07 iyul 2020 10:47
1276

Ramiz Hüseynov: Prezidentin təşəbbüsünün dəstəklənməsi ölkəmizə olan böyük etimadın növbəti göstəricisidir

“Azərbaycan Prezidenti İlham Əliyev COVID-19 pandemiyasına qarşı mübarizə çərçivəsində qlobal lider missiyasını uğurla həyata keçirir. Dövlətimizin başçısının bu mübarizədə qlobal həmrəylik nümayiş etdirmək məqsədilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünün dünyanın 130-dək ölkəsi tərəfindən dəstəkləməsi Azərbaycan Prezidentinin beynəlxalq miqyasda xüsusi liderlik qabiliyyətinə və imkanlarına malik bir şəxsiyyət kimi qəbul olunduğunu bir daha təsdiqlədi.”

Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov deyib.

R.Hüseynov bildirib ki, bu gün ölkəmiz iqtisadi inkişafı, əhalisinin sosial rifahı və digər sahələrdə əldə etdiyi uğurlara görə dünyanın ən nüfuzlu dövlətlərindən biridir: “Azərbaycan dövlətinin siyasətinin əsasında insan amili dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirus pandemiyası dövründə atılan addımlar da bunu bir daha təsdiqlədi. İllər ötdükcə müstəqil Azərbaycanımız, dövlətçiliyimiz daha da güclənir. Azərbaycanda daxili ictimai-siyasi sabitlik, həmrəylik güclənir, sosial-iqtisadi sahələr inkişaf edir, ölkəmizin beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə artır. Bütün bunların nəticəsidir ki, ölkəmiz yeni-yeni uğurlar qazanır. Əlbəttə, bu nailiyyətlər xalqımızın, dövlətimizin Heydər Əlyev yolunu böyük inamla davam etdirməsi nəticəsində qazanılır. Prezidentin müəyyən etdiyi müstəqil xarici siyasət kursu dünyada bir-birinə qarşı duran qütblər tərəfindən də müsbət qiymətləndirilir. Ölkəmizin beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə artır. Son dövrlər dünyada ölkəmizin irəli sürdüyü təşəbbüslərə göstərilən yanaşma bunun əyani sübutudur. Bunun başlıca səbəbi Prezident İlham Əliyevin apardığı praqmatik siyasət və qarşıya qoyulan hədəflərə çatmaq üçün sərgilədiyi iradədir. Prezidentin koronavirus pandemiyasına qarşı mübarizədə dünya ölkələrinə verdiyi birlik və həmrəylik mesajları, irəli sürdüyü təkliflər isə Azərbaycanın dünyadakı çəkisini daha da artırdı. Dünya ölkələri koronavirusla mübarizə metodları axtardığı bir zamanda Azərbaycan Prezidenti qlobal çağırış etdi və dövlətləri vahid düşmənə qarşı birlikdə mübarizə aparmağa səslədi. 2020-ci ilin aprel ayının 10-da Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türk Şurasının dövlət və hökumət başçıları səviyyəsində “COVID-19” pandemiyasına həsr olunmuş onlayn Zirvə Görüşü təşkil edildi.”

YAP Sumqayıt şəhər təşkilatının sədri vurğulayıb ki, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans şəklində koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü qlobal koronavirus təhdidinin qarşısının alınması istiqamətində Azərbaycan dövlətinin başçısının növbəti uğurlu addımı idi: “Cənab Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında xüsusi sessiyasının keçirilməsi təklifinin irəli sürülməsi və möhtərəm Prezidentimizin bu təklifinin Qoşulmama Hərəkatının 120 üzv ölkə arasında yekdilliklə razılaşdırılaraq  xüsusi sessiyasının keçirilməsi ilə bağlı BMT-nin Baş katibi Antonio Quterreşə müraciət ünvanlanması cəsarətli, uzaqgörən və əməkdaşlığa əsaslanan rəhbərlik keyfiyyətlərinə malik dövlət başçımızın bütün siyasi sərhədləri aşaraq, bütün ideologiyaları, məfkurəni kənara qoyaraq bəşəriyyətin, insanlığın bir-biri ilə dərin qlobal bağlılığını, beynəlxalq arenada bütün ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atılmalı, qarşılıqlı dəstəyin rəhbər tutulmalı olduğunu və həmrəyliyin gücləndirilməsinin vacibliyini gözlər önünə sərdi.” 

R.Hüseynov qeyd edib ki, möhtərəm Prezidentimizin öz çıxışında qeyd etdiyi kimi, COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Heç bir ölkə bundan sığortalanmayıb: “Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik. Azərbaycan koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün vaxtında çevik və zəruri qabaqlayıcı tədbirlər həyata keçirilib. Belə ki, möhtərəm Prezidentimizin Sərəncamı ilə ilin əvvəlində Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmış, pandemiya dövründə dövlətimiz üçün prioritet məsələnin insanlarımızın sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsi olduğu əməli işlə göstərilib. Ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salınıb və ya ləğv edilib, ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi dayandırılıb, bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi karantin rejimi tətbiq edilib.”

Partiyanın Sumqayıt şəhər təşkilatının sədri onu da bildirib ki, Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün 20-dən artıq xəstəxana ayrılıb, virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibbi avadanlıqlar Azərbaycana gətirilib: “Testlərin aparılması üçün ölkədə fəaliyyət göstərən laboratoriyaların sayı artırılıb, daxili tələbatı ödəmək üçün qısa müddət ərzində qoruyucu və digər tibbi ləvazimatların istehsalına başlanıb. Beləliklə, həyata keçirilən bütün bu tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısı alınıb, son günlər ölkəmizdə xəstəliyə yoluxanların sayı ilə sağalanların sayı arasındakı dinamika müsbətə tərəf olub. Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək, makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün 3.5 milyard manatdan artıq sosial-iqtisadi dəstək paketi qəbul olunub. Ümumilikdə, dövlət sektoru üzrə 900 mindən çox işçinin əməkhaqqı tam həcmdə saxlanılır, həmçinin, qeyri-dövlət sektoru üzrə 690 min işçinin əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. Bununla yanaşı, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa yaşayış minimumuna uyğun olaraq vəsait ödənilir.”

R.Hüseynov vurğulayıb ki, işsiz şəxslərin sosial müdafiəsi üçün ilin sonuna qədər 90 min ödənişli ictimai iş yerinin yaradılması nəzərdə tutulub: “Öz çıxışında “Elə bir mərhələdir ki, biz güclü olmalıyıq, yalnız birlikdə olaraq ən yoxsul ölkələrə kömək edə bilərik” - qeyd edən Prezident İlham Əliyev bir daha bütün dövlətləri dostluğa, qarşılıqlı dəstəyə və həmrəyliyə dəvət etdi. Müvafiq prosedurlardan keçdikdən sonra 130-dək ölkə Azərbaycan Prezidentinin təşəbbüsünə rəsmi şəkildə dəstək verib. BMT-nin üzvü olan bu dövlətlərin Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın növbəti göstəricisidir.”

Orxan Vahidoğlu, “İki sahil”