28 yanvar 2021 17:37
907

Sadəlik mənəvi gözəlliyin əsas şərtidir

Tanrının taleyinə yazdığı ömür payının 75 ilini arxada qoyan Akif Musayev bildirir ki, bu gün qazanılan uğur sabah görüləcək işlərin bələdçisidir

İnsan həyata gəldiyi gündən Tanrının ona bəxş etdiyi ömür yolunun pillələri ilə  irəliləyir,  günləri, ayları, illəri yola salır. Gəncliyin xoşbəxt günlərini yaşayır, orta yaş dövründə püxtələşir, həyatın mənasını dərk edir. Sonra  ahıllıq dövrünə qədəm qoyur. Müsahibim Musayev Akif  Nurəddin oğlu  Tanrının  taleyinə yazdığı ömür payının 75 ilini arxada qoyub.    Söhbət zamanı o anlara  körpü salaraq ötən illərin xatirələrini xəyalında canlandırır,   sanki  özü ilə danışırmış kimi arxada qalan illərin hesabatını verir.

Sözünə dahi şair və filosof Ömər Xəyyamın «Bu  günü daha yaxşı görmək üçün keçmişi bilməliyik» sözləri ilə  başlayan Akif müəllim bildirdi ki,  Azərbaycan Dövlət Neft Akademiyasını ( indiki ADNSU) bitirdikdən sonra  Naxçıvan Mineral Sular Zavodunda baş mexanik işləmişəm. Ölkəmizdən kənarda belə  tanınan «Badamlı» Mineral Sular Zavodunda  çalışdığım illər mənim təcrübə məktəbim olub:

-  1968-ci ildə zavoda gəldiyim günü heç vaxt unutmaram. İstehsal prosesi ilə tanışlıq, zavodda çalışdığım illərdə qazandığım təcrübə həyatımın sonrakı fəaliyyətimdə bələdçim oldu. Daha çox öyrənmək, təcrübə toplamaq üçün ustalarımın fəaliyyətini izləyir, tapşırıqlarını yerinə yetirirdim. 1980-ci ildə  Naxçıvandakı Mineral Sular İstehsalat Birliyinin Baş direktoru vəzifəsinə təyin olunan zaman hiss etdim ki, əməyə bağlılıq, öz üzərində çalışmaq bacarığı ilə uğur qazanmaq insanın öz əlindədir. Müdriklərin söylədiyi kimi,   zamandan səmərəli istifadə gələcək üçün etibarlı təməldir. «Zaman ağıllı,  yetkin və kamil olmaq üçün insana verilən ən qiymətli hədiyyədir» sözlərinin hikməti hər zaman yol yoldaşım olub.

Həmin illərdə «Badamlı» Mineral Sular Zavodunun yenidən qurulmasından,  istehsal prosesində yeni texnologiyaların tətbiqi sahəsində görülən işlərdən bəhs edən Akif müəllim  heç vaxt unutmayacağı bir məqamı da  xatırladı:

-  Zavod yenidən qurulan dövrdə  Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyev Naxçıvana  gəlmişdi. Təsadüf elə gətirdi ki,  muxtar respublikada olduğu müddətdə   yenidənqurma işlərinin aparıldığı  zavoda da gəldi, görülən işlərlə maraqlandı. Həmin vaxt mədəndən çıxarılan suyun zavoda nəqli üçün  dəmir borulardan istifadə nəzərdə tutulmuşdu. Ulu Öndər demək olar ki,  bütün proseslərlə maraqlandı, ən incə məqamlara belə  diqqət  yetirdi. Bildirdi ki,  Azərbaycan markası ilə  başqa ölkələrə göndərilən bütün məhsullar kimi  müalicəvi əhəmiyyətə malik «Badamlı»nın keyfiyyəti, qablaşdırılma texnologiyası  yüksək səviyyədə  olmalıdır. O zaman ehtiyat etsəm də bildirdim ki, sifariş olunan və Yuqoslaviyadan alınan  paslanmayan, daha keyfiyyətli  boruların bir hissəsi  muxtar respublikaya gətirilib. Həmin borulardan istifadə daha davamlı, maddi baxımdan  sərfəli olar.  Bu təklifə müsbət rəy verən Ulu Öndərin tapşırığı ilə  mədəndən çıxarılan suyun zavoda gətirilməsi həmin borulardan istifadə olunmaqla həyata keçirildi. O dövrlərdə Moskvada yaradılan Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində  respublikamızı təmsil edən nümayəndə heyətinin üzvü  kimi  Azərbaycan brendi olan və müalicəvi əhəmiyyətə malik «Badamlı»ya, «Sirab»a olan marağı görəndə bir daha hiss etdim ki,  insanın seçdiyi peşəyə bağlılığı, məsuliyyəti, yenilikçi ruhu ilə çalışmaq istəyi mütləq bəhrəsini verir.

İşdə qazandığı uğurları ilə tanınan Akif Musayev bir müddətdən sonra muxtar respublikanın Nazirlər Sovetinin Sənaye və nəqliyyat  şöbəsinin müdiri vəzifəsinə gətirilir.   Bir neçə ildən sonra  Naxçıvan MR Neft Məhsulları Təminatı Müəssisəsinin direktoru  işləyəndə ona  Ulu Öndərlə növbəti dəfə görüşmək xoşbəxtliyi  nəsib olur.  Akif müəllimin o görüş barədə söylədikləri:

-  Ötən əsrin sonuncu onilliyində  ölkəmizin bütün bölgələrində  olduğu kimi Naxçıvanda da  vəziyyət dözülməz idi.  AXC-Müsavat iqtidarı başçılarının səriştəsizliyi üzündən ölkədə yaranan itaətsizlik, özbaşınalıq respublikanı uçuruma aparırdı. Adlarını «xalq cəbhəsi» qoyub, əslində isə xalqa xəyanət edən bir qrup başıpozuq dəstə  muxtar respublikada da  vəziyyəti gərginləşdirirdi. İnsanlarda xof yaradan, qarışıqlıq salan həmin «cəbhəçilər» demək olar ki, bütün sahələrdə öz adamlarını yerləşdirirdilər.  O dövrdə  Nazirlər Kabinetinin sədri olsa da, idarəçilik barədə anlayışı olmayan, öz maraqlarını güdən, yerli sakinlərin yaddaşında  «saqqız nazir» kimi qalan «cəbhəçi» Becan Fərzəliyev məni də  işdən kənarlaşdırdı. 1990-cı ildə ümummilli lider  Heydər Əliyevin Naxçıvana gəlişi ilə   vəziyyət nisbətən sabitləşsə də, insanlarda  gələcəyə ümid yaransa da, Vətənə xəyanət edənlər  hələ də  qarışıqlıq salmaqda davam edirdilər. Belə ağır vəziyyətdə əhalini, nəqliyyat vasitələrini  yanacaqla təmin etmək o qədər də asan deyildi. Ulu Öndər Ali Məclisin Sədri seçildikdən sonra muxtar respublikada,  necə deyərlər, sular duruldu.  Blokada  şəraitində  yaşayan naxçıvanlıların ərzaq məhsulları, yanacaqla təmin olunmasına diqqət artırıldı.  Ulu Öndərin təşəbbüsü və şəxsi nüfuzu sayəsində qardaş Türkiyədən, İrandan gətirilən yanacaqdan düzgün, ədalətli  istifadə ən vacib məsələ olmaqla həm də təcrübə tələb edirdi.  O zaman Ali Məclisin Sədri kimi Heydər Əliyevə mənim haqqımda məlumat verildi. Söhbət zamanı vəziyyət barədə danışan, çıxış yollarını çoxillik təcrübəsi ilə bildirən Ulu Öndər mənə diqqətlə baxdı. Sonra söylədi ki, sən «Badamlı» zavodunda  dəmir boruların paslanmayan, daha keyfiyyətli borularla əvəz olunması təklifini verən həmin  mühəndissən? Dedim ki, bəli.  Həmin hadisədən  10 ilə yaxın müddət keçməsinə baxmayaraq, o günləri  xatırlayan  müdrik şəxsiyyətin  fenomen yaddaşına, insanlara qiymət vermək bacarığına heyran qaldım.

Akif Musayev bir müddətdən sonra  Bakıda fəaliyyətini davam etdirir.  Azərbaycan Respublikası Neft Məhsulları Təminatı və Göndərilməsi Komitəsində  mühəndis  işləyir. Sonra Neft Məhsullarının Təminatı və  Göndərilməsi Bazasına  direktor təyin edilir.

Azərbaycanı dünyada tanıdan, adı  ən məşhur  şirkətlərlə eyni sırada çəkilən  SOCAR-da işlədiyi illəri həyatının mənalı günləri hesab edən Akif Musayev bu vəzifəsində də ona göstərilən etimadı doğruldur,   məsuliyyətini artırır, daxili bazarın müxtəlif çeşidli, müasir keyfiyyət standartlarına cavab verən neft məhsulları ilə təchizatına, satışına, məntəqələrə vaxtında çatdırılmasına diqqətlə yanaşır.  Kollektivin hörmətini qazanan, işinə məsuliyyətlə yanaşan, vəzifəsinin öhdəsindən layiqincə gələn Akif Musayev   neft və qaz sənayesinin inkişafında  xüsusi xidmətlərinə görə SOCAR-ın Fəxri fərmanı ilə təltif olunur.

Akif Musayev hazırda  təqaüdçü kimi də  Azərbaycanın  qazandığı uğurlarla  fəxr edir.  «Cənub Qaz Dəhlizi, TANAP, TAP kimi qlobal layihələrin reallaşmasında aparıcı rola malik  SOCAR-ın uğurları ilə   qürur duyuram» söyləyən Akif müəllim bu gün də vaxtilə çalışdığı  müəssisənin kollektivi ilə əlaqə saxlayır.

«Şərəf nişanı» ordenli , 4 övladı , 9 nəvəsi, bir nəticəsi olan Akif Musayevə cansağlığı, uzun ömür arzulayırıq.

Xuraman İsmayılqızı, «İki sahil»