22 oktyabr 2020 18:04
1756

Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!

Dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, Ordumuzun gücü, qüdrəti sayəsində Azərbaycanın Birinci vitse-prezidentinin bu istəyi reallığa çevriləcək, üçrəngli bayrağımız bütün işğal altında olan torpaqlarımızda dalğalanacaq

Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin müxtəlif  istiqamətlərdən hücumlarına  Azərbaycan Ordusunun cavabı bütün gənclərimizdə, vətəndaşlarımızda vətənpərvərlik hissini daha da alovlandırdı. Əks-hücum əməliyyatlarının  nəticəsi olaraq demək olar ki, hər gün qələbə xəbərlərini eşidirik, bütün işğal altında olan torpaqlarımızda Azərbaycan bayrağının sancılacağına əminliyimiz hər an artır. Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərinin sıralanmasının davamlı olacağına heç kimdə şübhə yoxdur. Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə xalqa müraciətində bildirmişdir ki,   hər dəfə xalqıma müraciət edərkən xoş xəbərlər çatdırıram. Eyni zamanda, demək olar ki, hər gün öz “Twitter” hesabımda, “Twitter” vasitəsilə işğaldan azad edilmiş yeni kəndlərin, şəhərlərin adlarını çəkirəm: “Mən bilirəm ki, Azərbaycan xalqı bu xəbərləri hər gün gözləyir, hər gün! Hər gün, hər saat ki, nə vaxt bu xəbər olacaq, nə vaxt bu xəbər çıxacaq? Amma istəyirəm, əziz xalqım bilsin ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir. Çünki təkcə orada qurulmuş istehkamlar deyil, eyni zamanda, azad edilmiş torpaqların hərbi relyefi də ermənilər üçün daha sərfəlidir. Çünki biz indi həm onların istehkamlarına, onların toplarına, onların raketlərinə qarşı, eyni zamanda, təbii relyefə qarşı vuruşmalıyıq və torpaqlarımızı işğalçılardan qarış-qarış azad edirik. Çox çətin məsələdir. Gün gələcək, bu haqda geniş məlumat veriləcəkdir. Əminəm, Azərbaycan xalqı yaxşı başa düşür ki, bu gün nəyi demək mümkündürsə onu deyirik. Çünki döyüşlər gedir və biz istəyirik ki, tezliklə bu döyüşlər başa çatsın, tezliklə ərazi bütövlüyümüz bərpa edilsin. Ona görə hesab edirəm ki, Azərbaycan ictimaiyyətinə verilən məlumat və məlumatın həcmi tam kifayətdir.”

İşğalçı dövlət bir daha Azərbaycan Ordusunun hansı imkanlara malik olduğunun, ən əsası sərsəm bəyanatları ilə ordumuz haqqında yaratdıqları fikirlərin  yanlışlığının şahidi olurlar. Bu gün cəbhə bölgələrimizdən gələn qələbə  xəbərləri Azərbaycan dövlətinin, xalqının gücünü göstərir. Rəsmi Bakı daim ən yüksək tribunalardan bəyan edir ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yoluna üstünlük veriləcəyi şəksizdir. Onda Ermənistan və onun havadarları Azərbaycanın bu bəyanatını sülh danışıqlarından imtina kimi dəyərləndirirdilər. İşğalçı dövlət bir qədər də irəli gedərək belə bir sərsəm bəyanatla çıxış edirdi ki, Azərbaycan hərb yolunu seçərsə uduzacağı şəksizdir. Otuz il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atır, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradırdı. Cənab İlham Əliyevin bəyan etdiyi kimi, haradadır bu “yenilməz Ermənistan ordusu?. Görün, necə qaçır bizim qabağımızdan: “Bu, mif idi, bu, yalan idi. Bunu biz yerə vurduq.»

Dünya xalqımızın orduya dəstəyini hələ ermənilərin  12 iyul təxribatında şahidi olmuşdu.  Bu  əhval-ruhiyyə istər onların Orduya dəstək adı altında keçirdikləri yürüşlərdə, istərsə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə könüllü olaraq  çoxsaylı müraciətlərində öz əksini tapdı.  Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyevin çağırışına səs verən  onminlərlə   vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar. Vətənpərvərlik hissinin göstəricisi kimi qəbul edilən bu statistika, eyni zamanda, dövlətimizin başçısı İlham Əliyevin  Azərbaycanda qismən səfərbərlik elan edilməsi haqqında Sərəncamından irəli gələn tapşırıqların icrasında  vətəndaşlarımızın böyük  ruh yüksəkliyi ilə iştirak etdiklərinin təsdiqidir. Xalq-dövlət, xalq-ordu birliyi qarşıya qoyulan hər bir hədəfə çatmaq üçün stimulverici amil rolunu oynayır. Orduya dəstək hər bir vətəndaşın borcudur. Vətəndaşlarımızın vətənpərvərliyi, onların səfərbərlik elan olunmasına dəstəkləri, ordu sıralarında qulluq etmək niyyətləri sevindirici və qürurverici haldır. 

Dövlətimizin başçısı İlham Əliyev hər zaman çıxışlarında gənclərimizin milli ruhda tərbiyəsini vacib amil kimi önə çəkərək bu fikri də xüsusi qeyd edirdi ki, gənclərin tərbiyə olunması, əlbəttə, ilk növbədə, ailələrdə baş verir: «Mən çox şadam ki, Azərbaycan cəmiyyəti əsrlər boyu ailə dəyərlərini qoruyub saxlaya bilib. Ailədə verilən tərbiyə xalqımızın gələcəyini də təmin edəcəkdir. Ancaq bununla paralel olaraq, bizim həm orta, həm də ali məktəblərdə tərbiyə işinə yüksək, böyük diqqət verilməlidir. Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalı, Vətənə bağlı olmalıdırlar, Vətəni sevməlidirlər. Xüsusilə, bu gün hər bir vətənpərvər Azərbaycan vətəndaşı öz Vətəni ilə fəxr edə bilər. Azərbaycan bu gün istənilən sahədə böyük uğurlar əldə edib.»

Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirən dövlətimizin başçısı vurğulayır ki,  çünki sirr deyil ki, bu gün bəzi hallarda bəzi xarici dairələr gənclərimizin beyinlərini zəhərləmək, onlara xalqımıza yad olan dəyərləri aşılamaq istəyirlər. Buna qətiyyən yol vermək olmaz. Azərbaycan gənci Azərbaycan dəyərləri əsasında tərbiyə almalıdır. Onlar  öz tarixini, ədəbiyyatını, ana dilini mükəmməl bilməlidir: «Mən gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə əlaqədar gedən prosesləri müsbət qiymətləndirirəm. Mən görürəm ki, yeni, müasir nəsil yetişir. Müstəqillik dövründə doğulmuş və ya formalaşmış nəsil yetişir. Müasir, vətənpərvər və mənəvi cəhətdən sağlam yeni nəsil ölkəmizin gələcəyini müəyyən edəcək. Ölkəmizin müstəqilliyi, firavanlığı onlardan asılı olacaq. Onlar milli maraqları bizim qədər, heç nəyə baxmadan müdafiə etməlidir. Heç bir təzyiqə, hədə-qorxuya, əsassız ittihamlara baxmayaraq, Vətən məhəbbəti və milli dəyərlər onlar üçün hər şeydən üstün olmalıdır.»  Ölkə Prezidenti İlham Əliyevin bu tezisləri  ulu öndər Heydər Əliyevin "Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir" çağırışının davamı kimi dəyərləndirilir.

Ümumi  məqsəd gənclərin azərbaycançılıq ruhunda tərbiyə olunması, Vətənə bağlılıqlarıdır.  Əvvəldə də qeyd etdiyimiz kimi, tariximizi öyrənmək və qorumaq hər kəsin vətəndaşlıq borcudur.  Azərbaycanın xarici siyasətinin əsas məsələsi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın diplomatik mübarizədə qələbəsinin xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alsaq, hər bir Azərbaycan gənci ermənilərin 200 illik  işğalçılıq siyasətinin yaratdığı faciələr barədə məlumatlı  olaraq həqiqətlərimizin təbliğində fəal iştirak etməlidirlər. Zaman-zaman tarixin ayrı-ayrı dövrlərində havadarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirən Ermənistanın 1988-ci ildə əsassız torpaq iddiasının baş qaldırması nəticəsində yaranan və 30 ildən artıqdır dünyadan ədalətli yanaşma gözləyən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti barədə gənclərimizin dolğun məlumata malik olması, hücum diplomatiyasına öz dəstəklərini göstərməsi bugünümüzün əsas çağırışları sırasındandır.

«Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz» söyləyən cənab İlham Əliyev bu gün tarix yazan Azərbaycan Ordusunun qələbə xəbərlərini hər gün xalqımıza çatdırmaqla, eyni zamanda, gənclərimizin Vətən, torpaq sevgisindən qaynaqlanan döyüş ruhlarının artmasından qürurlandığını nümayiş etdirir. Dövlətimizin başçısı İlham Əliyev daim bildirir ki, şəhidlərimizin qanı yerdə qalmayacaq və qalmır. Azərbaycan Ordusu bu qisası döyüş meydanında alır.

Azərbaycan Ordusunun qələbə əzmi, döyüş ruhu qarşısında aciz duruma düşən erməni ordusu  silah-sursatı  qoyub qaçır, açıq-aşkar Silahlı Qüvvələrimizin gücünü etiraf edir. Bu gün Ordumuz, eyni zamanda, 30 ilə yaxın icrasını gözləyən beynəlxalq  təşkilatların qərar və qətnamələrinin, beynəlxalq hüquq normalarının mövcudluğunu dünya dövlətlərinin yadına salmaqla yanaşı, qəbul etdirir. Diqqət çəkən əsas məqam ötən bu müddətdə danışıqlar prosesinin bərpa olunmasına çalışmayan dövlətlər, təşkilatlar ayağa qalxıb, işğalçı Ermənistandan sülh danışıqları masasına oturmağı tələb edir. Amma sual olunur- Niyə bu dövlətlər belə fəallıq göstərmirdilər? Dünya bir daha bu reallığın şahidinə çevrildi ki, Azərbaycan bir qarış torpağını belə düşmənə verməyəcək.

Dağlıq Qarabağ münaqişəsinin həllində vacib olan amillərdən bəhs edərkən dövlətin qətiyyəti, xalqın iradəsi, beynəlxalq dəstək və güclü Ordu xüsusi önə çəkilirdi. Bu gün dövlətimizin qətiyyəti, xalqın iradəsi, Ordumuzun gücü, qüdrəti sayəsində işğalçı Ermənistana yeri göstərildi, işğal altında olan torpaqlarımız azad olunur, düşmənin hərbi texnikası məhv edilir və qənimət kimi götürülür. Zəfər sənindir, Azərbaycan əsgəri!     

Azərbaycanın prinsipial mövqeyi var. Bizim ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil, olmayıb və heç vaxt olmayacaqdır. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bütün münaqişələr öz həllini bir prinsip əsasında tapmalıdır. Xalqların öz müqəddəratını təyinetmə prinsipi ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və Helsinki Yekun Aktı məhz bunu diktə edir. Münaqişənin həlli ilə bağlı  prinsipial mövqeyimizdən dönməyəcəyik.

Ermənistan rəhbərliyi çıxılmaz vəziyyətə düşdüyünü anlayır, cəbhə xəttində  təxribatlar törətməklə və vəziyyəti gərginləşdirməklə Azərbaycanın diplomatik uğurlarını və beynəlxalq aləmin münaqişənin ədalətli həlli ilə bağlı qəti mövqeyini neytrallaşdırmağa çalışır.

Bütün bu olaylar ermənilərin və erməni diasporunun bu günə qədər apardıqları təbliğatın nə qədər yalan və əsassız olduğunu nümayiş etdirir. Əbəs yerə deyilmir ki, hadisələrə ən böyük dəyəri zaman özü verir. Yalan ayaq tutsa da, yeriməz. Ermənistanın təxribatlara daha çox meyilli olması danışıqlarlar prosesində maraqlı olmadığının bariz göstəricisidir. Dövlətimizin başçısı  Azərbaycan xalqının  mənasız danışıqlardan bezdiyini  ifadə edir.  Ona görə bu məsələ ilə məşğul olanlar və bu illər ərzində öz vasitəçilik təkliflərini irəli sürənlər bu haqda düşünsünlər. Azərbaycan xalqının səbri tükənməz deyil. Azərbaycanın güclü ordusu var.  Bu gün xalq-iqtidar birliyi Azərbaycanda sabitliyin inkişafının əsas şərtidir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir addım geri atılmayacaq.  Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və ölkəmizin bu məsələ ilə bağlı fikri qətidir.

Bunlar tariximizlə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqlarımızdır. Dövətimizin başçısı İlham Əliyev bu həqiqətlərin gənclərə çatdırılması ilə bağlı daim çağırışlar edir və bildirir ki, onlar dövlət maraqlarımızı qorumalı, müstəqilliyimizin daha da möhkəmləndirilməsinə öz töhfələrini verməlidirlər. Azərbaycan gəncliyi sağlam düşüncəli, vətənpərvər gənclikdir. Ermənilərin 27 sentyabrdan bu günədək  hərbi təxribatlarına Azərbaycan ordusunun cavabları  bir daha  Vətənə bağlılığın aydın mənzərəsini yaradır. Dövlətimizin başçısı İlham Əliyevə təbrik və minnətdarlıq məktublarında da bütün ölkə vətəndaşları, xüsusilə  gənclərimiz onun ətrafında sıx birləşdiklərini, işğal altında olan torpaqlarımızı azad etməyə hər zaman hazır olduqlarını bildirirlər.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva hər zaman cəbhədən gələn qələbə xəbərlərini paylaşarkən bu fikri dönə-dönə qeyd edir ki, Azərbaycan dövləti heç vaxt başqasının torpaqlarına iddialı olmayıb, heç zaman insanlığa qarşı cinayət törətməyib. Azərbaycan Ordusu başqa dövlətin torpaqlarına ayaq basmayıb, o, doğma torpağını qoruyur və onun uğrunda döyüşür!  Azərbaycan Ordusu öz Vətənini müdafiə edərək uğurlu əks-hücum əməliyyatı keçirir və Azərbaycanın işğal altında olan ərazilərini azad edir: «Azərbaycan dövlətinə və xalqına dəstək olaraq öz prinsipial və ədalətli mövqeyini nümayiş etdirən bütün insanlara, təşkilatlara və dövlətlərə dərin təşəkkürümü bildirirəm. İlk növbədə, qardaş Türkiyə xalqına və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana minnətdaram. Onların həmrəyliyi və mənəvi dəstəyi bu gün hər bir azərbaycanlıya qürur hissi yaşadır. Azərbaycanın bütün əsgərlərinin, zabitlərinin həyatı və sağlamlığı üçün dua edirəm! Bu gün biz azərbaycanlılar niyyətimizlə, hərəkət və dualarımızla misli görünməmiş birlik göstəririk. Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun! Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!»

Qeyd etdiklərimiz fonunda bu ümumiləşdirməni apara bilərik ki,    vahid amal vətənpərvərlik,  torpağa, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaqdır.

Yeganə Əliyeva, «İki sahil»