29 yanvar 2020 14:35
1094

Saatlılılar akademik Əhliman Əmiraslanovu öz doğmaları kimi qəbul edirlər - FOTO

65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi üzrə partiyanın namizədi, Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanovun təbliğat-təşviqat kampaniyası çərçivəsində Saatlının Mustafabəyli və Qaracalar kəndlərində seçicilərlə görüşləri keçirilib.

Görüşlərdə çıxış edən YAP Saatlı rayon təşkilatının sədri Lütfəli Şıxəliyev bildirib ki, Əhliman Əmiraslanov saatlılılar üçün doğma insandır. Onun Milli Məclisdəki fəaliyyəti ümumilikdə xalqımız və dövlətimiz üçün çox səmərəli olub. Bu mənada inanıram ki, saatlılılar bu seçkidə də hörmətli akademikimizi yekdilliklə dəstəkləyəcəklər.

Görüşlərdə çıxış edən Əhliman Əmiraslanov bildirib ki,  ölkəmiz bu gün çox böyük iqtisadi və siyasi islahatların ərəfəsindədir. Biz cənab Prezidentimizə bu işlərdə dəstək olmalıyıq. Ona görə də partiyamızın namizədlərinə dəstək olmaq dövlətimizin uğurlarına dəstək olmaq deməkdir.

Akademik xüsusi vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz 2019-cu ildə iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə etdi, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmləndi. Ötən ilin əvvəlindən sosial istiqamətdə böyük addımlar atılmağa başladı. Fevralda ilk böyük sosial paket qəbul edildi və martın 1-dən minimum əməkhaqqı, minimum pensiyalarda ciddi artımlar oldu, bütün müavinətlər artırıldı, yeni müavinət növlərinin tətbiqinə başlanıldı, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işçilərin maaşları artırıldı. İlin ortasında ikinci sosial paketin qəbulu haqqında da Sərəncam verildi ki, sentyabrdan qüvvəyə minən dəyişikliyə əsasən, pensiya, maaşlar yenidən artdı. Nəticədə minimum əməkhaqqı il ərzində artırılaraq 250 manata, minimum pensiya isə 200 manata çatıdrıldı. Bundan başqa, ayrı-ayrı sahələrdə əməkhaqlarında növbəti addımlar həyata keçirildi.

Namizəd xüsusi vurğulayıb ki, hələ indiyə qədər Azərbaycanda bir ilin ərzində əməkhaqqı və pensiyaların bu qədər artırılması, iki sosial paketin həyata keçirilməsi faktına rast gəlinməmişdi. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yolla irəliləyir. Burada əsas məram və niyyət  Azərbaycanda həyata keçirilən siyasətin xalqın sosial rifahını daha da yüksəltməsinə xidmət etməkdir.

Görüşlərdə çıxış edən çoxsaylı seçicilər akademik Əhliman Əmiraslanova səs verəcəklərini birmənalı şəkildə ifadə ediblər.

Elçin Zaman,

«İki sahil»