07 avqust 2020 16:51
2409

Sahibkarlara dövlət dəstəyi davamlıdır

Mütəxəssislərin fikrincə, Azərbaycan biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləmələri üçün ən çox islahatlar aparan ölkələrdən biridir. Bunun nəticəsidir ki, ölkəmizdə sahibkarlıq fəaliyyəti genişlənir, özəl bölmənin ümumi daxili məhsulda xüsusi çəkisi artır. Bu isə o deməkdir ki, respublikamızda sahibkarlar təbəqəsinin formalaşması, onların cəmiyyətdəki mövqelərinin güclənməsi, iqtisadi siyasətin ən mühüm elementlərindən birinə çevrilməsi diqqət mərkəzindədir.

Məlum olduğu kimi, hazırda dünya koronavirus pandemiyasına qarşı mübarizə aparır. Belə bir çətin şəraitdə də dövlətimiz sahibkarlara öz köməyini əsirgərmir. Belə ki, onlar  üçün müxtəlif dəstək mexanizmləri işə salınıb. Təkcə bir faktı qeyd edək ki, cari il iyulun 1-dək muzdlu işçilərin əməkhaqlarının kompensasiyası çərçivəsində 24 min 300 vergiödəyicisi üzrə 210 min muzdlu işçiyə 95 milyon manat vəsait ödənilib. Bundan başqa, mikrosahibkarlara maliyyə dəstəyi paketi çərçivəsində 105,6 min vergiödəyicisinə 63 milyon vəsait ayrılıb. Üstəlik, sahibkarlara dəyən zərərin ödənilməsi məqsədi ilə bir sıra qanunvericilik aktlarında dəyişikliklər edilib. Məsələn, pandemiyadan zərər çəkən sahibkarlıq subyektləri 2020-ci il üzrə əmlak və torpaq vergisindən azad ediliblər. Həmin sahibkarlara, 2020-ci ilin nəticələrinə görə, mənfəətdən 75 faizlik güzəştin verilməsi nəzərdə tutulub. Mikrosahibkarlar üçün Vergi Məcəlləsində mövcud olan 2 faizlik sadələşdirilmiş verginin dərəcəsi bu il 1 faizə endirilib.

Prezident İlham Əliyevin qəbul etdiyi humanist qərarlar iş adamlarının güzəştli kredit almaq imkanlarını genişləndirib. İndi daşınmaz əmlak girovu olmayan sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının yaradılması məqsədilə avadanlıqların alınması üçün onlara da kreditlər verilir. Yeni mexanizmin mahiyyəti ondan ibarətdir ki, güzəştli kredit yeni avadanlıqların alınmasına yönəldilir və həmin avadanlıqlar da girov kimi qəbul edilir.

Bundan başqa, kənd təsərrüfatı üzrə uzunmüddətli investisiya tələb edən sahələrdə kiçik həcmli kreditlər üzrə kredit müddəti 3 ildən 5 ilə, orta həcmli kreditlər üzrə 5 ildən 7 ilədək artırılıb və kredit dövrünün yarısı güzəşt müddəti olaraq təsbit edilib. Sahibkarlara veriləcək yeni kreditlər üzrə dövlət zəmanətinin verilməsi və həmin kreditlərı dair faizlərin subsidiyalaşdırılması, eləcə də mövcud kredit borcu olan sahibkarların kredit faizlərinin bir hissəsinin dövlət tərəfindən maliyyələşdirilməsi kimi yeni mexanizmlər də işə salınıb.

Yeri gəlmişkən qeyd edək ki, qəbul edilmiş vergi və sosial güzəştlər paketinin ümumi maliyyə dəyəri 130 milyon manatdır. Güzəştlər pandemiyanın təsirinə məruz qalan mikro, kiçik və orta sahibkarlıq subyektlərini, bəzi dəyişikliklər isə bütövlükdə hər bir vergiödəyicisini əhatə edir. Şübhəsiz, bütün bunları  pandemiya dövründə sahibkarlara göstərilən əsaslı dəstək hesab etmək olar. Unutmayaq ki, bu gün  qeyri-neft sektorunda məhsul istehsalının 80 faizindən çoxu sahibkarlar tərəfindən istehsal olunur. Odur ki, dövlət belə çətin dönəmdə də  sahibkarlara arxa çıxır, onlara hər cür maddi və mənəvi kömək göstərir.

Bir neçə gün öncə isə Nazirlər Kabineti Prezidentin tapşırığına əsasən, sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edib. Qərara əsasən, bu günədək  pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və dövlət başçısının çağırışına cavab olaraq işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayına münasibətdə bir aylıq əməkhaqqı fondu həcmində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək. Eyni zamanda, maliyyə dəstəyinə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara da təkrarən 250 manat həcmində maliyyə dəstəyi göstəriləcəkdir.

Avqustun 6-da Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə demişdir ki, sahibkarlara dəstək bundan sonra daha da şəffaf və mütəşəkkil qaydada davam etdiriləcək. Prezident, həmçinin sahibkarlarla bağlı öz iradını da bildirmişdir. Qeyd etmişdir ki, sahibkarlar tərəfindən də təqdim edilən layihələr gərək real bazarı nəzərə alsın, həm daxili bazarı, həm xarici bazarı: “Çünki burada da boşluqlar var. Baxmayaraq ki, dövlət tərəfindən sahibkarlara güzəştli kreditlər, eyni zamanda, metodiki tövsiyələr verilir, bəzi hallarda təqdim edilən layihələr tam təhlil edilmir. Ona görə bu məsələyə də mütləq baxmaq lazımdır”.

Qvami Məhəbbətoğlu, “İki sahil”