27 oktyabr 2020 18:57
1169

Rusiya Ermənistanı müttəfiqi  qismində görmür

Rusiya bundan sonra Türkiyə ilə strateji müttəfiqlik edəcək

Vətən Müharibəsi başlayan ilk gündən döyüşən tərəfləri: Azərbaycan və erməni xalqlarını, dünya  siyasətçilərini, politoloqlarını, jurnalistlərini, bir sözlə, hamını düşündürən  əsas suallardan biri də bu idi ki, Rusiya bu savaşa necə yanaşacaq və hansı mövqeni tutacaq.

Biz müharibənin ilk günündən başlayaraq  hal-hazırkı vaxta qədər Rusiya tərəfindən Azərbaycan və Ermənistana balanslaşdırılmış münasibətin şahidi oluruq. Rusiya ilk günlər bu hadisələri susqunluq, səbir və təmkinlə qarşıladı. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Qırğızıstanda baş verən siyasi böhranla  bağlı “Rusiya qonşuların daxili işinə qarışmır” deməklə Ermənistana da açıqca mesaj göndərmişdi ki, başına çarə qılsın. Bu, əslində Ermənistana siqnal  idi ki, indiyə qədər yeritdiyin avanturist siyasətin cavabını sən də alacaqsan.

Ermənistanın ən çox dəstək gözlədiyi təşkilat isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) idi. Qurumun baş katibi Aleksandr Zasın adından hərbi əməliyyatlarla  bağlı  yayılan açıqlamada təşkilatın Dağlıq Qarabağda vəziyyətin eskalasiyası ilə bağlı ciddi narahatlıq keçirdiyi ifadə olundu. “Mövcud vəziyyət 1994-cü ildə atəşkəs haqqında sazişin və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması çərçivəsində güc tətbiq edilməməsi ilə bağlı qarşılıqlı öhdəliklərin icrasına yardım etmir. Dərhal atəşkəs rejimini bərpa etmək və ATƏT-in Minsk qrupunun apardığı danışıqlar prosesinə qayıtmaq lazımdır. Dağlıq Qarabağda münaqişənin həlli yalnız siyasi-diplomatik metodlarla mümkündür. Kollektiv Təhlükəsizlik Şurası, KTMT-nin Xarici İşlər nazirləri Şurası öz bəyanatlarında dəfələrlə tərəfləri münaqişə vəziyyətlərini istisnasız olaraq sülh yolu ilə nizamlamağa nail olmağa, gərginliyi artırmağın qarşısını almaq məqsədilə təxribatçı fəaliyyətlərdən çəkinməyə çağırıb”, - deyə KTMT baş katibi vurğulayıb.

Rusiya Prezidenti Vladimir  Putin oktyabrın 7-də hərbi əməliyyatlar başlayandan 10 gün sonra sükutu pozmuş və “Rossiya-1” telekanalına müsahibəsində  belə bir bəyanat vermişdir: ”Döyüş əməliyyatları Ermənistan ərazisində aparılmır”.  Jurnalistin verdiyi “Rusiya Prezidenti Dağlıq Qarabağ ətrafındakı son hadisələri necə dəyərləndirir” sualının cavabında  V.Putin deyib: “Bu, faciədir, biz çox narahatıq. Azərbaycan da, Ermənistan da, Dağlıq Qarabağ da – bütün bu ərazilərdə yaşayan insanlar bizə yad deyillər. Bunu demək kifayətdir ki, bizim hesablamalara görə, bizdə - Rusiyada, təqribən 2 milyon azərbaycanlı və 2 milyondan çox erməni yaşayır. Rusiyanın çoxsaylı vətəndaşları hər iki respublika ilə sıx dostluq və hətta qohumluq əlaqələri saxlayır. Əlbəttə, bu, böyük faciədir. İnsanlar həlak olur, hər iki tərəf böyük itkilər verir. Biz ümid edirik ki, ən yaxın zamanda bu münaqişə dayandırılacaq. Lakin əgər münaqişə tamamilə başa çatmasa, – hər şeydən görünür ki, bu, hələ tezliklə olmayacaq, – hər halda biz atəşkəsə çağırırıq, bunu bir daha demək istəyirəm, çağırırıq. Özü də bunu mümkün qədər tezliklə etmək lazımdır”.

V.Putin Ermənistan qarşısında Rusiyanın heç bir öhdəlik daşımadığını da dilə gətirərək bildirir ki,  Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, bu müqavilə çərçivəsində bizim Ermənistan qarşısında müəyyən öhdəliklərimiz var. Lakin biz çox təəssüflənirik ki, döyüş əməliyyatları indiyədək davam edir, bu əməliyyatlar Ermənistan ərazisində aparılmır. Rusiyanın bu müqavilə çərçivəsində öz öhdəliklərini yerinə yetirməsinə gəldikdə isə biz öz öhdəliklərimizi həmişə yerinə yetirmişik, yetiririk və yetirəcəyik. Bildiyiniz kimi, mən Ermənistanın baş naziri ilə daim canlı əlaqə saxlayıram, Rusiyanın öz müttəfiqlik öhdəliklərini nə dərəcədə yerinə yetirməsi ilə əlaqədar Ermənistan rəhbərliyinin heç bir sualı yoxdur. Rusiya Prezidentinin bu fikri artıq Ermənistan üçün bir mesaj idi ki, bizdən umduğunuz köməkliyi ala bilməyəcəksiniz.

Rusiya Prezidentinin “Rossiya-1” telekanalına müsahibəsində bir məqam da diqqəti çəkir ki,  ən yaxın zamanda bu münaqişə dayandırılacaq: «Lakin əgər münaqişə tamamilə başa çatmasa, – hər şeydən görünür ki, bu, hələ tezliklə olmayacaq, – hər halda biz atəşkəsə çağırırıq.- bunu bir daha demək istəyirəm, çağırırıq.» 

Göründüyü kimi, Rusiya Prezidenti münaqişənin tezliklə həll olunmayacağının və başa çatmayacağının da anonsunu verib. Rusiya lideri xatırladıb ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və bu müqavilə çərçivəsində Rusiyanın Ermənistan qarşısında müəyyən öhdəlikləri var: “Lakin biz çox təəssüflənirik ki, döyüş əməliyyatları indiyədək davam edir, bu əməliyyatlar Ermənistan ərazisində aparılmır. Rusiyanın bu müqavilə çərçivəsində öz öhdəliklərini yerinə yetirməsinə gəldikdə isə biz öz öhdəliklərimizi həmişə yerinə yetirmişik, yetiririk və yetirəcəyik. Bildiyiniz kimi, mən Ermənistanın baş naziri ilə daim canlı əlaqə saxlayıram, Rusiyanın öz müttəfiqlik öhdəliklərini nə dərəcədə yerinə yetirməsi ilə əlaqədar Ermənistan rəhbərliyinin heç bir sualı yoxdur”.

Rusiya Prezidentinin bu fikirlərindən isə belə nəticəyə gəlmək olar ki, rəsmi Rusiya müharibənin hələ çox davam edəcəyini zənn edir və gələcəkdə əlverişli məqamda siyasi tənzimləmə prosesinə qoşulmaqla prosesi nəzarətə götürmək istəyir.

Rusiya Prezidenti V. Putinin “Rossiya-1” kanalına verdiyi müsahibədə dediyi “Müharibə Ermənistan ərazisində aparılmır” fikrinin açıqlamasını  KTMT-nin baş katibi Aleksandr Zas   izah edib: ” KTMN-nin Nizamnaməsi təşkilata daxil olan ölkələrin suverenliyinə və bütövlüyünə təhlükə olan zaman münaqişəyə müdaxilə etməyi mümkün hesab edir. Bu cür hallar bizim normativ sənədlərdə dəqiq yazılıb. İki halda- birincisi, təşkilata üzv olan ölkələrin təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə real təhlükə yaranan halda, həmin ölkə quruma müraciət etməkdə haqlıdır. İkinci hal isə təcavüz və hərbi hücumdur. Belə olan halda bu, bütün üzv ölkələrə qarşı təcavüz kimi qiymətləndirilir. Bu zaman sorğu əsasında   bizim ölkələr təcavüz obyektinə  dərhal hərbi yardım daxil olmaqla  bütün yardımı göstərir”.

 Rusiya Prezidenti V.Putindən sonra  KTMT baş katibinin bu cür açıqlaması işğalçı Ermənistanın əlinin bu təşkilatın da ətəyindən üzüldüyünü göstərir. Bir daha aydın olur ki, nə Rusiya Prezidenti Vladimir Putinin, nə də  KTMT rəhbərliyinin  münaqişəyə qoşulmaq niyyəti yoxdur. Belə bir niyyətin  olmadığını bilən  Ermənistan qəsdən davamlı olaraq Azərbaycan ərazilərini, ətraf rayonların, böyük şəhərlərin dinc əhalisini, mülki obyektləri atəşə məruz qoyur ki, Azərbaycan rəhbərliyinin səbri tükənsin və Ermənistan ərazisinə hücum və atəş açsın. Bu halda, KTMT-nin müdaxiləsinə əsas yarana biləcəkdi.  Azərbaycan heç bir  provakasiyaya getmir.  Lakin Rusiya rəhbərliyinin rəsmi mövqeyinə məhəl qoymayaraq  həmin ölkənin bir çox informasiya agentlikləri,  telekanalları, tanınmış siyasətçiləri vasitəsilə  Azərbaycan əleyhinə yalan və iftiralarla dolu əks-təbliğat işi aparılır.  Rusiyada bəzi siyasətçilərin atəşkəsi qeyd-şərtsiz şəkildə bərpa etmək çağırışları Ermənistanı düşdüyü ağır vəziyyətdən xilas etməyə hesablanıb. Lakin yaxşı olardı ki, həmin  aparıcılar, siyasətçilər və şərhçilər Ermənistana müraciət edib mümkün qədər tez bir zamanda işğal etdiyi torpaqları boşaltmağı tövsiyə edəydilər.

2020-ci il oktyabrın 22-də Rusiya Prezidenti “Valday” Diskusiya Klubunun  XVII videokonfransında isə  bu münaqişənin həllinə  dair Rusiyanın rəsmi mövqeyini ortaya qoyan ciddi fikirlər səsləndirdi. Rusiyanın Qarabağ planı nədir?

Həmin konfransda Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 2020-ci il sentyabrın 27-də Qarabağda hərbi əməliyyatlar başlayan gündən bəri ilk dəfə proseslər barədə konseptual çıxış etdi. Birincisi, V.Putinin çıxışı Cənubi Qafqazda güc nisbətinin dəyişdiyini, Rusiyanın da yeni geosiyasi reallıqlar müstəvisində kənar oyunçu statusu ilə əsla kifayətlənməyərək Azərbaycanla Ermənistana təsir imkanlarını əldən verməməyə çalışacağını göstərdi.

İkincisi, "Valday" Diskussiya Klubunun toplantısında V.Putin bəyan etdi ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ABŞ-ın fəal iştirakına bel bağlayır.

 Rusiya Federasiyasının Prezidenti vurğulayıb ki, 1992-ci ildə yaradılmış Minsk qrupunun həmsədrləri kimi Rusiya, Fransa və ABŞ-ın üzərinə məsuliyyət düşür, prosesin bütün iştirakçıları vəziyyətin tənzimlənməsinə səmimiyyətlə can atırlar, lakin Rusiya kimi heç kim bunda maraqlı deyil.

Münaqişənin baş vermə səbəblərinə və tarixinə toxunarkən Rusiya Prezidenti ziddiyyətli fikirlər səsləndirərək bildirib: "Bu münaqişə, sadəcə, bir dövlətlərarası münaqişə və ya ərazilər uğrunda mübarizə kimi yox, etnik zəmində qarşıdurma ilə başladı. Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin itirildiyi şərait əbədi davam edə bilməzdi".

Münaqişənin həlli ilə bağlı V.Putin ilk dəfə olaraq Rusiyanın neytral mövqe tutduğunu dilə gətirib: "Elə mövqe tutmuşuq ki, həm Azərbaycanın, həm Ermənistanın etimadından yararlana bilək. Qarabağ münaqişəsinin nizamlanmasında Rusiya qədər kimsə maraqlı deyil. Bizdə olan məlumatlara görə, indiki gərginləşmənin başlanmasından bəri hər iki tərəfdən təqribən 5 min nəfər həlak olub. Bizim üçün Ermənistan da, Azərbaycan da bərabər tərəfdaşlardır, hər ikisi ilə tammənalı münasibətlər qurmaq istəyirik.»

Politoloq Natiq Miri “Sherg.az”a açıqlamasında bildirib ki, V.Putin  hər iki ölkənin ondan inciməməsi üçün belə açıqlama verib: “Rusiya lideri Azərbaycanla Ermənistan arasında balans yaradaraq hər iki ölkənin “könlünü almaq” istədi. Paralel olaraq, ölkələrə “dəyənək” də göstərdi. Azərbaycan torpaqlarının əhəmiyyətli hissələrinin itirilməsi vəziyyətinin davam edə bilməyəcəyini deməklə, əslində reallığı söylədi. Məgər 30 il qısa müddətdir ki?! 30 il bir insan ömrüdür. Ayrıca, bu gün vasitəçilik etmək istəyən ölkələr erməniləri müdafiə etdikləri üçün Azərbaycanın işğalda olan torpaqlarının azad edilməsi bu qədər gecikib”.

Politoloq   bu vəziyyətdə Azərbaycanın yeridəcəyi siyasətə toxunaraq bildirib ki, amma istənilən halda Bakı müstəqil və suveren xarici siyasət yürütməklə yanaşı, bölgədə strateji aktor rolunu oynayan İran və Rusiya ilə münasibətlərini gərginləşdirməməyə çalışacaq. Tam əksinə, həmin münasibətlər daha da inkişaf etdiriləcək.

Sonda belə bir nəticəyə gəlmək olar ki, artıq Kreml Ermənistanı müttəfiqi qismində görmür. Çünki İrəvandakı hakim rejim Soros fondundan tapşırıq alaraq regionda dağıdıcı, pozucu, aqressiv və işğalçı siyasət yürüdür. Ermənistanla sıx əlaqələrin Rusiya üçün yaxın perspektivdə heç bir uğuru yoxdur. Ölkəmiz Rusiya ilə münasibətlərə çox yüksək dəyər verir və əlaqələrin hərtərəfli, ən geniş miqyasda inkişafında maraqlıdır. Cənubi Qafqazda siyasi, geosiyasi, hərbi, iqtisadi və s. baxımdan real lider mövqeyi Azərbaycana  məxsusdur.

İlkin Əliyev,
Gənc Politoloqlar Mərkəzinin sədri