04 iyun 2019 20:54
324

Regionun əsas güc mərkəzi

Bu gün regional güc mərkəzinə çevrilən Azərbaycan dövləti ilə iqtisadi və siyasi tərəfdaşlığı genişləndirmək istəyən ölkələrin sayı artmaqdadır. Ölkəmizə yönələn xarici maraqlar həm də ona əsaslanır ki, burada siyasi sabitlik və iqtisadi inkişaf davamlıdır, eyni zamanda, tam müstəqil siyasət yürüdən dövlət kimi qəbul edilirik.

Hazırda Cənubi Qafqazın ən perspektivli ölkəsi olan Azərbaycan qloballaşan dünyaya inteqrasiyasının yeni mərhələsindədir. Əgər diqqət yetirsək görərik ki, məhz 2019-cu ilin 5 ayında Azərbaycan dövləti əhəmiyyətli geosiyasi hadisələrin mərkəzində olmaqla bərabər, həm də əsas oyunçu kimi çıxış edib. Bu dövr ərzində Prezident İlham Əliyevin ölkəmizə səfər edən dövlət və hokümət başçıları ilə keçirdiyi görüşlərə, verilən bəyanatlara diqqət yetirsək aydın şəkildə görərik ki, Azərbaycan dövlətinin yürütdüyü tam müstəqil siyasət respublikamızın nüfuzunu əhəmiyyətli dərəcədə yüksəldib.

Eləcə də cənab İlham Əliyevin xarici səfərləri, iştirak etdiyi beynəlxalq toplantılar Azərbaycanın siyasətinin kifayət qədər uğurlu, düşünülmüş və çoxşaxəli olduğunu, dövlətin və xalqın maraqlarına layiqincə xidmət etdiyini göstərir. Hər bir səfər Azərbaycanın ayrı-ayrı dövlətlərlə və nüfuzlu beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əlaqələrinin daha da genişlənməsinə təkan verir.

Son iki ildə Avropanın bir çox aparıcı ölkə rəhbərlərinin Bakı səfərləri, həmçinin Prezident İlham Əliyevin Fransa və Rusiyanın dövlət başçıları ilə görüşləri, o cümlədən ABŞ Prezidenti Donald Trampın dövlətimizin başçısına ünvanladığı səmimi məktublar və həmin məktublarda ölkəmizlə iqtisadi siyasi əməkdaşlığı daha da genişləndirmək istəməsi ölkəmizin siyasi və iqtisadi qüdrətinin göstəricisidir.

Məhz hər il Dünya İqtisadi Forumunda iştirak edən dövlətimizin başçısı cənab İlham Əliyev burada keçirilən interaktiv iclaslarda bir daha Azərbaycan həqiqətlərini dünyaya bəyan edir. Ötən ilin iyul ayında isə Avropa İttifaqı və Azərbaycanın münasibətlərini keyfiyyətcə yeni mərhələyə daşıyan sənədin paraflanması, NATO-nun Brüssel Sammitində qəbul edilən yekun kommünikedə Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının xüsusi olaraq qeyd edilməsi isə bir daha təsdiq etdi ki, beynəlxalq təşkilatlarla Azərbaycanın münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoymaqdadır və bu da əlbəttə ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini və rolunu daha da möhkəmləndirir.

Son bir il ərzində Prezident İlham Əliyevin Avropa İttifaqının əsas güc sahibləri olan İtaliya və Fransa prezidentləri ilə keçirdiyi görüşlər, imzalanan yeni sənədlər Azərbaycanın bu ölkələrlə münasibətlərini daha da möhkəmləndirmiş oldu. Xüsusilə İtaliya Prezidenti Sercio Mattarella bu ölkənin Azərbaycana səfər edən ilk Prezidenti kimi adını iki dövlətin siyasi tarixinə yazdırdı.

Almaniyanın federal Kansleri xanım Angela Merkel isə Bakı səfərində Azərbaycanın bugünki durumunu dəyərləndirərkən bildirmişdi ki, respublikamız Avropanın enerji təminatının şaxələndirilməsində Avropa İttifaqı üçün mühüm bir ölkədir. Azərbaycan az bir zamanda çox sürətli inkişafa nail olub.

Azərbaycan dünyanın 180-ə yaxın ölkəsi ilə diplomatik münasibətlər qurub. Bu münasibətlər Azərbaycanın xarici ölkələrdə və beynəlxalq təşkilatlar yanında 91 diplomatik missiya təsis etməsi fonunda baş verib. Hazırda Bakıda 53 səfirlik, 4 baş konsulluq, 12 fəxri konsulluq və 12 beynəlxalq təşkilatın daimi nümayəndəliyi fəaliyyət göstərir.

Əlbəttə ki, bütün bunlar tam müstəqil siyasətin yaratdığı reallıqdır. Məhz bu siyasət həm Azərbaycanın beynəlxalq birlikdəki mövqeyini gücləndirir, həm də onun liderinin nüfuzunu hər keçən gün daha da yüksəldir və təsdiqləyir ki, bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu var və bu, bir dövlətin 27 illik müstəqillik yolunun uğur salnaməsi hesab oluna bilər.

Araşdırmalar göstərir ki, Azərbaycan regionun aparıcı ölkəsidir, regional layihələrin əsas təşəbbüskarı və iştirakçısıdır. 15 il ərzində kosmik dövlətlər sırasına daxil olan, qlobal kataklizmlərlə çalxalanan regionda multikulturalizmin nümunəsinə çevrilən, sosial-iqtisadi və hərbi cəhətdən gündən-günə inkişaf edən müstəqil Azərbaycan cənab İlham Əliyevin yeni inkişaf konsepsiyası ilə daha da qüdrətli dövlətə çevrilmək istiqamətində inamla addımlayır.

Əlbəttə ki, düzgün seçilən yol ölkəni daim inkişafa, tərəqqiyə aparır. Dövlət başçısı İlham Əliyev isə bu yolu dəyərləndirərkən Azərbaycanın daim doğru yolda olduğunu qətiyyətlə vurğulayır: “Biz düzgün yoldayıq. Bu gün Azərbaycan dünya miqyasında müasir, sürətlə inkişaf edən, gözəl, qonaqpərvər, ləyaqətli ölkə kimi tanınır. Biz artıq bütün dünyaya sübut etmişik ki, müstəqil həyat yaşaya bilərik, uğurla yaşaya bilərik. Biz gələcəkdə bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq”.

Söz yox ki, bunun əsas səbəbi güclü siyasi iradənin mövcudluğudur. Çünki güclü siyasi iradə olmasa, heç bir ölkə müstəqil siyasət apara bilməz. Azərbaycanda bu siyasi iradə özünü həm daxili, həm xarici siyasət məsələlərində göstərir. Eyni zamanda, ölkəmizin uğurlu inkişafı və son illərdə iqtisadi müstəqilliyin tam şəkildə təmin olunması müstəqil Azərbaycanı beynəlxalq arenada öz sözünü deyən, milli maraqlarını qoruyan dövlətə çevirib.

Bu, bir həqiqətdir ki, dövlət başçısı ötən 15 ildə dünya siyasətinə əsaslı təsir imkanları olan ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, inkişaf etdirmək, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqelərini gücləndirmək istiqamətində sistemli fəaliyyət göstərir. Dünyanın siyasi liderləri arasında böyük nüfuz qazanmış cənab İlham Əliyevin milli maraqlara əsaslanan xarici siyasət strategiyasının prioritet istiqamətini nüfuzlu dövlətlərlə və beynəlxalq təşkilatlarla bərabərhüquqlu tərəfdaşlıq, çoxvektorlu əməkdaşlıq təşkil edir.

Azərbaycan Qərbə özünün Avrasiya məkanındakı əhəmiyyətli geosiyasi vəziyyətini və zəngin enerji resurslarını lazımi səviyyədə təqdim etməklə, Cənubi Qafqazın lider dövləti statusunu qoruyub saxlayır. Hazırda regionda və dünyada baş verən əsas iqtisadi, siyasi, mədəni hadisə və proseslərdə Azərbaycan dövləti layiqincə təmsil olunur, öz mövqeyini bildirir və mənafelərini qoruyur.

Elçin Zaman, “İki sahil”