21 yanvar 2021 17:47
586

Revanşizm hissi ilə yaşamaq Ermənistana heç bir fayda verməyəcək

Bildiyimiz kimi, yanvarın 14-də Prezident İlham Əliyev Şuşa şəhərinə səfər edib. Səfər çərçivəsində dövlətimizin başçısı hərbçilərlə görüşündə bildirib ki, əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək: “Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər. Heç kim bizim qabağımızda dura bilməz. Bundan sonra həmişə belə olacaq...”

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Prezident İlham Əliyevin Şuşaya səfəri və oradakı çıxışları xalqın iradəsinin təcəssümü idi: “İkinci Qarabağ savaşı şanlı ordumuzun qələbəsi ilə başa çatdı. Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Bütün dünya bu müharibəni izlədi və mübariz xalq obrazını gördü. Ermənistan ordusunu darmadağın edən “dəmir yumruq” əməliyyatı hələ uzun illər dünya səviyyəsində müzakirə olunacaq. Bəli, Ermənistan siyasi dairələri, bəzi politoloqlar ara-sıra yenidən cəfəng açıqlamalar verirlər, revanş tipli bəyanatlar yayırlar. Ancaq bütün bunlar olan-qalan ermənilərin məhvi ilə nəticələnə bilər. Təəssüf ki, son günlər Ermənistan xarici işlər nazirinin də ağılsız bəyanatlarını eşidirik. Bu, yolverilməzdir və üçtərəfli razılaşmaya ziddir. Ermənistan iqtidarı reallıq hissini itirib, siyasi gedişlər dalana dirənib, ölkəni xaos bürüyüb. Paşinyan isə parlamentə təhlükəsizlik jileti ilə gəlir. Ermənistan hakimiyyəti biabırçı məğlubiyyətlərindən nəticə çıxarmalı, yeni reallıqlara uyğun addımlar atmalıdır. Revanşizm hissi ilə yaşamaq Ermənistana heç bir fayda verməyəcək. Hər bir halda Prezident, Ali Baş Komandan İlham Əliyev bu fikirləri Şuşada açıq-aydın erməni ictimaiyyətinə çatdırdı. Hazırda yaranmış yeni siyasi və coğrafi reallıqları heç bir qüvvə dəyişə bilməz.”

Cavid Əkbərov, “İki sahil”