19 mart 2019 18:10
898

Qlobal Bakı Forumu: mühüm dialoq platforması

Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumu artıq ənənə halını alıb. Latviyanın sabiq Prezidenti  Vayra Vike-Freyberqin təbirincə desək, bu Forum dünya liderlərinin  illik görüş yeri platformasına çevrilib.

Qeyd edək ki, martın 14-dən 16-dək VII Qlobal Bakı Forumu keçirildi  və hər şeydən əvvəl, qonaqlarının səviyyəsi,  nüfuzlu iştirakçıları   ilə yadda qaldı. Forumda 55 ölkədən 500-dən çox nümayəndə iştirak etdi ki, bu fakt özlüyündə bir qiymətləndirmə göstəricisidir. Nəzərə almaq lazımdır ki, onların içərisində 5 hazırkı prezident, 1 hazırkı baş nazir, 2 baş nazirin müavini və 42 sabiq dövlət və hökumət başçısı, görkəmli siyasətçilər, vətəndaş cəmiyyətinin təmsilçiləri, jurnalistlər, alimlər, gənc liderlər vardı. Bunlar beynəlxalq və milli səviyyəli aktorlar olmaqla hazırda və yaxın keçmişdə dünya siyasətinin formalaşmasında söz sahibi olan insanlardır. Bu fakt isə əslində Forumun beynəlxalq nüfuzunun göstəricisi olmaqla, həm də Azərbaycana olan münasibətin əyani göstəricisidir.

Qlobal Bakı Forumunun builki gündəliyi olduqca aktual - “Dünyanın yeni xarici siyasəti” mövsuzuna həsr olunmuşdu. Bununla yanaşı, plenar iclaslardan sonra 10 paneldə bu mövzudan yaranan  daha bir neçə aktual məsələ müzakirəyə təqdim olundu ki, bunlar da Yaxın Şərqdə təhlükəsizlik məsələlərindən multikulturalizmə qədər, dayanıqlı inkişaf problemindən gənc nəslin xarici siyasət perspektivlərinə qədər  geniş beynəlxalq spektri əhatə edir. Göründüyü kimi, Qlobal Bakı Forumu sadə dillə ifadə etsək, siyasi intellektual müstəvidə dünyanın  yeni çağrışlarının azad şəkildə müzakirə edildiyi bir tribuna rolunu oynayır. Forumdakı çıxışında  ölkəmizin  xarici siyasət kursunu şərh edən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasəti dünyada baş verən proseslərlə sıx  bağlı olan, ancaq  həm də müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kimi xarakterizə edərək bildirdi ki, regionda, dünyada vəziyyət dəyişir və biz xarici siyasət təşəbbüslərimizi dəyişən dünyaya uyğunlaşdırırıq. Bizim xarici siyasətimiz əsas etibarilə sabit, proqnozlaşdırıla bilən, sərbəst  və müstəqildir. Siyasətimiz  xalqımızın  milli maraqlarımıza əsaslanır. Tərəfdaşlıq, dostluq və qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritetlərindən biridir.

Dövlətimizin rəhbərinin bu fikirləri  Azərbaycanın sülhpərvər siyasətinin bütün dünyaya bir daha bəyan edilməsi idi. Bu kontekstdə Ermənistan Azərbaycan Dağlıq Qarabağ probleminin həllinə toxunan Prezident İlham Əliyev Azərbaycanın qətiyyətli və əzmkar mövqeyini dilə gətirib Ermənistanın işğalçılıq siyasətini Forum iştirakçılarının diqqətinə çatdıraraq  bildirdi ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalı davam edir. Bu işğal nəticəsində Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağ və on bitişik  digər yeddi  rayonumuz da  işğal altındadır, bir milyondan çox qaçqın və məcburi köçkün işğaldan əziyyət çəkir. Xalqımız etnik təmizləməyə və əzəli torpaqlarından zorla deportasiyaya  məruz qalıb. İşğal olunmuş ərazilərdəki bütün tarixi abidələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb və bu, işğal olunmuş ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərmiş ATƏT-in hesabatında öz əksini tapıb.

Danışıqları təşkil etmək üçün mandata sahib olan ATƏT-in Minsk qrupu ölkələrinin prezidentləri dəfələrlə bəyan ediblər ki, indiki status-kvo qəbuledilməzdir və dəyişməlidir. Bunu etmək üçün Ermənistan öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmağa başlamalı, qaçqın və məcburi köçkünlərə öz evlərinə qayıtmağa imkan yaratmalıdır. Bu fikirlər dünyada sülh və dialoq istəyən beynəlxalq mərkəzlər tərəfindən bir çağırışdır. Əgər doğrudan da, dünya sülh şəraitində,  sabitlik içərisində yaşamaq istəyirsə, o zaman ikili standartlar siyasətinə son qoyulmalı, beynəlxalq hüququn tələbləri yerinə yetirilməlidir. Qısaca desək, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn müəyyən etdiyi normalara, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə əsasən və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Məhz bu istiqamətdə Azərbaycan tərəfindən həyata keçirlən çoxsaylı qlobal iqtisadi və təhlükəsizlik layihələri, enerji və kommunikasiya layihələri regonda sabitliyi və əməkdaşlığı təmin etməyə hesablanıb ki, bu da həm Avropanın enerji təhlükəsizlyi həm də bütövlükdə regionun ümümi təhlükəsizliyi baxımından çox əhəmiyyətlidir.

VII Qlobal Bakı Forumunun yekunları  açıq şəkildə göstərir ki, Azərbaycan regionda sülhün və dinc yanaşı yaşamağın tərəfdarıdır.

Vəli İlyasov, “İki sahil”