13 avqust 2020 16:35
998

Rusiyanın Ermənistanı silahlandırması...

“Hazırkı mürəkkəb geostrateji vəziyyətdə istər beynəlxalq münasibətlər sistemində, istərsə də regionumuzdakı kritik şərtlər içərisində milli maraqların qorunması strateji əhəmiyyət kəsb edir və olduqca aktualdır”.

 “İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

 O qeyd edib ki, son hadisələr bir daha təsdiq etdi ki , Azərbaycan Prezidenti İlham Əliyev milli məsələlərdə və milli maraqların qorunmasında qətiyyət nümayiş etdirməklə ölkəmizin hərbi-siyasi maraqlarını qoruyur, milli maraqlarımızın təmin edilməsində prinsipiallıq nümayiş etdirir: “Elə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə baş tutan sonuncu telefon danışığında bir sıra mühüm məsələlərə toxunması və onların aydınlaşdırılmasını istəməsi milli maraqlarımızın qorunması baxımından olduqca vacibdir. Məsələ ondadır ki , artıq uzun müddətdir ki, Rusiya işğalçı Ermənistanı fasiləsiz olaraq silahlandırır. Bu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi boyu daima davam edib. Hətta 1997-ci ildə general Lev Roxlin o zaman olduqca böyük miqdar hesab olunan 1 milyard dollarlıq silahın Rusiyadan işğalçı Ermənistana pulsuz olaraq verilməsini ifşa etmişdi. 2020-ci ilin 12-16 iyul tarixində Ermənistan ordusunun iki ölkə arasındakı sərhəd xəttində yaratdığı hərbi-siyasi təxribatdan sonra isə bəlli olur ki, Rusiya Ermənistanı silahlandırmaqda yenə də davam edir. Bu, əsla yolverilməzdir”.

Deputat xatırladıb ki, Rusiyanın işğalçı ölkəni silahlandırması hər şeydən öncə beynəlxalq hüquqa ziddir. İkincisi ATƏT-in Minsk qrupunun həmsədri kimi onun üzərinə götürdüyü missiyaya uyğun deyil, üçüncüsü isə bu ölkənin regionumuzdakı tarixi-siyasi və mənəvi məsuliyyətinə uyğun deyil: “Ermənistanın silahlandırılması onun Azərbaycan torpaqlarını işğal etməsinə dəstək vermək deməkdir. Bundan başqa regiondakı status–kvonu legitimləşdirmək cəhdidir və nəhayət strateji müttəfiq kimi Azərbaycanın milli maraqlarını görməzdən gəlməklikdir ki, bunların heç birinin nə hüquqi, nə də siyasi bəraəti ola bilməz”.

H.Babaoğlu vurğulayıb ki, əgər Minsk qrupu öz missiyasını həyata keçirə bilmirsə, o zaman həmsədrlərin əvəzlənməsi və Minsk qrupuna üzv olan ölkələrdən digər başqaları həmsədrlik missiyasını öz üzərinə götürməlidir. Bu rola ən uyğun ölkə isə regionda tarixi-siyasi və mənəvi məsuliyyəti olan Türkiyə Cümhuriyyətidir. Hələ Minsk Qrupu formalaşarkən əslində Türkiyənin həmsədrlərdən biri olması olduqca ciddi şəkildə müzakirə olunmuş, lakin təəssüf ki, baş tutmamışdı. Ona görə də Rusiya Federasiyası hazırki mürəkkəb tarixi mərhələdə onsuz da mürəkkəb hesab edilən Cənubi Qafqaz regionunda işğalçı Ermənistanı silahlandırmaqla vəziyyəti bir daha da gərginləşdirməməli, tam əksinə, problemin həllinə məhz indi heç olmadığı qədər yardım etməyə çalışmalıdır” .

Deputat qeyd edib ki, işğalın davam etməsi təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Rusiyanın cənub sərhədlərində vəziyyəti gərginləşdirə biləcək potensiala sahibdir ki , bu da əsla nə Rusiyanın, nə də Azərbaycanın maraqları baxımından arzu edilən deyil.