05 iyun 2020 12:04
1146

Qlobal enerji layihələri Azərbaycanın regional mövqelərini gücləndirir

Azərbaycan Türkiyənin enerji bazarında dominant mövqeyə yüksəlməkdədir. Söhbət burada həm neft, həm də qaz bazarından gedir. Faktlar və rəqəmlər sübut edir ki, Azərbaycan Türkiyə və Gürcüstanın neft və qaz sahəsində genişmiqyaslı işlər görüb. Məsələn, məlumdur ki, Azərbaycan Gürcüstanın əsas təbii qaz tədarükçüsü olaraq qalır. Belə ki, ötən il müxtəlif müqavilələr əsasında Gürcüstana idxal olunan təbii qazın 93 faizi Azərbaycanın payına düşüb.

Bundan başqa, Azərbaycan Gürcüstanın neft bazarında da hazırda dominant mövqedədir. Türkiyədə də Azərbaycanın mövqelərinin sürətlə güclənməsi müşahidə edilir. Cari ilin ilk rübünün yekunları Azərbaycanın qardaş ölkənin qaz bazarında artıq lider mövqedə olduğunu göstərir. Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatının yaydığı məlumatlar da bunu təsdiq edir. Qurumun məlumatına əsasən, təkcə mart ayında Türkiyə Azərbaycandan 924 milyon kubmetr təbii qaz idxal edib. Bildirilir ki, martda Türkiyənin Azərbaycandan idxal etdiyi qazın həcmi fevral ayı ilə müqayisədə 65 milyon kubmetr artıb. Azərbaycan martda Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ilk yerdə qərarlaşıb. Bu ilin yanvar-mart aylarında Türkiyə Azərbaycandan 2 milyard 728 milyon kubmetr təbii qaz alıb. Qeyd edək ki, keçən il qardaş ölkənin Azərbaycandan təbii qaz idxalının həcmi 9 milyard 593 milyon kubmetr təşkil edib. Cari ilin sonunda bu rəqəmin daha yüksək həddə çatacağı gözlənir.

Türkiyə Azərbaycan təbii qazını Cənubi Qafqaz Boru Kəməri və TANAP-la idxal edir. Xatırladaq ki, Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib. Hazırda ölkəmiz Gürcüstan və Türkiyəyə “Şahdəniz” yatağının təbii qazını çatdırır. 2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli, planlaşdırıldığı kimi, həmin il iyunun 30-da başlayıb. TANAP boru kəməri ötən il iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP-la bu il 4 milyard kubmetr, 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyəyə nəql ediləcək. TANAP boru kəmərinin ikinci fazası isə keçən il noyabrın 30-da istifadəyə verilib. Cari ilin yanvar-aprel aylarında TANAP boru kəməri ilə Türkiyəyə 1,3 milyard kubmetr təbii qaz göndərilib. İstismara veriləndən bu il mayın 1-dək isə TANAP-la Türkiyəyə 5,1 milyard kubmetrdən çox qaz nəql edilib.

Hazırda Türkiyə ən əlverişli şərtlərlə qazı məhz Azərbaycandan alır. Bu fonda idxal qaz həcminin daha da artması gözlənir. Bu isə o deməkdir ki, Azərbaycan Türkiyənin qaz bazarında liderliyini daha da gücləndirəcək. “Star” neft emalı zavodu və  Türkiyənin ilk neft-kimya zavodu olan “Petkim” şirkəti hesabına Azərbaycan qardaş ölkədə mövqeyini daha da gücləndirir. Xatırladaq ki, Azərbaycan “Star” layihəsinə 6,3 milyard dollar həcmində sərmayə qoyub. Zavodda ildə 10 milyon ton xam neftin emalı mümkündür. SOCAR 2008-ci ildə Türkiyənin ilk neft-kimya zavodu olan “Petkim” şirkətinin səhmlərinin 51 faizini 2,04 milyard dollara alıb. Ötən illər ərzində “Petkim”ə 800 milyon dollaradək investisiya qoyulub. Bundan başqa, SOCAR-ın Türkiyədə inşa edəcəyi yeni neft-kimya kompleksi 2024-cü ildə istifadəyə veriləcək. Bu layihəyə isə təxminən 1,8 milyard dollarlıq investisiya qoyuluşu nəzərdə tutulur. 2020-ci ilin sonu 2021-ci ilin əvvəlində zavodun inşasına başlanması gözlənir. Bu zavod sayəsində Türkiyənin saf tereftal turşusu (PTA) idxalı sıfıra enəcək. Hazırda “Petkim” Türkiyənin neft-kimya məhsuluna tələbatının 18 faizini ödəyir. Yeni layihənin reallaşması nəticəsində bu rəqəm 40 faizədək artacaq.

Cavid Əkbərov,

“İki sahil”