18 aprel 2019 10:14
1544

Sağlam ekoloji mühit başlıca şərtdir

Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru Elman İsmayılov sağlam ekoloji mühitin yaranması üçün lazım olan bütün tədbirlərin həyata keçirilməsinə daim kömək edir. Təmiz, gözəl və aydın səma, o cümlədən ekoloji mühitin daim varlığı üçün müəssisə özünün ekologiya sahəsindəki siyasətinin müəyyən etdiyi məqsəd və məramları, Ekologiya İdarəetmə Proqramını, Ekologiya İdarəetmə Sistemini TSE ISO EN-14001:2015 beynəlxalq standartının tələbləri səviyyəsində quraraq onların həyata keçirilməsi üçün götürdüyü öhdəlikləri məsuliyyətlə yerinə yetirir.

Zavodun Əməyin Təhlükəsizliyi və Keyfiyyətə Nəzarət Departamentinin rəisi Güləli Ağamirovun rəhbərliyi ilə həmin departamentin Ekologiya şöbəsinin mühəndisləri ekoloji vəziyyətin pisləşməsinin qarşısını almaq, onun mühafizəsini gücləndirmək üçün öz fəaliyyətlərini qəbul olunmuş normativ və qanunvericilik prinsipləri əsasında qurmuşlarr.

Belə ki, Ekologiya şöbəsinin işçiləri mütəmadi olaraq zavodun istehsalat və sahələrində olarkən daim neft və neft məhsulları saxlanılan çənlərin düzgün istismarı zamanı havaya atılan karbohidrogenlərin miqdarına, çənlərin təmizlənməsi zamanı tullantıların yığılması və zərərsizləşdirilməsinə, bərk, məişət tullantıların yığılması və kənarlaşdırılmasına, içməli və texniki suların uçotunun aparılması və sərfinin limitə uyğun təmin edilməsinə, ərazilərin abadlığı və səliqəliliyinə, yaşıllıqlara qulluğun təmin edilməsinə, torpağın mühafizəsinə, istehsalat və sahələrində ekoloji monitorinq işlərinin, TSE ISO EN-14001:2015 İdarəetmə Sistemi üzrə prosedurların tələblərinin yerinə yetirilməsinə və bu standart üzrə maarifləndirmənin aparılmasına nəzarət edirlər.

Zavodumuz TSE ISO EN-9001:2015 keyfiyyət, TSE ISO EN-14001:2015 ekologia, ISO OHSAS TS-18001 əməyin mühafizəsi və təhlükəsizliyi Beynəlxalq İdarəetmə standartlarının tələbləri səviyyəsində fəaliyyət göstərir.

Zavodun fəaliyyət predmeti yüksək neft məhsulları emal etməkdir. Təbii ki, istehsalat fəaliyyəti nəticəsində ətraf mühitə zərərli maddələrin atılması, ekoloji duruma müəyyən dərəcədə mənfi təsir göstərir. Bu zaman zavodda müxtəlif tullantılar formalaşır. Bunlar istehsalat və məişət tullantılarıdır.

Müəssisənin siyasətinə uyğun olaraq tullantıların ətraf mühitə təsirinin azalması təkrar emalı müəyyən edir. İstehsalat sahələrində olan bütöv növ tullantılarla əlaqədar yarana biləcək risklər təyin edilərək nəzarətdə saxlanılır. Müəssisəmizdə əmələ gələn tullantılarla bağlı bir sıra işlər görülmüşdür.

SOCAR-ın Ekologiya İdarəsi ilə zavod arasında bağlanmış müqavilə əsasında tullantılar Tullantıların İdarə Olunması Mərkəzinə çatdırılır.

Zavodun istehsalat və sahələrində olan xətlər "Kanalizasiya xətlərinin, quyuların və hidrobağlayıcıların təmiri və təmizlənməsi haqqında" göstəriş, istehsalat və sahə rəhbərlərinin təqdim etdikləri aktlara əsasən təmizlənmiş və təmir olunmuşdur.

Zavodun istehsalat və sahələri tərəfindən sərf olunmuş suyun miqdarına nəzarət etmək üçün 30 ədəd su sayğacları alınıb  quraşdırılmışdır. Nəticədə suyun miqdarı azalmış və su itkisinin qarşısı alınmışdır.

Zavodun ekoloji vəziyyətinin yaxşılaşdırılmasına dair proqnozlaşdırılan yenidənqurma və modernizasiya layihəsi çərçivəsində yeni çirkab suların təmizlənməsi qurğusu, kükürd istehsalı qurğusu, turş suların təmizlənməsi qurğusu və yeni məşəl qülləsinin inşası nəzərdə tutulmuşdur.

Yeni çirkab suların təmizlənməsi qurğusu mexaniki təmizlənmə, bioloji təmizlənmə və sanitar suların təmizlənməsi bloklarından ibarət olacaq.

Ətraf mühitin mühafizəsi üzrə aşağıda göstərilən işlər həyata keçirilmişdir:

* Bağlanılmış müqavilə əsasında "Ekol Mühəndislik Xidmətləri" QSC tərəfindən 1833259 m3  istehsalat tullantı sularının təmizlənməsi aparılmışdır;

* “Ekol Mühəndislik Xidmətləri" QSC tərəfindən “Alfa-Laval" qurğusu vasitəsilə 12446 ton miqdarında neft şlamın zərərsizləşdirilməsi  aparılmışdır;

* 19 №-li sahədə yağların təmizlənməsi zamanı alınan 346 ton turş qudron regenerasiya olunmuşdur;

* Zavodun istehsalat və sahələrində   850    m3  bərk məişət tullantıları əmələ gəlmişdir. Həmin tullantı Bakı Şəhər İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin "Kommunal Xidmətlər Müəssisəsi" MMC və Nizami Rayon MKTB tərəfindən Balaxanı Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna daşınmışdır;

* 54,7  ton miqdarında istehsalat tullantısı olan "İşlənmiş qumbrin" 1,722 ton miqdarında təşkilati avadanlıqlar, 0,54 ton miqdarında boya qabları, 1,5 ton miqdarında sellüloz tullantıları (kağız)  təkrar emal etmək üçün SOCAR-ın Ekologiya İdarəsinin Tullantıların İdarə Olunması Mərkəzinə  daşınmışdır. Bundan əlavə olaraq 2296,78 ton qara metal təhvil verilmişdir;

* 100  ədəd meyvə ağacı,  150 ədəd qızılgül kolları, 600 m2 sahədə ot toxumu (qazon) əkilmiş, 300 m2 sahəyə isə çim döşənmişdir. Zavodda olan yaşıllıq ərazilərində abadlaşdırma işləri aparılmış və aqrotexniki qulluq işləri davam etdirilir.

Əjdər Mustafayev,
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun şöbə rəisi