21 sentyabr 2020 18:42
945

Reallıq hissini itirmiş Paşinyan hakimiyyətinin ardıcıl təxribatlarının əsas səbəbi böyük müharibəyə  başlamaqdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu ilin 19 sentyabr tarixində “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirakı zamanı yerli kütləvi informasiya vasitələrinə müsahibəsində hər zamankı kimi tarixi həqiqətləri əks etdirən və real faktlara əsaslanan tutarlı cavabları ilə Ermənistanın təcavüzkar siyasətini və bu ölkə rəhbərliyinin həqiqi simasını ifşa etdi.

Dövlət başçısı müsahibəsində Ermənistanın qoşunlarının təmas xəttində və Azərbaycanla dövlət sərhədi istiqamətində vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirilməsi və müharibəyə hazırlaşması, yeni işğal planları qurmasından da  bəhs etdi: “Mən o vaxt da demişəm, bu gün də deyirəm, bizim Ermənistan ərazisində heç bir hərbi hədəfimiz yoxdur və əgər istəsəydik, biz Ermənistan ərazisinə keçə bilərdik, bizim tam hərbi imkanlarımız var idi. Amma biz bunu etmədik. Çünki bizim hərbi siyasət konsepsiyamızda bu yoxdur, əgər bizə qarşı ciddi təxribat törədilməsə. Əgər törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq, bunu hər kəs bilsin, heç bir məhdudiyyət. Bir daha demək istəyirəm və onlara xəbərdarlıq etmək istəyirəm ki, əgər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün nəticələr çox ağır olacaq. Onlar yeni müharibəyə hazırlaşırlar. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Biz hər şeyi görürük, hər şeyi izləyirik. Onların bütün hərəkətlərini izləyirik. Əlbəttə ki, özümüzü müdafiə edəcəyik. Necə ki, Tovuzda özümüzü müdafiə etdik, bütün başqa istiqamətlərdə özümüzü müdafiə edəcəyik. Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq”.

Ermənilər Qafqazda və Türkiyə ərazisində işğalçılıq niyyətlərini həyata keçirmək və tarixi torpaqlarımız hesabına “böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün ardıcıl olaraq hərbi və ideoloji vasitələrdən yararlanmış, Azərbaycan və türk xalqlarına qarşı dəhşətli soyqırımı cinayətləri törətmiş, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmışlar. Son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması hallarının artması, təmas xəttinə yaxın yaşayış məntəqələrimizin, mülki əhalinin və infrastrukturun müntəzəm atəşə tutulması, daha iriçaplı silahlardan istifadə olunması, mövqelərimizə qarşı keçirilən kəşfiyyat-təxribat fəaliyyətləri, o cümlədən pilotsuz uçuş aparatlarının (PUA) geniş tətbiqi cəbhədə vəziyyətin ciddi kəskinləşməsinə səbəb olub.Bütün hallarda Azərbaycan Ordusunun qoşun növlərinin tətbiqi ilə düşmən təxribatlarının qarşısı alınıb və o, ağır itkilərə məruz qalıb. Belə ki, sentyabrın 20-si gecə saatlarında Hava Hücumundan Müdafiə bölmələrimizin fəaliyyəti nəticəsində düşmənin daha bir taktiki PUA-sı məhv edilib. Sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində isə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

Bəllidir ki, uzun müddət Azərbaycan danışıqlar prosesində konstruktiv öhdəliyi təmin etdi və atəşkəs rejiminin təmin edilməsinə çalışdı. Təəssüflər olsun ki, qarşılığını görmədi... Ali Baş Komandanın tapşırığına əsasən, 2014-cü ildən başlayaraq Azərbaycan Ordusunda genişmiqyaslı islahatlara start verildi. Xüsusilə şəxsi heyətin komplektləşdirilməsi, ordunun müasirləşdirilməsi, ən yüksək dəqiqliyə malik silahların alınıb yerləşdirilməsi məsələsi. Erməni tərəfi itkilərinin çox az olduğunu desə də, faktlar onu deməyə əsas verir ki, ölü və yaralı olaraq düşmən tərəfi yüzlərlə itki verib.2016- cı ilin Aprel döyüşlərində həm mənfur qonşumuza, həm də dünya birliyinə məlum oldu ki, Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi hər an azad etməyə qadirdir. Həmin döyüşlər nəticəsində strateji əhəmiyyətli yüksəkliklərin azad edilməsi, 25 il düşmən əsarətində qalan 2 min hektardan çox ərazimizin Silahlı Qüvvələrimizin nəzarətinə keçməsi, 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş Şərur rayonunun Günnüt kəndinin 2018- ci ildə düşməndən təmizlənməsi Azərbaycan Ordusunun gücünün, qüdrətinin növbəti göstəricisidir. Ermənistanla Azərbaycan sərhədində yaşanan Tovuz təxribatı isə Azərbaycanın işğal olunmuş regionlarında yox, Dağlıq Qarabağdan 130 kilometr aralıda baş verdi. Bu da onu göstərir ki, bu Ermənistanın Azərbaycana qarşı planlaşdırılmış hücumudur. Sözsüz ki, Azərbaycan Ordusunun fədakar əsgər və zabitlərinin şücaəti ilə düşmənin növbəti hücumunun qarşısı alındı, üstəlik, düşmənin cəbhəyanı bir sıra məntəqələri də məhv edildi. Tovuz əməliyyatında da  iflasa məhkum olan Ermənistan tərəfi indi də müxtəlif şayiələr yaymaqla Azərbaycan əhalisi arasında qorxu yaratmaq istəyir. Belə ki, Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Araik Arutunyan Gəncəni vurmaqla ölkəmizi təhdid edir. Bir müddət öncə isə Ermənistan Azərbaycanı Sərsəng su anbarını və Mingəçevir bəndini partlatmaqla hədələyirdi. İşğalçı tərəf unudur ki, əgər onlar Gəncəyə qarşı hansısa məkrli planı həyata keçirməyə hazırlaşsalar, Azərbaycan Ordusunu Xankəndidə görəcəklər və ordumuzun ciddi təzyiqini Yerevanda hiss edəcəklər.

Görünən odur ki, Ermənistan “yeni ərazilər üçün yeni müharibə” məqsədi güdən təcavüzkar hərbi strategiyasını həyata keçirmək üçün Tovuz döyüşlərində  uğursuzluğu digər müstəvilərdə kompensasiya etməyə çalışır. Ölkə rəhbərliyi diqqəti ölkədə getdikcə kəskinləşən sosial-iqtisadi və siyasi böhrandan yayındırmaq üçün təhrikedici addımlarını və təxribat xarakterli bəyanatlarını davam etdirir. Bütün bunlar isə Ermənistanın münaqişənin nəticələrini aradan qaldırmaq deyil, qanunsuz güc tətbiqi ilə yaratdığı işğalı davam etdirmək məqsədini güddüyünü göstərir.

Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror, diversiya aksiyaları həyata keçirir. Avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun törətməyə çalışdığı təxribat da bu terror zəncirinin növbəti halqası idi. Ermənistan ordusunun Tovuz təxribatından sonra Goranboy istiqamətində diversiya-kəşfiyyat əməliyyatının məğlubiyyəti bir daha sübut etdi ki, Azərbaycan Ordusu məkrli düşmənə sarsıdıcı zərbələr endirməyə, onun bütün hərbi təxribatlarını dəf etməyə hər an hazırdır. 

Ermənistanın qonşuluğunda olan ölkələrin ərazisinin, tarixi -mədəni irsinin mənimsənilməsinə yönəlmiş qəsbkar siyasətinin növbəti bariz nümunəsi Livandan erməni ailələrinin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə köcürülməsidir. Dünya dövlətləri, eləcə də, Azərbaycan daxil olmaqla Livanda baş vermiş faciənin nəticələrinin aradan qaldırılması, Livana humanitar yardım göstərilməsi ilə məşğul olarkən işğalçı Ermənistan hökuməti yenə də öz çirkin məqsədlərini həyata keçirmək üçün tam səfərbər oldu. Azərbaycanın əzəli-əbədi torpaqlarında ermənilərin sayını süni şəkildə artırmaqla ərazilərin etnik-mədəni xüsusiyyətlərini dəyişdirmək kimi niyyətləri işğalçı Ermənistanın faşizm ideologiyasına kökləndiyinin daha bir  bariz göstəricisidir.

Ermənistanın iqtisadi-maliyyə imkanları, infrastrukturu yoxdur, mənzil, iş yerləri kimi sosial məsələlər isə acınacaqlı durumdadır. Bu səbəbdən də Ermənistanda "xalq ordusu” adlı strukturun real­laşdırılmasına dair bir format ortaya atılıb. Artıq ermənilər qanunvericilik bazasını buna uyğunlaşdırırlar. Belə ki, işğalçı ölkədə "Müdafiə haq­qında” qanuna dəyişikliklər ictimai müzakirəyə çıxarılıb. Dəyişikliklərə əsasən ölkədə hərbi könüllü dəstələrin yaradılması nəzərdə tutulur. Bu isə onu göstərir ki, faktiki olaraq işğalçı ölkədə müdafiəni təşkil edəcək insan resursları, orduda nizam-intizam yoxdur. Ermənistanın Azərbaycana qarşı sonuncu təxribatları da bir daha göstərdi ki, bu ölkənin ordusunun döyüş qabiliyyəti aşağı səviyyədədir. Ona görə də yeni qanunda könüllülərin orduya cəlb olunması məsələsi aktuallaşdırılır və düşünülür ki, bu şəkildə işğalçı Ermənistanın ordusunu gücləndirmək olar. Lakin bütün bunların nəticə verəcəyinə heç Ermənistan rəhbərliyi özü də inanmır.

Ermənistan bütün bu cinayətləri müasir dünyanın gözü qarşısında davam etdirir. Bütün bunların əsas səbəbi isə dünyadakı ikili standartlar, Ermənistanın hələ də cəzasız qalmasıdır. Bu məsələdə ən böyük məsuliyyət ATƏT-in Minsk qrupunun üzərinə düşür. Ermənistan tərəfinin cəbhədə törətdiyi təxribatlar və cinayətlər işğalçı ölkənin nəinki danışıqlar aparmağa, əksinə kəsin eskalasiya yaratmaq niyyətindən  xəbər verir.İşğalçı ölkənin silahlı qüvvələrinin təxribat xarakterli hücumları, atəşkəs rejimini pozması və Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına qarşı törətdiyi cinayətlər sülh prosesinin üzərindən xətt çəkməklə beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamə və qərarlarına  qarşı açıq hörmətsizlik xarakteri daşıyır.

Bu gün ATƏT-in prinsipsiz mövqe nümayiş etdirdiyini görən Ermənistan təbii ki, daha da geniş əl-qol açır və təcavüzkarlıq siyasətini gücləndirir, yeni təxribatlara cəhd göstərir. Lakin bu  bəşəri ədalətsizliyə və haqsızlığa dur deməyin zaamanı çoxdan gəlib çatıb. Ona görə də dünya ictimaiyyəti Ermənistanın təcavüzkarlıq siyasətinə son qoymağı və 30 ildən artıqdır ki, işğal altında saxladığı əraziləri tərk etməyi ondan tələb etməlidir. Beynəlxalq qanunlar  bu xüsusda  öz sözünü deməli və konkret mövqeyidi ortaya qoyaraq ədalətlilik prinsipini qoruyub saxlamalıdır. Ermənistanın bu siyasəti onun BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin tələblərini yerinə yetirmək fikrindən uzaq olduğunu göstərir. Beynəlxalq birlik bu məsələyə ciddi fikir verməlidir. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməyə məcbur edilməlidir. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun prinsipial mövqeyini ortaya qoymağının zamanı çatmışdır.

Yaqut Ağaşahqızı, “İki sahil”