KÖŞƏ

Sevinc Azadi

Radikalların dini ekstremistlərlə yeni iş birliyi

20 fevral 2019 10:28
2256

Xalqın dəstəyindən məhrum olan, nüfuzunu, sosial dayaqlarını tamamilə itirən, ölkəmizdə İslam dövləti yaratmaq xəyalında olan radikal-terrorçu qüvvələrlə işbirliyi qurub, ermənipərəst xarici dairələr tərəfindən idarə olunmaqla qanunsuz maliyyələşən AXCP və digər radikal müxalifət partiyalarının ənənəvi inkarçı və qərəzli mövqedən çıxış edərək varlıqlarını sübut etmək naminə müxtəlif üsul və vasitələrdən istifadə etməyə çalışmaları artıq heç kəsə sirr deyil. Çörəyi qarşıdurma və vətəndaş münaqişəsindən çıxan bu qüvvələr xaricdən aldıqları təlimatlara uyğun olaraq, hakimiyyətlə xalq arasında nifaq toxumu əkmək üçün inanclı kəsimi hakimiyyət uğrunda mübarizənin müqəddəs dəyərlər uğrunda mübarizə olduğuna inandırmağa çalışırlar. Bu məqsədlə yenidən ortaya atılaraq mitinq keçirmək sevdasına düşüblər. Azsaylı tərəfdarlarını “Məhsul” stadionuna yığmağa tələsən Əli Kərimli növbəti aksiyanı fevralın 23-nə təyin edib. Radikalların mitinqinə icazə verilib-verilməyəcəyi hələ sual altındadır. Buna baxmayaraq, “Milli Şura”nın faktiki rəhbəri olan Kərimli indidən hazırlığa başlayıb, sosial şəbəkələrdə adam toplamaq üçün təbliğat aparır. Müxalifətin budəfəki “qəhrəman”ı Azərbaycanda din pərdəsi altında iğtişaşlar törətməyə çalışan xarici agent, hazırda həbsdə olan Hacı Taleh Bağırzadədir. Son vaxtlar onun gündəmə gəlməsi və gətirilməsi üçün ardıcıl cəhdlərin şahidi oluruq. Guya o, həbsdə “aclıq aksiyası keçirir,  təzyiqlərə məruz qalır”. Bunu əsas tutan Kərimli sosial şəbəkələrdə daha çox dini təbəqəyə yönəlik paylaşımlar etməklə, onları öz alətinə çevirməyə çalışırdı. Məqsəd isə təbii ki, mitinqə daha çox adam toplamaq idi.

Xatırladaq ki, Əli Kərimli ilə Taleh Bağırzadənin “Müsəlman Birliyi” adlı dini-ekstremist təşkilatla əməkdaşlıgının əsası hələ Nardaran hadisələri zamanı qoyulub. Nardaranda hüquq mühafizə orqanları əməkdaşlarının həlak olması ilə nəticələnən hadisələr zamanı Əli Kərimli və onun tərəfdaşları radikal dindarları açıq dəstəkləmişdilər. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da konkret olaraq dövlət əleyhinə çağırışlar edərək, ölkədə insanlar arasında ədavət yaratmağa uğursuz cəhdlər etmişdi. Hətta Cəmil Həsənli konkret cinayət əməli törətmiş, dini-ekstremist qrupa rəhbərlik edən Taleh Bağırzadənin “Milli Şura”nın üzvü olmasını “qəhrəmanlıq salnaməsi” kimi cəmiyyətə təqdim etmişdi. Əli Kərimli isə “Azadlıq” qəzetində Taleh Bağırzadəyə açıq şəkildə dəstək verirdi.

Bu faktlar radikal müxalifətlə dini ekstremist qüvvələrin bir amala xidmət etdiyini sübuta yetirir. Bu qaragüruhun məqsədi ölkədə qarşıdurma yaratmaq, nifaq salmaq və bundan öz çirkin siyasi məqsədləri üçün yararlanmaqdır. Bu gün Əli Kərimlinin əhatəsində olanlar, eyni zamanda, onun qohumlarının da dövlətimizə, xalqımıza qarşı düşmən mövqeyində olduğunu görürük. Azərbaycan hakimiyyətini, dövlətini açıq təhdid edən orduxanlar, isgəndərlilər siyahısına Əli Kərimlinin əmisi oğlunun terrorçulara xas bəyanatlarla qoşulması da bu siyasətbazların hansı əqidəyə qulluq etdiyini bir daha göstərir.

Xalqın dəstəyindən məhrum olan və siyasi fəaliyyətlərini radikallıq, eləcə də terrorçuluq prinsipləri üzərində quran destruktiv müxalifətin iç üzü açıldıqca cəmiyyət onları daha yaxından tanıyır. Azərbaycan dövlətçiliyini məhvə sürükləmək niyyətində olan radikal müxalifət və ekstremist dindarlar anlamalıdırlar ki, hüquqi, dünyəvi dövlətdə onlara heç zaman yer olmayacaq.