KÖŞƏ

Vəli İlyasov

Qrantyeyən antimilli ünsürlər

21 iyun 2019 20:34
2375

Son vaxtlar xaricdəki erməni diasporunun, eləcə də anti-Azərbaycan dairələrin nökərinə çevrilən radikal qruplar sosial şəbəkələrdə dövlətimiz əleyhinə çıxışlarının sayını artıraraq mənfur siyasi maraqlarına uyğun spekulyasiyalara rəvac verirlər. Zəhmət çəkmədən külli miqdarda pul əldə etmək, harın həyat eşqi ilə xarici ölkələrə səpələnmiş bir ovuc şəxs bu çirkin yolda şeytanla da əlbir olmağa çoxdan hazır olduqlarını deyiblər və sübut da ediblər. Qaragüruhçu dəstənin üzvlərindən biri olan Sevinc Osmanqızı bu günlərdə daha da fəallaşıb.

Öz xalqından üz döndərib xaricdə məskunlaşan, adını  “azadlıq carçısı” qoyan Sevinc Osmanqızı indi də “Reallıq.info” və digər informasiya şəbəkəsi “yaradan”, bu minvalla özünə haram qazanc yeri düzəldərək idarə, müəssisə və təşkilatlarda çalışan şəxsləri şantaj edərək onlardan pul tələb edən və alan İkram Rəhimovun müdafiəçisinə çevrilib. İstintaqla məlum olub ki, bu şəxsin açdığı həmin internet saytları vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları müntəzəm yayıb dayandırması müqabilində külli miqdarda pul əldə edib. Qısaca desək, onun konkret cinayət əməlləri törətməsi faktlarla təsdiq olunub və Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Bununla da soydaşlarımızın haqqını-hüququnu pozan bir dələduz öz layiqli cəzasına çatıb.

Sevinc Osmanqızının və digər antimilli ünsürlərin “fədakarlıq” göstərərək cinayətkar şəxsin müdafiəsinə qalxmaları isə onu göstərir ki, şər-böhtan şəbəkəsi bir mərkəzdən idarə olunur. Burada “xoruzun quyruğu” görünür”, çünki həmin mərkəzin Azərbaycanın dövlətçiliyini, inkişafını və müstəqilliyini görən gözü yoxdur. Ona görə də yaratdığı şəbəkənin üzvlərinin məqsədi cinayət faktlarından diqqəti yayındıraraq ənənəvi “siyasi məhbus” məsələsini ortaya atmaq və sonra zərərli təbliğata rəvac verməkdir. “Sapı özümüzdən olan baltalar” iqtidara qarşı çirkin təbliğatla xaricdəki ağaları yanında özlərinə siyasi divident qazanmağa çalışırlar. Divident isə onların düşüncəsinə görə külli miqdarda havayı qrant pulları, firavan  həyat deməkdir.

Böhtan şəbəkəsinin üzvləri, o cümlədən Sevinc Osmanqızı “siyasi məhbus” məsələsindən biznes kimi istifadə edərək özlərindən “demokrat” obrazı yaratmaqla qaragüruhçu xislətlərini bir daha nümayiş etdirdilər. Faktlar sübut edir ki, ermənipərəst dairələrin dəstəyi ilə bu mövzunu ortaya atmaqla antimilli ünsürlər xarici ağalarından babat qrant alıblar. Belə olmasa mənsub olduqları xalqa və dövlətə qarşı bilərəkdən qarayaxmaya getməzdilər. Çünki onlar haqqı-ədaləti və nəhayət, öz  vicdanlarını az pula satmazlar, necə deyərlər, “atalarını öldürürlər ki, goruna and içsinlər”. Deyilənə görə, Corc Sorosun mənəvi varislərindən biri sayılan Sevinc Osmanqızının irəli verilməsi bu siyasi oyunun mahiyyətini tam aydınlığı ilə açıb göstərir.

Bu gün cəmiyyətimizdə çoxlarına məlumdur ki, Azərbaycan dövlətinin əleyhinə keçirilən çirkin oyunların ortasından Əli Kərimli, onun ABŞ və Avropadakı qrantdaşları çıxır. Bu qrantdaşlardan olan Sevinc Osmanqızı, Orduxan Teymurxan, Qənimət Zahid, Tural Sadıqlı, Qurban Məmmədov, Vidadi İsgəndərli və bu tipdən olan başqaları şəxsi maraqları naminə xalqımızı və Vətənimizi qurban verməyə hazırdırlar.