06 iyul 2020 18:19
1450

Qlobal liderlik keyfiyyətləri

Prezident İlham Əliyevin BMT-nin xüsusi sessiyasının keçirlməsi təklifinin dəstəklənməsi ölkəmizin başçısına göstərilən böyük etimaddır

Dünya əhalisinin sağlamlığına və həyatına ciddi təhlükə yaradan koronavirusun (COVID-19) qarşısını almaq, onu birdəfəlik ləğv etmək təəssüf ki, hələlik tibb elminə müyəssər olmayıb. Hətta elm və tibb sahəsində ən öndə gedən Avropa ölkələri belə bu virusun qarşısında aciz qalıblar. Ümümdünya Səhiyyə Təşkilatının açıqladığı son acı statistika isə belədir: dünyada 11 milyondan çox insan koronavirusa yoluxub, 535 min insan həyatını itirib.

Təbii ki, koronavirus pandemiyası insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər, mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr də yaradıb. Məhz indi bu ağır durumda-dünya müharibəsi ilə müqayisə olunan COVID-19 pandemiyası şəraitində özünütəcrid və franqmentar xarakter daşıyan tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac vardır. Dünyada COVID-19 pandemiyasının başlanmasından etibarən bu tendensiyanı yüksək dəyərləndirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır.

Təəssüf ki, bu günə kimi beynəlxalq münasibətlər sistemində BMT və onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu görünmür, dünyanın aparıcı ölkələri qlobal liderlik əzəzinə geosiyasi rəqabət və özünütəcridə kökləniblər. Böyük dövlətlər və beynəlxalq təşkilatlardan qlobal liderlik gözlənilsə də bu, baş vermir. Daha çox özünütəcrid, milli eqoizm xarakteri daşıyan və fraqmentar addımlar atılır. Hətta BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarının çağırılması təşəbbüsü fikir ayrılığına görə baş tutmadı. BMT Baş Məclisi çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülsə də onların da əksəriyyəti uğurla nəticələnmədi və yalnız deklarativ mətnlərlə yekunlaşdı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının videokonfrans vasitəsi ilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşündə ölkəmizin başçısı qeyd etmişdir ki, qlobal pandemiya bütün dövlətlərə mənfi təsir edir və biz yalnız qarşılıqlı dəstək və birgə səylərlə pandemiyaya qalib gələ bilərik. Ölkə Prezidenti virusun qlobal problemə çevrilməsini nəzərə alraq onunla mübarizədə beynəlxalq əməkdaşlıq və həmrəyliyin zəruri olmasını vurğulamışdır və gündən-günə müasirləşən, yeniləşən, dünya birliyinin bir parçasına çevrilən Azərbaycan dövlətinin xoş niyyətini, xeyirxah mövqeyini ortaya qoymuşdur. Azərbaycan Prezidenti liderlik nümayiş etdirərək pandemiyaya qarşı mübarizədə bütün dünya üçün dəyərli olan çağırışlar və son dərəcə önəmli ideyalarla çıxış etmişdir. Cənab İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi BMT-nin Baş Assambleyasının COVİD-19-a həsr olnumuş xüsusi sessiyasının keçirlməsinə dair təşəbbüs irəli sürmüşdür. Dünyanın 130-dan artıq dövlətinin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsü, böyük rəğbətlə qarşılanmış, vaxtında və çox ehtiyac duyulan təklif kimi dəyərləndirilmişdir. Qoşulmama Hərakatının Zirvə görüşündə iştirak edən dövlətlər BMT-nin Baş katibinə müraciət ünvanlamış və bu aktual təşəbbüs beynəlxalq həmrəyliyin, qlobal məsuliyyətin nümunəsi kimi qəbul olunmuşdur. Cənab İlham Əliyevin dünyanı lərzəyə salan koronavirus infeksiyasının qarşısının alınması məqsədi ilə səsləndirdiyi müdrik fikirlər onun yorulmaz, çoxcəhətli, məqsədyönlü, yaradıcı, yenilikçi fəaliyyətinin parlaq bir səhifəsidir. Bu, həm də ölkəmizin böyük diplomatik uğurudur, tarixi nailiyyətidir. Ölkə Prezidentinin bəşəriyyət üçün son dərəcə böhranlı zaman kəsiyində atdığı addımın, irəli sürdüyü unikal təşəbbüsün dünya dövlətləri tərəfindən müsbət qarşılanması onun milli maraqları və ümumbəşər dəyərlərə söykənən siyasətinin böyük qələbəsidir.

Məhz ölkəmizin koronavirus pandemiyasına qarşı əməkdaşlığın birləşdirilməsi məqsədi ilə BMT-nin Baş Assambleyasının xüsusi sesiyasının çağrılması barədə təşəbbüsü ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş olmasından xəbər verir və Azərbaycanın gündən-günə dünyaya daha çox inteqrasiya etməsinin təsdiqidir. Bu, həm də onun göstəricisidir ki, Azərbaycan beynəlxalq birliyin ən nüfuzlu ölkələrindən biri kimi qəbul edilir və cənab İlham Əliyev qlobal düşüncəyə və qlobal liderliyə malik olan dövlət başçısı kimi dəyərləndirilir.

Digər mühüm fakt isə odur ki, ölkəmizin dostluq, əməkdaşlıq və həmrəyliyə söykənən uğurlu xarici siyasəti dünya dövlətlərinin Azərbaycanın irəli sürdüyü təşəbbüsə qoşulması üçün əlverişli zəmin yaradır. Ölkə başçımız BMT Baş Assambleyasının dövlət və hökümət başçıları səviyyəsində videokonfrans vasitəsi ilə COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə olan bu dəstək ölkəmizə, onun liderinə etimaddan qaynaqlanır və böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, bu amil həm nüfuzlu beynəlxalq təşkilatlatların, həm də dünya ölkələrinin Azərbaycana rəğbətinin əyani göstəricisidir.

Azərbaycan Prezidenti, eyni zamanda, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin beynəlxalq problemlərə müdrik şəkildə yanaşması və qlobal liderlik keyfiyyətləri nümayiş etdirməsi ölkə vətəndaşlarında, o cümlədən YAP üzvlərində böyük qürur və iftixar hiss yaradır. Məhz bu səbəbdən də xalqımızın bir hissəsi kimi biz YAP üzvləri də bu işdə cənab Prezidentə dəstək olmağa səfərbər olmuşuq. Bu, acı həqiəqətdir ki, təcavüzkar Ermənistan COVID-19-a qarşı beynəlxalq həmrəyliyə çağrışın əleyhinə səs verən yeganə ölkədir. Bununla da bu rəzil ölkə öz yaramaz mahiyyətini bir daha sübut etmiş oldu.

Nikbinliklə bildirmək lazımdır ki, məhz BMT-nin Baş Assamleyasının xüsusi sessiyası pandemiyaya qarşı mübarizədə ölkələr arasında sıx həmrəyliyi təmin edəcək, beynəlxalq əməkdaşlığı daha da gücləndirəcək və bu qlobal təhlükənin aradan qalxması üçün bütün səy və imkanları birləşdirəcək və bəşəriyyətin COVID-19 üzərində qələbə qazanmasına xidmət edəcəkdir.

Hafis Bəşirov,

YAP Hacıqabul rayon təşkilatının sədri