26 noyabr 2019 20:16
1375

Rusiya-Azərbaycan münasibətləri ən yüksək səviyyədədir

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri Rusiya-Azərbaycan əlaqələrinin inkişafına yeni əlavələr etdi

Xarici siyasətində iki və çoxtərəfli əməkdaşlığa xüsusi önəm verən dövlətimizin təkcə cari ilin arxada qalan dövründə bu istiqamətlərdə əldə etdiyi uğurlara diqqət yetirmək kifayətdir. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında münasibətləri inkişaf etdirən Azərbaycanın qonşu dövlətlərlə əlaqələrin müxtəlif istiqamətlər üzrə genişləndirilməsinə göstərdiyi maraq atdığı davamlı addımlardan daha aydın görünür. “Bizim xarici siyasətimiz çoxşaxəlidir və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır. Əlbəttə, hesab edirəm ki, biz, ilk növbədə, qonşularımızla əlaqələrimizi daha yüksək pilləyə qaldıra bilmişik... Hər bir ölkə üçün onun qonşuları ilə yaxşı münasibətlərin qurulması çox vacib amildir. Azərbaycan o ölkələrdəndir ki, Ermənistandan başqa bütün qonşularımızla çox düşünülmüş siyasət apararaq gözəl münasibətləri qura bilib və ölkəmiz bu münasibətlərdən faydalanır. Həm regional təhlükəsizliyin inkişafı, eyni zamanda, nəqliyyat, energetika, ticarət məsələlərinin uğurla həlli, o cümlədən qonşularımızla münasibətlərdən asılıdır” söyləyən dövlətimizin başçısı İlham Əliyevin bu fikirlərinə istinad etsək, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan-Rusiya münasibətlərinin inkişafında yeni bir mərhələ kimi dəyərləndirilən Rusiya Federasiyasına rəsmi səfərinin əhəmiyyəti daha aydın dərk olunur. Səfər istər ölkə, istərsə də dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Qarşılıqlı səfərlər fonunda bu əlaqələr daha da möhkəmlənir, yeni çalarlar əlavə olunur.

Cənab İlham Əliyevin qeyd etdiyi kimi, artıq çoxdan strateji tərəfdaşlıq səviyyəsinə çatmış bu münasibətlər həyatımızın demək olar ki, bütün sahələrini əhatə edir. Keçirilən görüşlər, müzakirə olunan məsələlər uğurla davam edən ikitərəfli münasibətlərimizin inkişafına yaxşı impuls verir. İki ölkə arasında imzalanan sənədlər arasında “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı” və “Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında 2024-cü ilədək Əməkdaşlıq Proqramı” kimi sənədlər həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri baxımından mühüm önəm daşıyır.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın noyabrın 21-24 tarixlərində Rusiya səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşü, Rusiya Prezidentinin onu iki ölkənin münasibətlərinin inkişafında və möhkəmlənməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif etməsi, Rusiya Hökumətinin başçısı Dmitri Medvedevlə və Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşü, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin bərpa olunmuş “Azərbaycan” pavilyonunun açılışında iştirakı və sair kimi biri-birindən əhəmiyyətli məqamlar müzakirə olunmaqla yanaşı, əlaqələrin inkişafına təsir imkanları daha çox diqqət çəkir. Mehriban xanım Əliyeva TASS agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusmana TASS, “Rossiyskaya qazeta” və “Rossiya-24” telekanalı üçün müsahibəsində səfər çərçivəsində keçirdiyi görüşlərə və səfərin yekunlarına bir daha nəzər yönəldərək, Rusiya-Azərbaycan münasibətlərinin möhkəm dostluq və mehriban qonşuluq ənənələrinə söykəndiyini, uğurla inkişaf etdiyini əsaslı şəkildə diqqətə çatdırıb. Azərbaycanın Birinci vitse-prezidentinin “Səfərin yekunlarını necə qiymətləndirirsiniz? Bu günlər ərzində Moskvada Sizin üçün ən çox yadda qalan nə olub” sualına cavabı bir daha iki ölkə arasında bu günə qədər uğurla inkişaf edən əməkdaşlığın bu və ya digər tərəflərini açıqlayır. Belə ki, “Fəal siyasi dialoq mövcuddur, Azərbaycan və Rusiya prezidentləri arasında mütəmadi görüşlər bizim münasibətlərin çoxvektorluluğunu təyin edir və demək olar ki, bütün sahələrdə qarşılıqlı əlaqələrin inkişafına təkan verir” söyləyən Mehriban Əliyeva onu da əlavə etmişdir ki, Azərbaycan ilə Rusiyanın qədim və möhkəm dostluq, mehriban qonşuluq ənənələri ilə bağlı olması dövlətlərarası əlaqələrin genişlənməsi üçün yeni imkanlar yaradır. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşünə, görüş zamanı ona “Dostluq” ordeninin təqdim edilməsinə diqqət yönəldən Azərbaycanın Birinci vitse-prezidenti bildirmişdir: “Bu mükafatı almaq mənim üçün böyük şərəfdir, mən onu Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyəsinin daha bir təsdiqi kimi qiymətləndirirəm. Əlbəttə, şadam ki, bizim strateji tərəfdaşlığımızın inkişafı işində mənim də müəyyən töhfəm var.”

Əvvəldə də qeyd etdiyimiz kimi, “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı” iki ölkə arasında siyasi dialoqu, ticari-iqtisadi inkişafı, investisiya qoyuluşu məsələlərini, yeni nəqliyyat dəhlizlərinin yaradılması, mədəni, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi və digər sahələr üzrə yol xəritələrini özündə əks etdirir. “ Dövlətimizin başçısı İlham Əliyev qarşılıqlı səfərlər zamanı keçirdiyi görüşlərdə bu məqamı daim böyük əminliklə ifadə edir ki, “Yol xəritələri”nin reallaşdırılması əlbəttə, daha sıx qarşılıqlı fəaliyyətə, bütün sahələrdə inteqrasiyaya və əməkdaşlığa gətirib çıxaracaq. Mehriban xanım Əliyeva qeyd etdiyimiz müsahibəsində də Rusiya-Azərbaycan əlaqələrinin bugünkü səviyyəsini nümayiş etdirən bəzi rəqəmləri diqqətə çatdırmışdır. “Rusiya Azərbaycanın ticarət tərəfdaşlarından biridir, qeyri-neft məhsullarının idxalına görə birinci yeri tutur” söyləyən Azərbaycanın Birinci vitse-prezidenti ölkələrimiz arasında əmtəə dövriyyəsinin ötən il 19 faiz artaraq 2,6 milyard dollara bərabər olduğunu, cari ilin doqquz ayında isə bu göstəricinin 26 faizə çatdığını xüsusi vurğulamışdır. Rusiyanın Azərbaycanda sərmayə qoyuluşunun həcmi 4,9 milyard dollardır. Azərbaycan Rusiya iqtisadiyyatına 1,2 milyard dollar investisiya yatırıb.

İstər keçirilən görüşlərdə, istərsə də qeyd olunan müsahibədə Azərbaycanın tolerantlıq təcrübəsi, multikultural dəyərlərin inkişafına verdiyi töhfələr müzakirə olunan məsələlər sırasında olub. Müxtəlif mədəniyyətlərin, dinlərin qovuşağında yerləşən Azərbaycan daim ölkələr, xalqlar arasında dostluq körpüsü kimi dəyərləndirilir. Bu günlərdə ölkəmizin ev sahibliyi etdiyi Dünya dini liderlərinin ikinci sammitdə bu kimi məqamlara bir daha işıq saldı.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva müxtəlif millətlərə, mədəniyyətlərə və dinlərə mənsub insanların əsrlər boyu ölkəmizdə sülh, həmrəylik və dostluq şəraitində yaşadıqlarını önə çəkərək bildirmişdir ki, buna görə Azərbaycan bu gün beynəlxalq aləmdə artıq dinlərarası, millətlərarası, mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə yönəlmiş çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi tanınmış məkana çevrilib. Amma təəssüf ki, müasir dünyada, ümumi gərginlik artır. Biz irqçilik, ksenofobiya, islamofobiya, antisemitizm, millətlərarası və dinlərarası qarşıdurmanın qızışdırılmasında dindən istifadə edilməsi kimi təhlükəli meyillərin artmasının şahidləriyik. Bu gün bütün bu məsələlər ümumbəşəri əhəmiyyət kəsb edir və Azərbaycanda bu məsələlərin ən yüksək dövlət səviyyəsində qaldırılması təsadüfi deyil, bu ölkəmizin qədim ənənələrə malik olmasından irəli gəlir. Bu əminlik də ifadə olunmuşdur ki, bu təhdidləri yalnız ümumi səylərlə, həm dövlət başçıları səviyyəsində, həm də adi vətəndaş cəmiyyəti arasında səylərlə dayandırmaq olar.

Təbii ki, Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq Foumlarına, humanitar Forumlara, dini sammitlərə ev sahibliyi etməklə dünyaya birlik, həmrəylik, ən əsası sülh, əmin-amanlıq mesajları ünvanlayır. Daim sülhün, bütün münaqişəli məsələlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin tərəfdarı olan Azərbaycan dünya dövlətlərindən, beynəlxalq təşkilatlardan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli yanaşma gözləyir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri də ölkə və dünya mətbuatında geniş müzakirə edilərkən Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi Rusiyanın mövqeyinə xüsusi diqqət yönəldilir. Bu baxımdan ki, həmsədr dövlət olaraq Rusiyanın məsələnin həllində mövqeyi ölkəmiz üçün maraqlıdır. Siyasi ekspertlər bildirirlər ki, Rusiya-Azərbaycan münasibətlərinin bundan sonra da davamlı inkişafı regional sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması, Cənubi Qafqazda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsi, xalqlarımızın əsaslı maraqlarının reallaşması üçün xüsusi əhəmiyyət kəsb edir. 2019-cu ilin mühüm diplomatik uğurları sırasında yer alan dövlətimizin başçısı İlham Əliyevin Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının iştirakı və çıxışı Rusiya-Azərbaycan münasibətlərinin bugünkü səviyyəsinin, ən əsası Azərbaycanın artan nüfuzunun, işğalçı Ermənistanın isə zəifləyən mövqeyinin açıqlanmasında yardımçı olmuşdur. “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən geniş bəhs edən Prezident İlham Əliyev Ermənistanın işğalının nəticələrinə diqqət yetirərək BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğulamışdır. Dövlətimizin başçısı Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq bunu belə cavablandırmış, işğalçı dövlətə öz yerini göstərmişdir: “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”. O da məlumdur ki, son illər Rusiyanın təşəbbüsü ilə dəfələrlə Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin görüşü olub. Rusiya tərəfi məsələnin tezliklə həllinin vacibliyini bəyan edir.

Azərbaycanın xarici siyasətində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən sonra ikinci əsas məsələ olan Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Konvensiyanın imzalanması da Rusiya-Azərbaycan münasibətlərinin hazırkı səviyyəsinin göstəricilərindəndir.

Qeyd olunanlar fonunda bu ümumiləşdirmə aparılır ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri iki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə inkişafında, yeni prioritetlərin müəyyənləşdirilməsində əhəmiyyətli rola malikdir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın qeyd etdiyi kimi, bu gün Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq kimi səciyyələndirilir. Hazırda ölkələrimiz arasında münasibətlər öz tarixi ərzində ən yüksək səviyyədədir.

Yeganə Əliyeva, “İki sahil”