11 iyul 2019 18:53
86

Sabah deputatlar hansı məsələləri müzakirə edəcəklər?

Deputatlar Milli Məclisin sabahkı növbədənkənar sessiyasında 28 məsələni müzakirə edəcəklər.

Bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.
Onun sözlərinə görə, iyulun 12-də keçiriləcək  iclasın gündəliyinə 28 məsələ daxil edilib. Deputatlar sabah keçiriləcək növbədənkənar sessiyada  “Dövlət bayrağından istifadə qaydaları haqqında” qanuna dəyişikliyi, İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri birinci oxunuşda müzakirə edəcəklər.
Qanun layihəsinə edilən təklifə əsasən dövlət bayrağının istifadəsinə dair tələblər dəyişdirilir. Belə ki, “Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” qanunun 9-cu madəsinin 9.1-ci bəndinə təklif olunan dəyişikliklə, Dövlət bayrağı və onun təsviri, onların ölçülərindən asılı olmayaraq, Konstitusiyada və “Dövlət Bayrağının təsvirinin təsdiq ediməsi haqqında” Konstitusiya Qanununda müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

Sənədin hazırki variantı isə belədir: "Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, onların ölçülərindən asılı olmayaraq, Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilmiş tələblərə uyğun olmalıdır”.

Digər dəyişikliyə əsasən sənədin 9.2-ci bəndi ləğv edilir.

Sənədin 9.2-ci bəndi isə belədir: “Azərbaycan Respublikası Dövlət bayrağının sənaye üsulu ilə hazırlanması, düzəldilməsi, rəngli təsvirinin çapı zamanı onun mavi rənginin "Panton” rənglər kataloqunun Pantone 306C rənginə, qırmızı rənginin Pantone Red 032C rənginə, yaşıl rənginin Pantone 362C rənginə uyğunluğu təmin edilməlidir”.

A.Təvəkküloğlu əlavə edib ki, deputatlar bundan əlavə olaraq  “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında”, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, Vergi Məcəlləsinə, “Dövlət satınalmaları haqqında”, “Əmək pensiyaları haqqında”, “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında”, Su Məcəlləsinə, Mənzil Məcəlləsinə, “Yol hərəkəti haqqında”, “Publik hüquqi şəxslər haqqında” qanuna və s. qanunlara dəyişiklikləri müzakirə edərək, qəbul edəcəklər.