09 avqust 2019 17:00
261

Qubada istifadəyə yararsız ət aşkar edilib

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, növbəti belə tədbirlər avqustun 9-da DİN əməkdaşlarının və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə Quba rayonunda keçirilib.

Rayonun Birinci Nügədi kənd sakini Ə.Ələsgərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobilə baxış zamanı natəmiz vəziyyətdə və qida üçün yararsız olan 151 kiloqram ət məhsulu aşkar edilərək götürülüb.

Ətlərdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin Quba Regional Sınaq laboratoriyasına təhvil verilib.

Araşdırmalar aparılır.