19 fevral 2019 11:24
1003

SABİTLİK: Uğurların əsas təməli

Bu gün dünyada gedən gərgin geosiyasi proseslər və iqtisadi-ictimai böhran fonunda ictimai-siyasi sabitlik, həyata keçirilən davamlı islahatlar Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafını təmin edib, yeni uğurların əldə edilməsi üçün zəmin yaradıb.

Son 15 ildə Azərbaycanda 1 milyon 900 minə yaxın yeni iş yeri yaradılıb. Onlardan 1,2 milyonu daimi iş yeridir. İşsizliklə bağlı aparılan tədbirlər nəticəsində bu göstərici 5 faizdən aşağı enib, yoxsulluq isə 5 faiz səviyyəsindədir. Dünya Bankının dərc etdiyi “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olunub. Yeni hesabatda Azərbaycanın mövqeyi əvvəlki illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla MDB ölkələri arasında lider mövqeyə yüksəlib.

Prezident İlham Əliyevin vurğuladığı kimi, aparılan islahatlar və əldə olunan iqtisadi artım, ilk növbədə, Azərbaycan vətəndaşlarının maddi rifah halının yüksəldilməsinə yönəldilib. Bütün bunlar yoxsulluğun azaldılması, iqtisadiyyatın şaxələndirilməsi, enerji gəlirlərindən səmərəli istifadə olunması, sahibkarlığın inkişafı üçün əlverişli şəraiti yaradılması, regionların inkişafına xidmət edən Dövlət proqramlarının uğurla reallaşdırılması və bu qəbildən olan digər addımlar sayəsində mümkün olub.

Son 15 ildə Azərbaycan milli iqtisadiyyatını 3,4 dəfə, o cümlədən uğurlu iqtisadi şaxələndirmə nəticəsində qeyri-neft sektorunu 2,6 dəfə artırıb. Mühüm sosial uğurlar olaraq əhalinin gəlirlərinin 5,2 dəfə, minimum əmək haqqının 3,5 dəfə, orta aylıq əmək haqqının 4 dəfəyə yaxın, pensiyaların 10,3 dəfədən və sosial müavinətlərin 3 dəfədən çox artırılması, ölkə əhalisinin 26 faizə qədərinin sosial təminat sistemi ilə əhatə olunması, işsizlik və yoxsulluğun 5 faiz səviyyəsinə enməsi təmin edilib.

Kənd təsərrüfatının subsidiyalaşdırılması və vergilərdən azad olunması, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, lizinq xidmətlərinin təşkili, investisiyaların və ixracın təşviqi, lisenziyalaşdırmanın təkmilləşdirilməsi, yoxlamaların dayandırılması müddətinin 2021-ci il yanvarın 1-dək uzadılması, yerli istehsalın stimullaşdırılması məqsədilə dövlət satınalmalarında yerli məhsulların dəyərinə 20 faiz güzəştin tətbiqi, ixrac təşviqinin verilməsi və digər dövlət dəstəyi mexanizmləri ölkədə sahibkarlığın inkişafında mühüm rol oynayır. 2014-2018-ci illərdə 16 mindən çox sahibkarın ümumi dəyəri 2,6 milyard manat olan layihəsinə 1 milyard manatdan çox güzəştli kredit verilib, bunun 79 faizi aqrar sektorun, 21 faizi isə müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib. Verilmiş güzəştli kreditlərin 70 faizi regionların payına düşür.

Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, iqtisadiyyatımız son 15 il ərzində 3,2 dəfə artıbdır: “Bu çox böyük göstəricidir. Əlbəttə ki, bu göstəricinin tərkibində neft amili xüsusi yer tutur. Ancaq bununla bərabər, bizim qeyri-neft ixracımız 15 il ərzində dörd dəfədən çox artıb. Bu onu göstərir ki, islahatlar böyük səmərə verir. Sənaye istehsalı 2,6 dəfə artıb. Valyuta ehtiyatlarımız 24 dəfə artıb. Bu gün bu ehtiyatlar 44 milyard manat təşkil edir.  Ölkəmizə 231 milyard dollardan çox sərmayə qoyulub. Davos Dünya İqtisadi Forumu rəqabətqabiliyyətliliyinə görə ölkəmizi 35-ci yerə layiq görübdür”.

Son illər respublikada sosialyönümlü siyasətin bütün mahiyyəti üzrə gerçəkləşdirilməsinə şərait yaradan, bu sahədəki ənənəvi yanaşma və metodları daha da təkmilləşdirən mükəmməl qanunvericilik sisteminin yaradılması, mühüm Fərman və sərəncamların imzalanması, habelə mövcud beynəlxalq konvensiyaların ratifikasiyası da önəm daşıyıb. Bu baxımdan dövlət başçımızın dediyi kimi, ötən illər ərzində  Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində əməli-praktiki addımlar atılıb. Çünki dövlət siyasətinin təməlində Azərbaycan vətəndaşının maraqları dayanır. Eyni zamanda, əsas strateji hədəf ölkəmizi daha da gücləndirməkdir, Azərbaycanın qüdrətini artırmaqdır, müstəqilliyimizi möhkəmləndirməkdir.

Ölkə başçısının dediyi kimi, sabitlik olmayan yerlərə investisiyalar qoyulmur, inkişaf olmur, vəziyyət mənfi istiqamətdə inkişaf edir. Bu, həqiqətdir və yaxın tarixin nəticələri, bölgəmizdə yaşanan böhranlı vəziyyət bunu təsdiqləyir. Azərbaycan isə təhlükəsizlik, əmin-amanlıq, sabitlik şəraitində öz yolu ilə uğurla gedir.

Zahid Rza, “İki sahil”