21 avqust 2019 23:59
1070

Reallıqdan uzaq Paşinyanın səhlənkarlığı: çıxılmaz dairədə fırlanan Ermənistan

İşğalçı Ermənistanın mətbuatında bu günlərdə yenə Azərbaycanın öz hərbi potensialını artırması ilə bağlı silsilə yazılar işıq üzü görür.

Bütövlükdə erməni  cəmiyyətinin təşviş və xofunu  ifadə edən həmin yazılarda Azərbaycanın hərbi potensialı qarşısında düşmənin qarşısıalınmaz qorxu hissi keçirdiyi aydın hiss olunur.

Azərbaycan Silahlı Qüvvələrinin getdikcə güclənməsi fonunda işğalçı Ermənistan ordusunun bərbad durumunun təhlil edildiyi həmin yazılarda erməni şərhçilər mümkün müharibə ehtimalında öz ordularının darmadağın olacağını dərin narahatlıqla etiraf edirlər.

Ermənistan ordusunda hazırda bir çox aspektdən vəziyyət dramatik həddə çatıb. Belə ki, işğalçı ölkənin ordusunda qida təminatındakı ciddi çatışmazlıq, maaşların azlığı, “dedovşina” halları, hərc-mərclik və cinayət hallarının artması, bəzən dözülməz həddə çatan çoxsaylı işgəncə faktları, fərarilik, rüşvətxorluq hökumətin cidd-cəhdlə bunları gizlətmə səylərinə baxmayaraq artıq çoxdan mediaya yol tapıb. Xatırladaq ki, Ermənistan hökumətinin iyunun 1-dən etibarən ordunun hərbi qulluqçularının maaşlarının artırılması ilə bağlı vədləri də yerinə yetirməməsi  orduda güclü narazılıqlara səbəb olub.  Erməni KİV-lərinin məlumatlarına görə, maaş artımının baş tutmadığı  hərbi hissələrdə qulluq edən hərbi qulluqçular artıq kütləvi şəkildə tərxis olunma barədə müraciət edirlər. 
Mətbuatda da Paşinyan hökuməti təkcə ordu ilə bağlı deyil, ümumiyyətlə, ölkənin sosial durumu ilə bağlı verdiyi vədləri yerinə yetirmədiyinə görə kəskin şəkildə ittiham olunur.

 Ermənistanın “lragir”, “tert” kimi saytlarında Paşinyanın yarıtmaz siyasəti və  naşı diplomatiyası ilə bağlı sərt fikirlər də səsləndirilməkdədir.

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri  Davit Şahnazaryan  ölkəsinin indiki hakimiyyətini səhlənkarlıqda qınayıb və şəxsən Paşinyanı ümumiyyətlə, reallıqdan uzaq insan kimi xarakterizə edib: “Paşinyanın   yalnız Qarabağın Ermənistanın bir hissəsi olması barədə bəyanatı yox, bütün çıxışları cəfəngiyyatdan ibarətdir. Bu absurd bəyanatların əsas səbəblərindən biri də Ermənistanda hər hansı sahədə heç bir irəliləyişin əldə edilməməsidir. Paşinyanın hər bir bəyanatı reallıqdan uzaq xəyallardır. İqtisadiyyat pis vəziyyətdədir, getdikcə də daha da pisləşir. Ermənistanın xarici siyasəti ümumiyyətlə, iflasa uğrayıb. Baş nazir vəzifəyə uyğun adam deyil, tezliklə istefa verməlidir”.  
Paşinyanı  gündəmi qalmaqalla diri saxlamağa üstünlük verən şəxs kimi səciyyələndirən D. Şahnazaryan Ermənistanın qaranlıq gələcəyindən narahat olduğunu ifadə edib.

Xatırladaq ki, bu günlərdə Ermənistanda ardıcıl şəkildə müxtəlif sosial şüarlarla etiraz aksiyaları keçirilir. Vaxtaşırı qanun keşikçiləri ilə etirazçılar arasında qarşıdurmalar baş verir.

Bir neçə gün əvvəl isə Ermənistanda hərbi qulluqçuların valideynləri Müdafiə Nazirliyi qarşısında etiraz aksiyası keçiriblər. Erməni mətbuatında verilən xəbərlərə görə, Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında əsgər valideynləri etiraz aksiyası keçirərək nazir David Tonoyanla görüş tələb ediblər. Etiraz aksiyasının keçirilməsinə əsas səbəb Ermənistan ordusunda əsgərlərə hərbi hissəni tərk etmə həddinə çatdırılanadək verilən işgəncələrdir.  
Görünən budur ki, Ermənistan öz işğalçılıq siyasətinə görə təkcə beynəlxalq aləmdə, regional mühitdə nüfuzdan düşüb təcrid olunmaqla qalmır, həm də daxildən güclü çöküş yaşamaqdadır. Aydın məsələdir ki, yaxın vaxtlarda isterik Paşinyana da cinayətkar sələfləri kimi “yol görünür”.  Ancaq bu da danılmaz faktdır ki, Ermənistan öz işğalçılıq siyasətini davam etdirdikcə hakimiyyətdə fiqurların dəyişməsi gerçək mahiyyəti dəyişməyəcək, orada hakimiyyətə “qarğa qalxıb sağsağan qonmağa” davam edəcək.  Erməni  xalqı da hakimiyyətdən işğalçılıq siyasətinə son verməyi tələb etmədikcə, dələ kimi fırlanan çıxılmaz dairədə boşuna qaçmağa məhkumdur...

Sevinc Abdullayeva,

“İki sahil”