19 fevral 2019 12:10
1023

Qolqəti kəndində seçicilərlə görüş

Yeni Azərbaycan Pariyası Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanov rayonun Qolqəti kəndində yaşayan seçicilərlə görüşüb.

C.Osmanov son 15 il ərzində Azərbaycanda görülən işlərdən və əldə olunan uğurlardan bəhs edərək bildirib ki, dünya birliyinin layiqli üzvü olan müstəqil Azərbaycan bu gün ümummilli liderimiz Heydər Əliyevin müdrik strategiyasını uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin düzgün düşünülmüş və zamanın çağırışlarına uyğun məqsədyönlü siyasəti nəticəsində iqtisadi keçid dövrünü başa vuraraq modern inkişaf yolunda inamla irəliləyir. Ağdaş rayonu da daxil olmaqla ölkənin hər bir bölgəsində kənd yollarının yenidən qurulması, yaşayış məntəqələrinin içməli su, təbii qaz, elektrik enerjisi və genişzolaqlı internet xidmətləri ilə təmin olunmasından söhbət açan Milli Məclisin deputatı bütün bu işlərin ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi yorulmaz siyasətin bəhrəsi olduğunu vurğulayıb.

Görüşdə çıxış edən kənd sakinləri Oktay Muxtarov, Tariyel Günəşov və Süleyman Cəfərov bildiriblər ki, Azərbaycanın davamlı inkişafını hər bir vətəndaş gündəlik həyatında hiss edir və yaranan problemlər vaxtında dövlətimiz tərəfindən həll edilir.

Milli Məclisin deputatı Cavid Osmanov Ağdaş şəhər sakini, I qrup əlil Ruslan Vahid oğlu Babayev ilə də görüşüb. Əlilin yaşadığı evdə keçirilən görüşdə Cavid Osmanov Ruslan Babayevin sağlıq durumu ilə maraqlanıb, onunla və ailə üzvləri ilə səmimi söhbət edib.

R.Babayev onlara göstərilən diqqət və qayğıya, isti münasibətə görə dövlət başçımız İlham Əliyevə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Orxan Vahidoğlu, “İki sahil”