12 oktyabr 2019 20:02
875

Riçard Danakari: Azərbaycan multikulturalizmi həqiqətən də dünyaya nümunədir

Qafqaz Albaniyası mövzusuna həsr edilən beynəlxalq konfransa dəvət olunduğuma görə təşkilatçılara minnətdarlığımı bildirirəm. Son 10 ildə davamlı olaraq Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə iştirak edirəm. Bu ilin mayında Bakıda keçirilən Qafqazşünasların II Beynəlxalq Forumuna da dəvət olunmuşdum. Azərbaycanda müxtəlif dinlərə və millətlərə mənsub insanlar əsrlərdir birgə yaşayırlar. Mənim üçün çox xoşdur ki, Azərbaycanda tarixən mövcud olan tolerantlıq və multikulturalizm ənənələrinin qorunmasına ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət və qayğı göstərilir.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qəbələ rayonunun Nic qəsəbəsindəki Alban Udi Ocağında keçirilən “Qafqaz Albaniyası: tarix və müasirlik kontekstində” mövzusunda beynəlxalq konfransın Rusiyadan olan iştirakçısı, Volqoqrad Dövlət Qulluğu Akademiyasının tarix və siyasət nəzəriyyəsi kafedrasının professoru Riçard Danakari deyib.

Konfransın mövzusunun çox aktual və əhəmiyyətli olduğunu vurğulayan rusiyalı alim bildirib ki, Azərbaycan multikulturalizmi çox unikaldır və həqiqətən də dünyaya nümunədir. “Avropa multikulturalizmi artıq iflasa uğrayıb. Qərbdə milli məsələlərlə bağlı bir çox problemlər var. Avropa ölkələrində yaradılan ərəb, Çin, hind və digər cəmiyyətlər qapalı şəkildə fəaliyyət göstərirlər. Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Azərbaycan multikulturalizmi ölkənin bütün vətəndaşlarına öz dilini, mədəniyyətini, adət-ənənələrini qoruyub saxlamaq və inkişaf etdirmək imkanlarını verir. Biz bunu Nicdə yaşayan udilərin timsalında aydın görə bilərik. Son 10-15 ildə qəsəbə çox böyük sürətlə inkişaf edib. İndi Nic açıq səma altında muzeyi xatırladır. Niclilər qürur hissi keçirirlər ki, onların doğma qəsəbəsində Alban Udi Ocağı fəaliyyət göstərir, məktəblərdə udi dili tədris olunur. Qəsəbədə udilərlə bərabər, azərbaycanlılar, ləzgilər və digər xalqların nümayəndələri uzun illərdir ki, mehriban şəraitdə yaşayırlar”, - deyə rusiyalı professor bildirib.

Nicdə doğulduğunu, hazırda isə Rusiya vətəndaşı olduğunu diqqətə çatdıran Riçard Danakari bildirib ki, üzərinə düşən ən böyük vəzifə Azərbaycan-Rusiya əlaqələrinin möhkəmlənməsinə layiqli töhfə verməkdir.