12 fevral 2019 17:35
300

"Sabah"ın baş məşqçisi: Xəbərim yoxdur

“Qəbələ”yə uduzduğumuz görüşdə azlıqda qalandan sonra problemlə üzləşdik. Buraxdığımız qolun cavabını vermək üçün təzyiqi artıra bilmədik”. 

"İki sahil" “Report”a istinadən xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının XVI turunda evdə “Qəbələ”yə 0:1 hesabı ilə uduzduqları oyunu şərh edərkən deyib. 49 yaşlı mütəxəssis cəzalı futbolçularının yoxluğunun da çıxışlarına mənfi təsir göstərdiyini vurğulayıb: “Elə epizodlar oldu ki, “Qəbələ” bizi üstələdi. Məqsəd İsayev və Təmkin Xəlilzadənin cəza üzündən meydana çıxa bilməmələri də oyunumuza mənfi təsir etdi. Tam heyətlə oynamırdıq deyə, boşluqlar vardı. Buna baxmayaraq, digər futbolçularımız da yaxşı oynaya bilirlər”. 

E.Əhmədov “Qəbələ” ilə matçın 45+1-ci dəqiqəsində ikinci dəfə simulyasiyaya yol verdiyi üçün meydandan qovulan Marko Deviçin də çıxışına toxunub: “Onun oyununda passivliyin olduğunu deməzdim. Ötən tur “Zirə” ilə görüşdə meydanda idi, qolunu da vurdu. Futboldur, bu dəfə qırmızı vərəqə aldı. Belə şeylər olur, “qırmızı” da görürsən, penalti də qaçırırsan. Deviçlə bağlı heç bir narahatçılığımız yoxdur”. 

Baş məşqçi “Sabah”ın yarımmüdafiəçisi Elgün Nəbiyevin Borçalı kəndləri arasında keçirilmiş həvəskar futbolçuların yarışında meydana çıxmasına da münasibət bildirib: “Nəbiyevin həvəskarlar arasındakı yarışda çıxış etməsindən xəbərim yoxdur. Maraqlanaram, sizdən eşidirəm. Onun həmin yarışa qatıldığına inanmıram. İki gün əvvəl bizim oyunumuz olub, ondan əvvəl də toplanışda olmuşuq”. 

Qeyd edək ki, hazırda “Sabah” 20 xalla 5-ci pillədə qərarlaşıb. Debütant fevralın 17-də XVII tur çərçivəsində “Səbail”in qonağı olacaq.