20 sentyabr 2019 20:33
1297

Sabitliyin qorunması, insan kapitalının inkişafı, ən mütərəqqi təcrübələrin tətbiqi

Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, üfüqlər açıqdır, siyasətimiz tam aydındır və gələcəyə nikbinliklə baxmaq üçün bütün əsaslar mövcuddur

Azərbaycanın yeni iqtisadi və sosial inkişaf modelinin formalaşması, demokratiya təcrübəsinin digər ölkələrə nümunə göstərilməsi, beynəlxalq birliyin fəal üzvü kimi dünyada cərəyan edən proseslərə böyük təsir imkanlarının mövcudluğu və sair kimi biri-birindən önəmli reallıqlarımız düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir.

Dövlətimizin başçısı İlham Əliyevin böyük inamla söylədiyi kimi, ölkəmiz sürətlə müasirləşir, yeniləşir, demokratik proseslərin və azadlıqların təmin edilməsi bundan sonra da prioritet olacaq. Hazırda Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilib. Beynəlxalq Humanitar forumlara, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Davos Dünya İqtisadi Forumuna və digər yüksək səviyyəli qlobal tədbirlərə ev sahibliyi etməklə müxtəlif mədəniyyətlərin, dinlərin qovşağında yerləşən ölkə olaraq dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir. Azərbaycanın bu il dünyanın yeni xarici siyasətinin müzakirə olunduğu məkan kimi diqqət çəkməsi mühüm uğurlarımızdandır. “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən VII Qlobal Bakı Forumunda bu fikir xüsusi qeyd olunmuşdur ki, heç bir ölkə mövcud çətinliklərin və problemlərin öhdəsindən təkbaşına gələ bilməz. Ona görə inteqrasiyanın vacibliyi əsasdır və siyasətlər məhz buna görə hazırlanmalıdır. Hər bir ölkə üçün əsas məsələlərdən biri sabitliyin, təhlükəsizliyin təmin edilməsidir. Bunu ancaq qlobal platformada təmin etmək mümkündür. Məhz buna görə də ortaq qərarlara ehtiyacımız vardır.

Nəzərə alsaq ki, sabitliyin, qanunun aliliyinin təmin olunması demokratiyanın əsas elementləridir, bu halda böyük əminliklə deyə bilərik ki, Azərbaycan demokratik, hüquqi, sivil dəyərlərə sadiqdir və bunu davamlı addımları ilə təsdiqləyir. Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” adlı sənəddə də ölkəmizdə sabitliyin, normal iqtisadi mühütin mövcudluğunun yol açdığı uğurlar, tolerantlıq ənənələri, multikultural dəyərlərin inkişafına töhfələri, ən əsası demokratiyanın vacib amillərindən olan insan hüquqlarının qorunması və yeni müdafiə mexanizminin formalaşdırılması istiqamətində atdığı addımlar yüksək dəyərləndirilmişdir. Həmçinin ötən il Almaniyanın Federal Kansleri Angela Merkelin Cənubi Qafqaza səfəri çərçivəsində Azərbaycanda keçirdiyi görüşlərdə də ölkəmizin demokratik inkişafına xüsusi diqqət yönəldilərək bildirilmişdir ki, demokratik təsisatların inkişafına xidmət edən addımlar təqdirəlayiqdir, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar mövcuddur. Almaniyanın Kanslerinin Azərbaycanı ənənələri olan bir dövlət kimi dəyərləndirməsi zəngin tariximizə, mədəniyyətimizə, ədəbiyyatımıza, milli-mənəvi dəyərlərimizə hörmətin və önəmin göstəricisidir. Məhz Azərbaycanın bu sahədə zəngin təcrübəyə malik olmasının nəticəsidir ki, cari ildə UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etdi.

Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında, bu və ya digər xarici ölkələrə səfərləri zamanı keçirdiyi görüşlərdə Azərbaycanın demokratik inkişaf yolunda inamla irəlilədiyini, uğurlarımızı həzm etməyən dairələrin daim ölkəmizə qarşı əsassız iddalarla çıxış etdiyini xüsusi vurğulayır. “Azərbaycan demokratik dəyərlərə, insan haqlarına sadiqdir” söyləyən ölkə Prezidenti İlham Əliyev Azərbaycana qarşı əsassız iddalarla çıxış edən Avropa Şurası kimi demokratik prinsiplərin inkişafı ilə bilavasitə məşğul olan qurumların yanaşmalarına münasibət bildirərkən qeyd edir ki, təkcə Azərbaycanı yox, bir çox ölkələri tənqid edir. Biz bu tənqidə normal yanaşırıq: “Əgər tənqid əsaslıdırsa, biz, əlbəttə, nəticə çıxarırıq. Əgər biz hesab ediriksə, bu tənqid əsassızdır, qərəzlidir, ikili standartlara əsaslanır, əlbəttə ki, öz sözümüzü deyirik, açıq şəkildə bildiririk... Azərbaycan müasir, demokratik ölkə kimi bundan sonra da uğurla inkişaf edəcək, bizim siyasi və iqtisadi islahatlarımız biri-birini tamamlayaraq Azərbaycanı daha da yüksək səviyyəyə çıxaracaqdır.”

İqtisadi müstəqillik olmadan siyasi müstəqilliyə nail olmaq qeyri-mümkündür. Yoxsulluq səviyyəsi bu gün 5 faiz səviyyəsindədir. Bu onun nəticəsidir ki, maddi resurslar insan kapitalına çevirilir. Cənab İlham Əliyev uğurların təməlində dayanan əsas amillərdən bəhs edərkən ölkəmizdə mövcud olan sabitliyi xüsusi qeyd edir. İnvestorlar və şirkətlər tam əmindirlər ki, inkişaf təhlükəsizlik və sabitlik olan yerdə mümkündür.

“Avropa İttifaqı ilə Azərbaycan arasında bu gün müzakirə olunan yeni sazişdə də demokratik məsələlərə geniş yer ayrılır. Yəni, biz bu yola şüurlu şəkildə getmişik, heç kim bizi məcbur etməyib” söyləyən ölkə Prezidenti İlham Əliyev bu reallığı da diqqətə çatdırır ki, Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən söz və mətbuat azadlığı təmin edilir. Azərbaycanda yüzlərlə mətbu orqanı fəaliyyət göstərir ki, onların arasında müxalifət mətbuatı da kifayət qədər çoxdur. Yəni, Azərbaycanda heç kim tənqidə, fərqli baxışa görə təqib olunmur, heç kim cəzalandırılmır. Azərbaycanda sərəbst toplaşma azadlığı da təmin edilir və istənilən siyasi qüvvə bu imkanlardan istifadə edə bilər.

Bir əsas məqamı da xüsusi qeyd etməliyik ki, ölkəmizdə internet azaddır, senzura yoxdur. Ölkə əhalisinin 85 faizdən çoxu internet istifadəçisidir. Əvvəldə də qeyd etdiyimiz kimi, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi Azərbaycanın tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə olduğunu bir daha dünyaya nümayiş etdirdi. Azərbaycan müxtəlif dini və etnik qrupların nümayəndələrinin sülh şəraitində birgə yaşayışına yaxşı nümunədir. Müasir dövrdə qloballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq münasibətlərin güclənməsi, ölkələr arasında əlaqələrin genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətində ümumi elementlərin artması ilə səciyyələnir.

Məhz demokratik inkişaf ölkəmizdə iqtisadi tərəqqiyə geniş yol açır. İqtisadi və siyasi islahatların paralelliyi fonunda Azərbaycanın davamlı inkişafı təmin edilir, ölkə iqtisadiyyatına qoyulan sərmayələrin həcmi artır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, son 15 ildə ölkə iqtisadiyyatına 250 milyard dollar sərmayə qoyulub ki, bunun da təxminən yarısı xarici sərmayədir. Ölkə iqtisadiyyatının güclənməsinə imkan yaradan sahələrə böyük həcmli investisiyalar qoyulur, dövlət dəstəyi gücləndirilir. Bölgələrin sosial-iqtisadi vəziyyətinin müasir tələblər səviyyəsinə çatdırılması, iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və yerli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili və maddi-mənəvi, rifah halının daha da yaxşılaşdırılması, orta təbəqənin formalaşdırılması, cəmiyyət həyatında rolunun artırılması bu mühüm hədəfə hesablanıb ki, Azərbaycanın hərtərəfli inkişafı təmin edilsin.

Demokratikləşmə prosesinin geniş yol açdığı iqtisadi uğurlardan bəhs edərkən regional inkişaf proqramlarının icrasını xüsusi qeyd etməliyik. “Bu proqramların icrası nəticəsində biz nələri əldə etdik” sualını səsləndirən ölkə Prezidenti İlham Əliyev buna cavab olaraq bildirir: “İlk növbədə, regionlarda müasir infrastruktur yaradıldı. Əgər biz infrastruktur layihələrinə vəsait qoymasaydıq, heç bir inkişafdan söhbət gedə bilməzdi. Onu biz o vaxt etməyə başladıq ki, hələ ölkəyə böyük həcmdə neft gəlirləri gəlməmişdi. Neft gəlirləri Bakı-Tbilisi-Ceyhan neft kəmərinin 2006-cı ildə istismara verilməsindən sonra gəlməyə başlamışdır. Ancaq biz birinci Regional İnkişaf Proqramını 2004-cü ildə qəbul etdik və onu icra etməyə başladıq. Yəni, bu, onu göstərir ki, bizim uğurlarımızın təməlində təkcə maliyyə vəziyyətimiz dayanmır. Eyni zamanda, düşünülmüş siyasət, güclü iradə və düzgün seçilmiş ardıcıl fəaliyyətimiz həm Regional İnkişaf proqramlarının icrasına gətirib çıxardı və bütövlükdə bütün digər sahələrdə də biz ardıcıl siyasət apararaq ölkəmizi gücləndiririk.”

2004-cü ildən bu günə qədər Azərbaycanda əsas infrastruktur layihələri icra edilib. Onlarla elektrik stansiyası tikilib istifadəyə verilib. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu, inkişaf üçün birinci şərtdir. Əgər enerji gücü olmasa, heç bir müəssisəni yaratmaq mümkün olmayacaq. Eyni zamanda, infrastruktur layihələri sosial xarakter daşıyır. Vətəndaşları dayanıqlı enerji ilə təmin etmək dövlətin həyata keçirdiyi sosial siyasətin əsas prioritetləri sırasındadır. Azərbaycanda qazlaşdırma 95 faizə çatıb. Yol infrastrukturunun müasir standartlara cavab verməsi istiqamətində atılan addımların uğurlu nəticələri də göz önündədir. Dövlətimizin başçısı İlham Əliyevin bölgələrə hər səfərində, eyni zamanda səfərdən sonra imzalanan sənədlər sırasında yol layihələri əsas yer tutur. Yüzlərlə kəndi birləşdirən yeni yollar salınıb. Ən ucqar kəndlərimizin yolları belə müasir tələblərə uyğun qurulub, sosial-iqtisadi inkişafdan geri qalmayıb. Bu da həm əhalinin rifahının yaxşılaşmasına, həm də iqtisadiyyatın inkişafına çox müsbət təsir göstərir. Bu gün uğurla icra edilən özünüməşğulluq proqramını stimullaşdıran amillər sırasında infrastrukturun tələblərə uyğun qurulması əsasdır. Ailə təsərrüfatlarına asan dəstəyin göstərilməsi məqsədilə “ABAD” mərkəzlərinin fəaliyyətə başlaması və coğrafiyasını genişləndirməsi də bu amilə söykənir.

Regionların sosial-iqtisadi inkişafı proqramlarının əsas istiqamətlərindən biri məhz sosial sahədə layihələrin həyata keçirilməsidir. 3 mindən çox məktəb yenidən tikilib və ya əsaslı şəkildə təmir olunub. Son illərin mühüm layihələri sırasında modul tipli məktəblərin tikintisi əsas yer tutur ki, bunlar da ilk növbədə kiçik kəndlərdə, ucqar regionlarda yerləşən kənd məktəblərini əhatə edir. Təbii ki, əsas məqsəd insanların rahat yaşayışını təmin etmək, onların bütün ehtiyaclarını ödəməkdir.

2019-cu ilin təkmil islahatlar ili kimi xarakterizə olunacagını əsaslandıran amillərdən biri idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət edən Fərman və sərəncamlardır. Dövlətimizin başçısı ölkədə aparılan islahatların əsas strategiyasının sosial-iqtisadi inkişafın təmin edilməsinə, demokratik dəyərlərin inkişafına və dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsinə yönəldiyini bildirir. Daim qeyd olunduğu kimi, əgər inkişaf etmiş ölkələr sırasında addımlamağı əsas hədəf seçmişiksə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən bəhrələnmək, idarəçilik sistemində təkmilləşmə aparmaq mütləqdir. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycan öz mövqeyini uğurlu islahatları ilə möhkəmləndirir, hər bir hesabat əvvəlki ilin hesabatından yeniliyi ilə seçilir. “Biz, əlbəttə ki, öz işimizi reytinq almaq üçün qurumuruq” söyləyən ölkə Prezidenti İlham Əliyev, eyni zamanda bildirir ki, əlbəttə, belə fikirlər ortaya qoyulanda həm bizi daha da sevindirir, həm də dünyanın bütün maliyyə qurumlarına bir siqnaldır.

Uğurlarımız bu ümumiləşdirməyə əsas verir ki, sosial-iqtisadi infrastrukturun müasir tələblərə uyğun yenidən qurulması, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda güclü potensialın formalaşdırılması, əhalinin sosial təminatı sahəsində inqilabi nəticələrin əldə olunması, ölkənin simasının ən mütərəqqi standartlara uyğun müasirləşməsi, sabitliyin və təhlükəsizliyin təmin edilməsi, insan kapitalının inkişafı, xalqın mədəni və milli-mənəvi irsinin qorunub saxlanması, mühüm transmilli enerji və nəqliyyat layihələrinin gerçəkləşdirilməsi, ölkənin regionun aparıcı dövlətinə çevrilməsi və beynəlxalq aləmdə nüfuz qazanması dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu, gələcəyə hesablanmış inkişaf strategiyasının nəticələridir.

Yeganə Əliyeva, “İki sahil”