25 noyabr 2019 11:05
1482

Rüsvayçı AXC-Müsavat hakimiyyəti tarixi həqiqətlər prizmasında

Azərbaycanı məhv olmaq təhlükəsi ilə üz-üzə qoyan axc-müsavatçı “bəylər” qorxaq, satqın, küçə adamı, antimilli, flüger və xəyanətkar idilər

XX əsrin sonlarında dünyada, SSRİ-də gedən tarixi-siyasi proseslərin və xalqımızın milli-azadlıq hərəkatı nəticəsində Azərbaycanın müstəqilliyi bərpa olundu. Azərbaycanın müstəqilliyi dünya ölkələri, müxtəlif beynəlxalq təşkilatlar və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanındı. O zaman respublika rəhbərliyinin qarşısında istiqlaliyyətini yenicə bərpa edən respublikada müstəqilliyin möhkəmləndirilməsi, hüquqi, demokratik dövlət quruculuğu, xalqın maddi rifah halının yaxşılaşdırılması, ərazi bütövlüyünün qorunması, xəyanətkar erməni silahlı dəstələrinin torpaqlarımıza təcavüzünün qarşısının alınması kimi tarixi vəzifələr dururdu.

Tarixin və taleyin acı ironiyası

Çox təəssüf ki, başı hakimiyyət uğrunda mübarizələrə qarışmış o vaxtkı respublika “rəhbərlərinin” səriştəsiz və naşı siyasəti nəticəsində tariximizə faciə və tənəzzül dövrü kimi daxil olan1991-1993-cü illərdə bu sahələrdə ciddi addımlar atılmadı. Əksinə, 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsinin “başbilənlərinin”, xüsusi xidmət orqanları tərəfindən milli-azadlıq hərəkatının sıralarına yeridilmiş “demokratlar”ın hakimiyyəti tank və topların gücü ilə zəbt etməsindən sonra Azərbaycanın vəziyyəti daha da ağırlaşdı, necə deyərlər, ölkənin başı üzərini qara buludlar aldı. Rüsvayçı AXC-Müsavat hakimiyyətinin satqın, dönük, savadsız, “otkatçı”, flüger “rəhbərləri” Azərbaycanı parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdular. Ölkədə vətəndaş müharibəsi baş alıb gedirdi. Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə idi. Bu vəziyyətdən istifadə edən separatçılar ölkədə özlərinə müstəqil respublika yaratmağa cəhd edirdilər.

Ulu öndər Heydər Əliyev “bəyləri” dar ağacından, Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən respublika rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanın sınağa çəkildiyi o çətin anlarda öz xilaskarlıq missiyasını həyata keçirdi, çirkli siyasi oyunların məngənəsindən çıxartdı, xalqı və ölkəni dərin siyasi və iqtisadi böhrandan xilas etdi. Ümummilli lider milli dövlət qurulması, dövlətçilik ideyalarının həyata keçirilməsi və bu proseslərin dönməzliyinin təmin edilməsi üçün respublikada milli birlik və həmrəyliyə nail olmaq üçün mühüm addımlar atdı. Ulu Öndərin gərgin və titanik fəaliyyəti nəticəsində Azərbaycan dövlətini dağılmaq və parçalanmaq təhlükəsindən xilas etdi, nizami ordu yaradıldı, onun döyüş qabiliyyətinin yüksəldilməsi, torpaqlarımızın müdafiə olunması üçün genişmiqyaslı tədbirlər həyata keçirildi, sözün həqiqi mənasında dövlətçiliyin əsasları qoyuldu, respublikanın strateji inkişaf istiqamətləri müəyyən edildi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ölkədə hakimiyyət dəyişikliyi baş verdi. Hakimiyyət vakuumu aradan götürüldü, baş qaldırmış separatçı qüvvələr, Azərbaycan dövlətçiliyinə, müstəqilliyə, ərazi bütövlüyunə qəsdlər törədən cinayətkar ünsürlər zərərsizləşdirildi, dövlət ilə xalqın birliyi, yekdilliyi təmin edildi. Bir sözlə, respublikadakı hakimiyyətsizlik aradan götürüldü, baş qaldırmış separatçı qüvvələr, Azərbaycan dövlətçiliyinə, müstəqilliyə, ərazi bütövlüyünə qəsdlər törədən cinayətkar ünsürlər zərərsizləşdirildi, dövlət ilə xalqın birliyi, yekdilliyi təmin edildi.

Gənclər xəyanətkar AXC-Müsavat hakimiyyəti dövründəki tarixi həqiqətləri bilməlidirlər

Tarix heç nəyi unutmur. Ötən əsrin 90-cı illərində respublikadakı hakimiyyətsizlikdən istifadə edərək ayaqlar altına atılmış idarəçiliyi tankların və topların gücü, elə o zaman Azərbaycan Ali Sovetinin sədri İsa Qəmbərin “sağ əli” olan Arif Hacılının dediyi kimi “9 dövlətin razılığı” ilə hakimiyyəti qamarlayan AXC-Müsavat cütlüyünün həşəmətli “bəyləri” olub keçənləri unutmağa və unutdurmağa çalışsalar da tarixin sərt məntiqi və xalqın yaddaşı qarşısında geri çəkilməyə məcbur olurlar.

Bəli, biz onların xəyanətlərini unutmamalıyıq! Bütün bunlara obyektiv qiymət vermək üçün heç də tarixin dərin qatlarına enmək lazım deyil. Onun təxminən 30 il bundan əvvəlki səhifələrini vərəqləyərək 1992-1993-cü illərdə müstəqillik yollarında ilk kövrək addımlarını atan respublikamıza “rəhbəlik” edən AXC-Müsavat tandeminin antimilli siyasətlərinin bütün çalarlarını tam təfərrüatı ilə indiki nəsillərə-gənclərə catdırmaq hər birimizin-Azərbaycanı sevən hər bir kəsin müqəddəs vəzifəsi olmalıdır.

Prezident İlham Əliyev bugünlərdə Sumqayıt şəhərinin 70 illiyinə həsr edilmiş təntənəli mərasimdəki nitqində bütün bunlara toxunaraq o məşum illərin həqiqətlərini indiki nəsillərə çatdırmağın vacibliyini vurğuladı: “Biz bu tarixi yaddan çıxarmamalıyıq və gənclər bu tarixi bilməlidirlər. Bugünkü reallıqları düzgün təhlil etmək, bu reallıqlara düzgün qiymət vermək üçün biz bu acı dövrü yaddan çıxarmamalıyıq. Elə etməliyik ki, gənclər də bunu bulsinlər, hesab etməsinlər ki, bugünkü inkişaf, bügünkü tərəqqi göydən düşüb. Bilsinlər ki, biz buna qanımız, canımız bahasına nail olmuşuq. Biz tariximizin ən rüsvayçı səhifələrini də vərəqləməliyik. Ona görə ki, o rüsvayçı dövr təkrarlanmasın. Bunu deyəndə əlbəttə ki, mən, ilk növbədə AXC-Müsavat dövrünü qeyd edirəm.”

Baxın, bizi kimlər idarə edirdi?

Ölkə başçısının qeyd etdiyi kimi cəmi birillik hakimiyyəti illərində AXC-Müsavat tandemi respublikanı uçuruma yuvarlatmışdı. Azərbaycan artıq dünyanın siyasi xəritəsində silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Respublikada xaos, anarxiya, hərc-mərclik, talançılıq hökm sürürdü. İş o yerə çatmışdı ki, AXC-Müsavat hakimiyyətinin 1993-cü il may ayının 25-də Prezidentin İcra Aparatında keçirdiyi hüquq mühafizə orqanları işçilərinin müşavirəsində “Bizim sayəmizdə bu respublika dağılır, niyə bu respublikanı dağıdırsınız? Xalq deyir, kaş canımız qurtaraydı bu Xalq Cəbhəsinin əlindən. Bu xalq əgər imperiyadan canını qurtardısa, gələcəkdə onun əlindən burada əyləşən adamların canı qurtarmayacaq. Deyin görüm, respublikanı niyə dağıdırsınız? Camaat yollarda oturub ata-anamızın qəbrini söyür... Bizdə demokratiya anarxiya halını alıb. İndiki şəraitdə Azərbaycan dövlətini, Azərbaycan hüququnu qorumaq olmaz” demişdi.

Ölkənin dövlət katibinin “respublikada mafioz qüvvələr güclənir və onlar ölkəni, demək olar ki, idarə edir”, baş prokurorun “iflic vəziyyətində olan dövlət aparatının özü rüşvətxorluqla məşğuldur və rüşvətxorluğa qarşı mübarizə də məhz dövlət aparatından başlamalıdır”, ədliyyə nazirinin “hakimiyyətimiz dövründə rüşvətxorluq kommunist dövründəkindən də çoxalıb”, Gömrük Komitəsi sədrinin “xalqın qabağında dayanan oğlanlar bu gün pulun qabağında dayana bilmir”, Ali Məhkəmə sədrinin “Nazirlər Kabineti bu gün milyarderlərdən ibarətdir” etiraflarında AXC-Müsavat hakimiyyətinin çirkin, antimilli əməlləri elə onların öz dilləri ilə tarixin daş yaddaşına yazılıb.

Gənclərimiz, xüsusilə dünyagörüşünün darlığından, prosesləri dərindən analizetmə qabiliyyətinin zəifliyindən məhz bu gün həmin “müxalifətçi-demokratlar”ın toruna düşənlər ölkə başçısının proqram xarakterli həmin çıxışını beyinlərinə yazmalıdırlar: “Baxın, bizi kimlər idarə edirdi? İndi bu tarix yaddan çıxır, amma çıxmamalıdır. Baxın, Azərbaycan xalqı hansı rəzil dövrdə yaşayırdı. Baxın, kimlər idi. Mən bir daha deməliyəm ki, yaddan çıxmasın, gənclər də bilsin. Prezident elmi işçi, zəif, iradəsiz bir adam idi. Heç vaxt heç bir idarəyə rəhbərlik etməmişdi. Hətta kiçik bir idarənin rəhbəri olmamışdı. Sadəcə, küçələrdə, orada-burada çığırıb bağırmaqla gəldi prezident oldu və ölkəni rüsvay elədi. Görün, hansı kadrlar seçildi. İndi bunu təsəvvür etmək çətindir ki, - bağışlayın sözümə görə, - belə yaramaz adamlar Azərbaycana rəhbərlik edirdi”.

Qorxaq, satqın, küçə adamı, flüger və xəyanətkarlardan ibarət antimilli dəstə

Doğrudan da İsa Qəmbərin parlament spikeri, Pənah Hüseynin də Baş Nazir, isterik İsgəndər Həmidovun Daxili İşlər naziri, dönük, satqın və xəyanətkar karyerist Əli Kərimlinin Dövlət Katibi, avantürist və demoqoq Rəhim Qazıyevin Müdafiə naziri, heç bir xarici dil bilməyən, öz ana dilində doğru-dürüst danışa bilməyənTofiq Qasımovun Xarici İşlər naziri, Gəncədə girov götürülən zaman öz prezidentinin həbsi haqqında order imzalayan İxtiyar Şirinovun respublikanın Baş Prokuroru vəzifələrini tutmaları tarixin və taleyin qədim və ulu xalqımızı üzərində acı ironiyası idi.

Sözün həqiqi mənasında demək olar ki, ölkə başçısı ötən əsrin 90-cı illərində ölkədə hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyünün iribuynuzlularının, bu antimlli dəstənin üzvlərinin xarakteristikasını zərgər dəqiqliyi ilə verib: “Baş nazir, - o da elmi işçi idi. O da heç bir dissertasiya müdafiə edə bilməmişdi. Hamı yaxşı bilir, indi bu, sirr deyil, mövsümi ticarətlə məşğul olan adam Baş Nazir təyin edildi. Məhz onun dövründə “otkat” sözü bizim lüğətimizə daxil edildi. Gəldi ki, ölkəni talan eləsin, onun sərvətini oğurlasın, tramvay xətlərini kəsdirsin, göndərsin İrana və pul əldə etsin. Bax, bu Baş Nazir idi. Parlamentin sədri, - o da elmi işçi idi. On bir il aspiranturada oxumuşdu. Təsəvvür edin, on bir il. Dissertasiyanı müdafiə edə bilməmişdi. Rəhmətlik akademik Ziya Bünyadovun onun haqqında dediklərini mən təkrarlamaq istəmirəm. Sadəcə olaraq, bunu özümə rəva bilmirəm. Uğursuz aspirant, biliksiz, savadsız adam parlamentin sədri oldu. Ondan nə gözləmək olardı?”.

AXC-Müsavat hakimiyyətinin Dövlət katibi Əli Kərimlinin iyirmialtı ildən artıq bir müddətdə milli maraqlarımıza xəyanət etməklə məşğul olması hamımıza yaxşı məlumdur. Cəmiyyətimiz də yaxşı bilir ki, bu adamın mayası xəyanətlə yoğrulub. AXC-Müsavat tandeminin birillik hakimiyyəti dövründə dövlət idarəçiliyində yüksək postda təmsil olunan Ə.Kərimli baş verən bütün xəyanətlərdə və uğursuzluqlarda öz rolunu məharətlə oynadı. Bu gün “demokrat” donuna bürünmüş bu komsomolçu anti-Azərbaycan dairələrlə işbirliyinə gedərək ölkəmizin əleyhinə, milli maraqlarmıza zərbələr vurmaq üçün dəridən-qabıqdan çıxsa da heç nəyə nail ola bilmir.

Dövlətimizin başçısı çıxışında çox haqlı olaraq o zamankı dövlət katibi Ə.Kərimlini siyasi dönüklükdə, flügerlikdə, satqınlıqda ittiham edib: “Yaxud da ki, dövlət katibi. İstəyirdi komsomolda öz karyerasını artırsın, sonra partiya işinə keçsin və karyerist kimi hansısa bir vəzifəyə sahib olsun. Belələrinə siyasi dönük, flüger deyirlər. Onun bütün tarixi satqınlıq tarixidir. Komsomolçuları satıb, öz partiya himayədarlarını satıb, ondan sonra qoşulub Xalq Cəbhəsinə, orada da Əbülfəz Elçibəyi satıb. Bunu cəbhəçilər yaxşı bilirlər. Əbülfəz Elçibəy xəstələnəndə ən çox sevinən elə o idi. Mən bunu dəqiq bilirəm, bu məlumat var. Sevinirdi ki, xəstələnib öləcəkdir, bu da keçəcəkdir onun yerinə.

İndi son hadisələr də göstərdi ki, o, hansı hünərə sahibdir. Yəni bu isterika, bu paranoya, bu qorxaqlıq, - özünü lider sayan hansı adam özünə rəva bilər ki, bunu nümayiş etdirsin və ondan sonra bütün millətə bəyan etsin ki, mənə qarşı zor tətbiq ediblər. Bu, yalandır. Özünə hörmət edən, ləyaqəti üstün tutan hansı adam belə söz deyər. Bax, bu adam prezidentlik iddiasında olub və bu gün vaxtilə xalq hərəkatı tərəfindən yaradılmış Xalq Cəbhəsinə rəhbərlik etməyə çalışır”.

O vaxtkı hakimiyyətin Baş Naziri Pənah Hüseyn əvvəllər küçə alveri ilə məşğul olurdu. Ölkənin müdafiə naziri Rəhim Qazıyev də demoqoq, küçə adamı idi. O demişdi ki, Şuşa işğal olunsa, başıma güllə vurub, özümü öldürəcəyəm. Amma nədənsə bunu etmədi. Sonra da utanmaz-utanmaz dedi ki, özümü öldürsəm, Şuşanı kim alacaq? O, bu gün də ölkəyə qarşı olan təxribatlarda iştirak edir. Onlar ölkənin iqtisadiyyatını talan edərək özlərinə biznes qurmaqla məşğul idilər.

Daxili İşlər naziri İsgəndər Həmidov da vəzifəsindən sui-istifadə edərək yanındakı qoçular vasitəsilə ayrı-ayrı adamları döyməklə məşğul idi. Ölkə başçısının onunla bağlı dedikləri bu baxımdan çox maraqlıdır: “Daxili işlər naziri, nə ilə seçilirdi? Vəzifə sahibi kimi gedib canlı efirdə jurnalisti döymüşdü. Sən bir adi adam kimi əgər kiməsə qarşı nəsə eləsəydin, tutaq ki, sənə toxunublar, mən deyərdim ki, ola bilər, ləyaqətinə toxunub, emosiyalarını cilovlaya bilmir. Vəzifə sahibi ola-ola mühafizəçilərlə gəlib, jurnalisti döyüb və bununla da fərəhlənirdi. Sən gedib doğma rayonunu müdafiə edərdin. Doğulduğun Kəlbəcər əldən gedəndə, işğal altına düşəndə sən nazir idin. Qaçmısan, siçan kimi gizlənməyə deşik axtarmısan. O vaxt Naxçıvana desant göndərirdi və demişdi ki, Heydər Əliyevin başına güllə vuracağam. Naxçıvanlılar ona elə cavab verdilər ki, qorxusundan bilmirdi hara getsin. Oraya desant da getmədi. Ümumiyyətlə, o vaxt orada çevriliş cəhdi olmuşdu. İndi yenə meydanda sülənir, elə bilir ki, hamının yadından çıxıb.”

Bəli, xalqımız birillik hakimiyyəti dövründə Azərbaycanı min bir bəlaya düçar edən, onun dünyanın siyasi xəritəsindən silinmək, parçalanmaq, dağılmaq təhlükəsi ilə üz-üzə qoyan AXC-Müsavat hakimiyyətinin antimilli dəstəsini birmənalı olaraq rədd edərək, ulu öndər Heydər Əliyevin yolu ilə gedərək Azərbaycanı işıqlı gələcəyə doğru sürətlə aparan siyasətə inanır, onu birmənalı olaraq dəstəkləyir.

Zahid Rza, “İki sahil”