05 iyul 2019 19:05
174

Qlobal güclər: yeni münasibətlər mərhələsinə keçid

“Newtimes.az” portalında “Qlobal güclər: yeni münasibətlər mərhələsinə keçid” sərlövhəli məqalə dərc edilib. AZƏRTAC məqaləni təqdim edir.

Siyasi təhlilçilər dünyanın böyük gücləri olan ABŞ, Rusiya və Çin arasında münasibətlərdə dəyişikliklərin müşahidə edildiyindən yazırlar. Osakada “Böyük iyirmilər” (G20) qrupunun sammitində ifadə edilən fikirlərin işığında bu iddia maraqlı görünür. Orada Amerika, Rusiya və Çin rəhbərləri düşündürücü mesajlar veriblər. Onların sırasında V.Putinin liberalizm haqqında dedikləri daha çox əks-səda doğurub. D.Tramp da Çinlə ticarət müharibəsinin sona çata biləcəyi barədə fikir bildirib. O, ayrıca, Çin mallarına əlavə verginin tətbiq edilməyəcəyini bəyan edib. Türkiyə haqqında da ədalətli fikirlər ifadə edib. Amerika Prezidenti, faktiki olaraq, Vaşinqtonun Yaxın Şərqin bu böyük dövlətinə qarşı haqsız davrandığını və öz səhvini aradan qaldırmalı olduğunu ifadə edib. Bunlardan Vaşinqton administrasiyasının xarici siyasətdə müəyyən düzəlişlər etdiyi barədə fikir formalaşır. Onların prizmasından ABŞ-Rusiya və ABŞ-Çin münasibətlərinin dinamikasının geosiyasi konteksti maraq kəsb edir. Məsələnin bu aspekti üzərində geniş dayanmağa ehtiyac görürük.

Liberalizmin tənqidi: Putin dünyanı heyrətləndirdi

G20 ölkələrinin Osakada keçirilən sammiti göstərdi ki, dünyanın böyük geosiyasi gücləri arasında mübarizə yeni çalarlar alır. Bu, daha çox ABŞ, Rusiya və Çin arasında olan münasibətlərə aiddir. Bu ölkələrin rəhbərlərinin Yaponiyada apardıqları müzakirələrin məzmunundan ekspertlər belə bir nəticə hasil edirlər. Əlbəttə, qiymətləndirmələr fərqlidir. Ekspertlər bir sıra hallarda simpatiya və ya antipatiyalarını cilovlaya bilməyib, hansısa bir tərəfin xeyrinə fikir yürüdürlər. Ancaq bütövlükdə, qlobal miqyasda yeni qüvvələr nisbətinin formalaşmaqda olduğu aydın şəkildə görünməkdədir.

Ekspertlər daha çox V.Putinin Qərb liberalizmi ilə bağlı dediklərini analiz edirlər. Rusiya Prezidenti “The Financial Times” qəzetinə verdiyi müsahibədə artıq Qərb liberalizminin ideoloji konsept olaraq köhnəldiyini ifadə edib. Bunu bir sıra Rusiya ekspertləri “böyük aşağılama” kimi qiymətləndiriblər. Bütövlükdə isə, Rusiya Prezidentinin mediamüharibəni udmaqda olduğunu iddia edirlər (bax: Большое унижение от Путина: кажется, он выигрывает медиавойну / “Россия сегодня”, 29 iyun 2019).

Doğrudan da, Qərb mətbuatı V.Putinin bu fikrinə geniş yer verməkdədir. Siyasətçilər də münasibət bildirirlər. Onların bir qismi həmin tezislə razılaşır, digərləri isə əksini söyləyirlər. V.Putinin D.Trampı liberalizmin böhranı fonunda “ağıllı siyasətçi” kimi xarakterizə etməsi xüsusi müzakirə mövzusuna çevrilib. Daha maraqlısı odur ki, Rusiyanın dövlət başçısı miqrantlara qarşı Avropa cəmiyyətlərində olan sərt mövqeni müdafiə edib. Konkret olaraq, V.Putin deyib ki, əgər miqrant qanunu pozursa, cəzasını almalıdır, ona niyə güzəşt olmalıdır?.

Belə görünür ki, V.Putinin müsahibədə ifadə etdiyi fikirlər xüsusi texnologiya ilə təbliğ edilir və bu zaman Qərb cəmiyyətinin ictimai rəyinə təsir etmək məqsədi güdülür. Aydın görünür ki, Rusiya Qərbin əsas ideoloji sistemini silkələyən fikirlər ifadə edib. Bunu SSRİ dağılandan sonra Qərbə qarşı aparılan ən güclü ideoloji həmlə hesab etmək olar. Çünki Avropada “soyuq müharibə”nin məhz liberal dəyərlər hesabına udulduğu fikri beyinlərə tam yerləşdirilib. Əgər bu məqamda hansısa şübhə yaranacaqsa, bu, dolayısı ilə SSRİ üzərində ideoloji qələbənin sadəcə miraj olduğu anlamına gəlir. Yəni reallıqda Qərb uduzub, özünü mənəvi uçuruma sürükləyir.

Bu fikri söyləməklə, əslində, V.Putin informasiya müharibəsində başqa bir cəbhə açır. Belə ki, o, D.Trampı tərifləyir. Qərbdə isə Amerika Prezidentini sağ populist olaraq qiymətləndirir və ona qarşı kəskin mübarizə aparmağa çalışırlar. Hesab edilir ki, sağ populizmin Avropada yayılmasına ilham verən məhz D.Trampdır. Avropalı analitiklərin qənaətlərinə görə, bu istiqamət Avropanı mənəvi və ideoloji aspektlərdə parçalayır, avropasentrizmi inkar edir ki, bu da, təbii olaraq, Avropada inteqrasiya prosesinə ciddi maneə törədir.

İndi V.Putinin fikirlərinə məhz bu kontekstdə nəzər salaq. Belə məlum olur ki, Rusiyanın dövlət başçısı D.Trampı ideoloji kontekstdə tərifləməklə Avropada müəyyən siyasi qüvvələrə mesaj verir, onları hazırkı Qərb siyasi elitasına qarşı daha geniş və qətiyyətli mübarizə aparmağa çağırır. Bu da, faktiki olaraq, Avropa İttifaqı daxilində siyasi-ideoloji mübarizəni qızışdırmaq deməkdir. Maraqlıdır ki, Avropa ekspertləri bu məqamı dəfələrlə vurğulayırlar, ancaq, görünür, qəbul edənlər azdır.

Hər bir halda, Rusiya Prezidenti Qərb siyasi və ekspert dairələri üçün geniş müzakirə mövzusu ortaya atıb. Proseslər bu istiqamətdə davam etsə, irəlidə daha dərin çatlar meydana gələ bilər. Bunun Aİ üçün nə demək olduğunun izahına ehtiyac yoxdur. Deməli, ekspertlərin iddia etdiyi kimi, Rusiya informasiya müharibəsində son 25 ildə müşahidə edilməyən bir mərhələyə başlayır. İndi Kreml sosialist ideologiyasını məğlub edən ideoloji sistemin özünü çətin vəziyyətə salır. Maraqlıdır ki, bu prosesdə D.Tramp da Rusiya üçün müsbət rol oynamaqdadır. Və ya ola bilsin ki, sadəcə, belə bir görüntü vardır.

Rusiyanın ideoloji sferada atdığı bu addımın fonunda ABŞ-Rusiya və ABŞ-Çin münasibətlərinin geosiyasi dinamikası da maraq doğurur. Amerika Prezidenti rusiyalı həmkarını xeyli tərifləyib. Hətta ona “əla oğlandır” deyib. Lakin müzakirələrdə konkret razılıq barədə informasiya yox dərəcəsindədir. Məsələn, İranla əlaqədar Kreml öz mövqeyini müdafiə edir və Ağ Evə güzəştə getmək fikrində deyil. Nüvə silahları ilə bağlı imzalanmış üçüncü müqavilə ilə əlaqədar da hər hansı razılıq əldə edilməyib.

Osaka görüşündən öncə Qərb rəsmi dairələri ultimatum xarakterli fikir bildirmişdilər: Rusiya orta və qısamənzilli silahlarını məhv etməlidir, əks halda, cavabını alacaqdır. İndi isə aydın olur ki, tərəflər müzakirələri davam etdirməkdən başqa bir şeydə ortaq fikrə gəlməyiblər. Deməli, verilən vədlərə baxmayaraq, ABŞ-Rusiya münasibətləri müəyyən deformasiyaya uğrayıb. İndi onlar daha açıq formada mübarizə aparmağa hazırlaşırlar. Bunun daha çox geosiyasi və ideoloji müstəvidə özünü göstərəcəyini proqnozlaşdırmaq olar.

Moskvanın addımlarından aydın olur ki, o, daha açıq və qətiyyətli mövqe tutmaqda qərarlıdır. Artıq o, bütün istiqamətlərdə hücuma keçib. Deyilənlərin fonunda V.Putinin dünya KİV-lərində populyarlığının getdikcə artması maraqlı təsir bağışlayır. D.Trampın da xarakterini nəzərə alsaq, mübarizənin gərgin olacağını təxmin etmək mümkündür. Konkret desək, dünyanın müxtəlif regionlarında və qlobal ticarətdə ABŞ-Rusiya qarşıdurmasının daha da kəskinləşəcəyini proqnozlaşdırmaq mümkündür.

Amerika-Çin münasibətləri də kifayət qədər maraqlı ssenari üzrə dəyişir. D.Trampla S.Szinpinin Osaka görüşündən sonra ticarət müharibəsinin olmayacağı haqqında informasiyaların yayılması və üstəlik, Amerika Prezidentinin Şimali Koreya ərazisində Kim Çen Inla görüşməsi ekspertlər tərəfindən qlobal geosiyasətin ciddi məqamları kimi təqdim edilir. Bunu həm ABŞ-Çin münasibətlərində yeni dinamika, həm də bütövlükdə, ABŞ-ın dünya siyasətinə təsirinin yeni məzmun kəsb etməsi kimi qiymətləndirirlər. Görünür, Vaşinqton intriqalardan çox, qarşı tərəfi ələ almaqla nüfuzunu artırmaq istəyir. Bu baxımdan, Pekinlə ticari problemləri yoluna qoya bilsə, Amerika kifayət qədər şans əldə etmiş olar. Təbii ki, Çin də böyük bir çətinlikdən yaxa qurtarmış olar.

Ancaq bunlar daha çox ehtimallardır. Reallıqda nələrin olacağını zaman göstərəcək. Bununla yanaşı, qüvvələr nisbətinin bu tərzdə dəyişməyə başlamasının nəticələri üzərində düşünmək olar. Deyək ki, bir sıra məsələlərdə həssaslıq nümayiş etdirən supergüclər Yaxın Şərqdə real barışın əldə edilməsi üçün konkret addımlar atmırlar. Əksinə, orada vəziyyəti daha da kəskinləşdirən proseslər özünü göstərməkdədir. Türkiyə Prezidentinin bununla bağlı təkliflərinə rəğmən, Vaşinqton və Moskva susur. Belə çıxır ki, ikili standartlar qalmaqdadır. Ümumilikdə, qlobal miqyasda qüvvələr nisbətinin hansı konfiqurasiyada dəyişməsinə baxmayaraq, dünya rahat nəfəs almaq məqamından uzaq görünür.

Bunun fonunda Osakada verilən bəyanatlar geosiyasi mübarizənin daha aktual məqamlar üzrə davam edəcəyi ehtimalını artırmış olur. O cümlədən müxtəlif regionlarda münaqişələrin həlli ilə bağlı təsirli addımların atılmasına inam azalır. Cənubi Qafqazda, Gürcüstanda baş verənlərin və Ermənistanın qeyri-konstruktiv mövqedə qalmasının fonunda geosiyasi risklərin azalmadığı qənaəti yaranır. Bu baxımdan, qlobal güclərin yeni səviyyədə mübarizəyə start verməsinin arxasında bu region üçün nələrin dayandığını proqnozlaşdırmaq asan deyil. Sülh, yoxsa müharibə? Barış, yaxud qarşıdurma? Bu suallara Cənubi Qafqazda cavab hələlik aydın deyil.