19 sentyabr 2019 13:58
665

Qırğızıstan-Tacikistan sərhədində baş verən münaqişə ilə bağlı danışıqlar aparılıb

Sentyabrın 16-da gecə saatlarında Qırğızıstan-Tacikistan sərhədində baş verən münaqişə ilə bağlı hər iki ölkənin sərhəd xidmətləri arasında danışıqlar keçirilib.

AZƏRTAC xəbər verir ki, bu haqda jurnalistlərə Qırğızıstan Dövlət Sərhəd Xidmətinin rəhbəri Ularbek Şarşeev məlumat verib.

O deyib ki, danışıqlar çox gərgin şəraitdə keçib. Qərara gəldik ki, bütün qüvvələr sentyabrın 14-dəki vəziyyətə qaytarılsın. Münaqişənin baş verdiyi Qırğızıstanın Maksad və Tacikistanın Kalarça kəndlərində hər iki ölkənin sərhədçiləri birgə keşik çəkirlər, əlavə qüvvələr geri çəkilib.

Qeyd olunub ki, münaqişədə hansı tərəfin birinci atəş açması da müəyənləşməlidir. Belə ki, bu məsələdə tərəflər bir-birini günahlandırır. Münaqişəyə əsas səbəb olan taciklərin neytral zonada apardıqları tikinti işləri dayandırılıb.

Xatırladaq ki, münaqişə nəticəsində Qırğızıstan tərəfindən bir sərhədçi ölüb, 13 nəfər isə xəsarət alıb. Tacikistan tərəfdən isə 3 hərbçi həlak olub, beş nəfər xəsarət alıb.