13 noyabr 2019 17:30
718

Rusiyalı ekspert neftin ucuzlaşması ehtimalından danışdı

2020-ci ilin birinci yarısında dünya bazarında neftin qiymətləri 60dollar/barel ətrafında dəyişəcək.

Bu barədə “Report”a rusiyalı ekspert, Moskva İdarəçilik Məktəbinin eksperti Yekatrina Qruşevenko bildirib.

O, neftin qiymətinin dəyişməsi proqnozu ilə bağlı səbəblər arasında dünya iqtisadi artımına dair mənfi proqnozları, o cümlədən ABŞ ilə Çin arasında davam edən ticarət müharibəsini misal göstərib.

“2020-ci ilin birinci yarısında ABŞ-ın Permian hövzəsindən şist neftinin nəqli ilə bağlı yenə də çətinliklərlə üzləşəcəyi gözlənilir. Bununla yanaşı, OPEC+ ölkələri də neftin qiymətlərini saxlamaq üçün kvotaları artırmağa hazır olduqlarını bildirirlər”, – deyən ekspert üstəlik də neft hasilatının ən sürətli artdığı Braziliyanın qeyri-rəsmi də olsa, OPEC+ üzvü olmağa razılıq verməsinin də neft qiymətlərinə təsirsiz ötüşməyəcəyini dilə gətirib.

Qeyd edək ki, ekspertlər 2020-ci ildə bütün dünyada neftin ucuzlaşacağı barədə proqnoz verir.

Nüfuzlu beynəlxalq təşkilatların proqnozlarını nəzərə alan Azərbaycan hökuməti 2020-ci ilə dövlət və icmal  büdcədə neftin bir barelinin qiymətini 55 dollar səviyyəsində nəzərdə tutub, 2019-cu il üzrə isə bu göstərici 60dollar olub.

Rusiyanın energetika naziri Aleksandr Novak oktyabr ayında neftin 50 dollar səviyyəsindəki qiymətini ədalətli saydığını bildirmişdi. ABŞ Enerji Departamentinin saytında yerləşdirilən yaxın gələcəyə dair proqnoza görə, 2020-ci ilin ikinci rübündə “Brent” markalı neftin qiyməti 57 dollar təşkil edəcək. Buna səbəb olaraq dünya neft ehtiyatlarının artması göstərilir. Beynəlxalq Valyuta Fondu 2020-ci ildə “Brent” markalı neftin orta illik qiymətini 57,94 dollar, Dünya Bankı isə 58 dollar səviyyəsində gözləyir.

Bununla belə, ABŞ ekspertləri sonrakı dövrdə qiymətin 62 dollaradək artacağını da istisna etməyiblər.