24 fevral 2020 13:26
1635

Ramil Şeydayev: Başqa qitəyə də gedə bilərəm

"Yenidən Azərbaycana qayıtdığım üçün xüsusi bir hiss keçirmirəm. Hələlik yavaş-yavaş formamı bərpa etməyə çalışıram. Görək, necə olur. Bəlkə də əvvəlki vəziyyətimə qayıtmaq üçün daha 3-4 oyun lazım olacaq".

Bu sözləri "Report"a açıqlamasında "Sabah" klubunun yeni transferi Ramil Şeydayev Azərbaycan Premyer Liqasının XVIII turunda "Səbail"lə qolsuz heç-heçə etdikləri oyundan sonra yenidən Bakıya qayıdışı haqda danışarkən deyib.

Qış fasiləsində Rusiyanın "Dinamo" (Moskva) kluundan ayrıldıqdan sonra bəzi təkliflər aldığını bildirən 24 yaşlı futbolçu "Sabah"ı seçməsinin səbəbini belə izah edib: "Əsas istəyim daha çox oynayıb praktika yığmaq və formamı bərpa etməkdir. Məhz bu səbəbdən, daim meydana çıxa biləcəyim komandaya keçdim".

"Səbail"lə görüşün 88-ci dəqiqəsində meydana daxil olan Azərbaycan millisinin hücumçusu yeni komandasındakı debütünə toxunub: "Bu, "Sabah"da ilk oyunum idi. Ona görə də nəsə demək çətindir. "Sabah"a kömək edə biləcəyimi düşünürəm. Məni komandaya elə-belə götürməyiblər. Həm formamı bərpa etmək, həm də komandaya köməyimi göstərmək üçün əlimdən gələni edəcəyəm".

Şeydayev gələcək planlarından da söz açıb: "Mövsümün sonuna hələ var. İndiki məqamda nə edəcəyimi deyə bilmərəm. Yaxşı təklif olsa, gedəcəyəm. Bu, Avropa da ola bilər, başqa qitə də".

Qeyd edək ki, Ramil Şeydayevin "Sabah"la müqaviləsi bu mövsümün sonuna qədərdir.