fərmana edilən dəyişikliyə əsasən, “Fərdi elektron pəncərə” elektron məlumat sistemində qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların qeyri-hökumət təşkilatları tərəfindən təqdim edilməsi və bu məlumatların Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qrantların, xidmət müqavilələrinin və ianələrin reyestrinə daxil edilməsi; qeyri-hökumət təşkilatlarının təsis sənədlərində edilən dəyişikliklərin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin dövlət qeydiyyatı da aparılmalıdır.