08 iyul 2020 18:13
1916

Razi Nurullayev: Cənab Prezidentin təşəbbüsünü ölkəmizin diplomatik uğuru kimi qiymətləndirirəm

“Hər bir ölkə rəhbərinin iradəsi və qətiyyəti olmur ki, beynəlxalq tədbir keçirmək üçün israrlı olaraq bütün dünya naminə bu cür səylər göstərsin. Əsasən bu səyləri iqtisadi-siyasi, ərazicə böyük dövlətlər göstərirlər. Təbii ki, Azərbaycan Prezidentinin də təşəbbüsünün 130 ölkə tərəfindən bəyənilməsi və qəbul edilməsi gözəl göstəricidir”. Bu fikirləri Milli Məclisin deputatı Razi Nurullayev Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçirilməsinin əhəmiyyətini “İki sahil” qəzetinə şərh edərkən bildirib. 

Deputat xatırladıb ki, Prezident İlham Əliyevin təşəbbüsünə  yalnız Ermənistan qarşı çıxmağa çalışsa da heç nəyə nail ola bilməyib: “Cənab Prezidentin BMT-nin Baş katibinə məktubunu təsdiqləmələri üçün dəvət olunan ölkələr içərisindən ancaq Ermənistan buna  etiraz edib.  Hətta Ermənistanın BMT-dəki nümayəndəsi qurumun Baş katibinə ayrıca məktub yazaraq bütün dünya ölkələrinin COVID-19-la mübarizədə tədbirlər gördüyünü, xüsusi sessiyanın boş vaxt, maliyyə itkisi olacağını bildirib. Bu, ermənilərin gözügötürməzliyidir. Bu, həm də o deməkdir ki, əgər Ermənistan Prezident İlham Əliyevin təşəbbüsündən bu şəkildə narahat olub, qarşısını almaq istəyirsə, təbii ki, bu, Azərbaycanın uğurudur. Mən də bunu ölkəmizin diplomatik uğuru kimi qiymətləndirirəm”.

R. Nurullayev vurğulayıb ki, bu təşəbbüs dövlətimizin nüfuzunun artmasına da öz töhfəsini verəcək: “Cənab Prezidentin təşəbbüsü ilə bu tədbir keçiriləndən sonra bütün dünya ölkələrində bununla bağlı məqalələr yazılacaq. Həm Azərbaycan daha da  tanınacaq, ölkəmizi internetdə axtarış verib haqqında öyrənəcəklər, həm də bu, dövlətimizin nüfuzunun artmasına öz töhfəsini verəcək”.

 Ceyhun Piriyev, “İki sahil”