08 oktyabr 2019 10:35
1301

Rusiya-Azərbaycan strateji münasibətləri yeni mərhələdə

Prezident İlham Əliyevin xarici ölkələrə bütün səfərlərinin diqqətlə izlənilməsi,  çıxışlarının auditoriyalarda  maraqla dinlənilməsi, beynəlxalq hüquqa, ədalətə əsaslanan arqumentlərinin, dünya hadisələrinə  obyektiv baxışının, zamanın tələbindən irəli gələn çağırışları əməli fəaliyyəti ilə  cavablandırması dövlət başçımızın liderlik fəlsəfəsinin beynəlxalq səviyyədə etirafıdır. Cənab İlham Əliyevin azsaylı dövlət başçılarının dəvət olunduğu  “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik sessiyasındakı çıxışı, dünya siyasətinin aktual  məsələlərinə praqmatik yanaşması diqqətdən yayınmadı.

Prezident İlham Əliyevin Rusiya Federasiyasına bu günlərdə baş tutan səfəri çərçivəsində keçirilən tədbirlərdəki çıxışları, televiziya kanallarına verdiyi müsahibələrin hər biri  təkcə dost ölkə ilə strateji əməkdaşlığı deyil, bütünlükdə dünya hadisələrinin təhlili baxımından yaddaqalan oldu.

Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik sessiyasında iştirak edən, plenar iclasda verilən sualları cavablandıran cənab İlham Əliyev növbəti dəfə dünya siyasətində fərqli lider olduğunu təsdiqlədi.

2004-cü ildən yaradılan, ötən illər ərzində dövlət başçılarının, dünyanın aparıcı ekspertlərinin görüş yerinə çevrilən “Valday”ın diplomatik diskussiyalar mərkəzi, hadisələrin tarixi, mədəni və fəlsəfi baxımdan araşdırıldığı məkan kimi tanındığını bildirən Vladimir Putinin söylədiyi kimi Rusiya ilə Asiya dövlətlərinin münasibətləri xüsusi əhəmiyyət kəsb edir: “Asiya ilə bizim - Rusiyanın münasibətlərinin belə xarakteri təkcə bugünkü reallıqların tələbi deyil, tarixin tələbidir.” Sessiyanın mövzusunun “Şərqin şəfəqi” adlandırılması da bu baxımdan xarakterikdir.

Asiya ilə Avropa arasında körpü olan, sivilizasiyalararası dialoq, humanitar platforma kimi tanınan Azərbaycanın dövlət başçısının bu sessiyada təmsilçiliyi hər baxımdan əhəmiyyətli idi. Prezident Vladimir Putin kimi, dövlətimizin başçısı İlham Əliyevin də  “ağlı-qaralı”, mürəkkəb dünya sistemində qarşılıqlı əlaqələrin möhkəmləndirilməsini beynəlxalq sülhə töhfə adlandırması, regionda, Cənubi Qafqazda sabitliyin təminatı üçün birgə səylərin hər zamankından daha vacib olduğunu bildirməsi “Şərqin şəfəqi” mövzusunu aktuallaşdırır.

Qlobal, mürəkkəb, həllini gözləyən  siyasi hadisələrlə çalxalanan dünyamızda sülhün, təhlükəsizliyin qorunması üçün birgə əməkdaşlıq XXI əsrin ən vacib çağırışlarındandır. Bu sabitliyin, qarşılıqlı tərəfdaşlığın qorunması naminə bərabərhüquqlu siyasi münasibətlər formalaşmalı, genişlənməli, real perspektivlərə əsaslanan enerji, nəqliyyat layihələrinin, mədəni, humanitar məsələlərin həllinə diqqət artırılmalıdır.

“Valday” Beynəlxalq Diskussiya Klubunun iclasındakı çıxışı ilə dövlətləri, xalqları birləşdirən birgə səylərin möhkəmləndirilməsinin vacibliyindən bəhs edən cənab İlham Əliyev bildirdi ki, qarşılıqlı dialoqların təşkilində başlıca amil olan strateji əməkdaşlığın gücləndirilməsi, terrora, ekstremizmə, separatçılığa, dini radikalizmə qarşı mübarizə dünya siyasətinin əsas çağırışlarındandır. Rusiya-Azərbaycan münsibətlərində bu prinsiplərə hörmətlə yanaşıldığını, fəal siyasi dialoqun mövcudluğunu diqqətə çatdıran cənab İlham Əliyevin bildirdiyi kimi, hər iki dövlət təmsil olunduğu beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əlaqələrə sadiqlik göstərir, ümdə məsələlərin müzakirəsində eyni mövqedən çıxış edirlər: “Beş “Yol xəritəsi” çərçivəsində əməkdaşlığın prioritet istiqamətlərinin müəyyən edilməsi, şübhəsiz ki, ticari əlaqələrin daha da genişlənməsinə səbəb olacaq” söyləyən, hərbi-texniki əməkdaşlıq sahəsində münasibətlərin möhkəmləndiyini bildirən cənab İlham Əliyev Rusiya-Azərbaycan əlaqələrində mühüm əhəmiyyət kəsb edən nəqliyyat layihələrinin dünya dövlətləri, region ölkələri üçün verdiyi iqtisadi səmərəni də diqqətə çatdırdı: “ 2018-ci ildə Şimal-Cənub dəhlizi vasitəsilə daşınmaz yüklərin həcmi əvvəlki illərdəkindən 8 dəfə çox olub... Onu da demək istərdim ki, Şimal-Qərb dəhlizi də işə düşüb. Rusiyadan yüklər Azərbaycan ərazisindən keçməklə həm cənub, həm də qərb istiqamətində göndərilir.”

Qlobal nəqliyyat layihələrinin təşəbbüskarı olan Azərbaycan müasir nəqliyyat infrastrukturunun,  regionda etimad mühitinin yaradılmasının da müəlliflərindəndir. Cari ilin aprelində Pekində keçirilən “Bir kəmər, bir yol” Beynəlxalq Forumunda Azərbaycanın Cənubi Qafqaz ölkələrini təmsil etməsi ölkəmizə etimaddan qaynaqlanır.  Ölkəmiz, eyni zamanda, Şimal-Cənub layihəsinin mühüm tərəfdaşıdır. Azərbaycan həm də Şərq-Qərb, Şimal-Cənub dəhlizlərində iştirak edən yeganə ölkədir. 

Bu əlaqələr  ölkələr və xalqlar arasında sağlam düşüncəyə əsaslanan münasibətlərin sarsılmazlığını göstərir. Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın şirkət fəaliyyət göstərir. Şimal qonşumuz ölkəmizdə 4,6 milyard dollar həcmində sərmayə qoyub. Azərbaycan isə Rusiyaya 1,2 milyard dollar investisiya yatırıb. Sənayeləşmənin, turizmin, təhsilin inkişafı məsələlərində də münasibətlər istənilən səviyyədədir.

Çıxışında daha çox Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti diqqətə çatdıran cənab İlham Əliyev arqumentləri ilə reallığı əks etdirməyən fikir müxtəlifliyinə də aydınlıq gətirdi. “Münaqişə nəticəsində Azərbaycan humanitar fəlakətlə üzləşib. Dağlıq Qarabağdan və Azərbaycanın işğal olunmuş digər ərazilərindən 700 mindən çox, məcburi köçkün, üstəgəl müasir Ermənistanın ərazisindəki öz tarixi torpaqlarından qovulmuş 250 min azərbaycanlı” sözləri ilə Ermənistanın təcavüzkar siyasətinin Azərbaycan xalqına gətirdiyi fəlakətləri, torpaqlarımızın işğalı nəticəsində torədilən siyasi-iqtisadi, mənəvi, ekoloji terroru diqqətə çatdıran dövlət başçımız BMT-nin, digər beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrin yerinə yetirilməməsini  işğalçıya loyal münasibət adlandırdı: “Azərbaycanda bizi qətnamələrin yerinə yetirilməsinin reallaşdırılmasının seçmə xarakteri narahat edir. Bəzən onlar bir neçə gün ərzində yerinə yetirilir, bəzən isə müəyyən hərbi əməliyyatların həyata keçirilməsində onlara, ümumiyyətlə, ehtiyac qalmır. Bizimlə bağlı məsələdə isə qətnamələr kağız üzərində qalır.”   

Ermənistanın baş naziri Nikol Paşinyanın dünya ictimaiyyətini çaşdırmaq üçün  səsləndirdiyi populist “Dağlıq Qarabağ xalqı”, “Qarabağ Ermənistanın hissəsidir və nöqtə”  sözlərinə qətiyyətlə cavab verən cənab İlham Əliyevin “Birincisi, yumşaq desək bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri əsl həqiqətə uyğun olduğu üçün dəstəkləndi.

Maraqlıdır ki, adətən Ermənistana isti münasibəti ilə seçilən Rusiyanın xarici işlər naziri S. Lavrov da Paşinyanın “Dağlıq Qarabağı erməniləşdirmək” isterikasını təkzib edərək baş nazirin sözlərini vaxtı ilə Albaniya rəhbərinin “Kosova Albaniyanındır” mövqeyi ilə həmahəng səsləndiyini və qəbuledilməzliyini bildirdi.

Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI sessiyasında iştirakı bir neçə baxımdan əhəmiyyətlidir. Prezidentlər Vladimir Putin və İlham Əliyevin Rusiya-Azərbaycan münasibətlərinin gələcək perspektivləri, siyasi-iqtisadi əməkdaşlığı möhkəmləndirən əlaqələr barədəki açıqlamaları göstərdi ki, illərdən bəri strateji tərəfdaş kimi münasibətlərini qarşılıqlı hörmət prinsipləri əsasında davam etdirən, dünya nizamını tarazlayan problemlərə eyni mövqedən yanaşan hər iki ölkə illərin sınağından çıxan ikitərəfli əlaqələrin geniş coğrafiyada, müxtəlif istiqamətlərdə möhkəmlənməsində maraqlıdır.

Xuraman İsmayılqızı, “İki sahil”