04 iyun 2020 16:33
1034

Sahibkarlardan gözləntilər çoxdur

Məşğulluğun qorunması ilə yanaşı, xüsusən də əmək müqavilələrində artım tempinin hətta pandemiya dövründə də davam etməsi və bu artımın böyük əksəriyyətinin özəl sektora aid olması  pozitiv sosial-iqtisadi məqamlardan biri oldu. Bu, eyni zamanda, ölkədə qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidin sürətlənməsində sahibkarların əhəmiyyətli rolunu göstərir və ona görə də bu sahədə onlardan  gözləntilər çoxdur.

"İki sahil" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) nümayəndələri ilə birgə keçirilən vebinarda bildirib.

“AmCham Azərbaycan”ın prezidenti Nuran Kərimov aparılan sosial islahatların Palata tərəfindən maraqla izlənildiyini deyib. O, belə görüşlərin nazirlik və özəl sektor arasında əmək bazarına dair islahatlara dair fikir  və məlumat mübadilələri aparmağa əlverişli imkan yaratdığını bildirib.

S.Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının prioritetlərindən biri olaraq sahibkarlığın inkişafını dövlət bütün istiqamətlər üzrə ardıcıl olaraq dəstəkləyir. Bunun müsbət nəticəsi kimi, milli iqtisadiyyatda özəl sektorun rolu getdikcə artır.

Pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək tədbirlərini qeyd edən S.Babayev ümumilikdə 4,8 milyon insanın və ya əhalinin 48 faizə qədər hissəsinin bu tədbirlərlə əhatə olunduğunu, sahibkarların da dövlətin dəstəyi ilə təmin olunduqlarını bildirib.

O qeyd edib ki, eyni zamanda, bu dövrdə məşğulluğun qorunmasında, eləcə də həssas qruplarla bağlı sosial aksiyalarda sahibkarların yaxından iştirakı, dövlət siyasətinə dəstək vermələri, sosial məsuliyyət mövqeyindən həmrəylik nümayiş etdirmələri ilə bağlı ölkəmizdə uğurlu bir təcrübə formalaşdı. Məhz həmin mövqedən sahibkarlar, o cümlədən “AmCham Azərbaycan”da təmsil olunan şirkətlər qeyri-formal məşğulluğun qarşısının alınması, kölgə iqtisadiyyatının daha da azaldılması proseslərində qarşıdakı dövrdə daha fəal şəkildə öz töhfələrini verə bilərlər.   

Qeyri-formal məşğulluğa qarşı mübarizə tədbirlərindən bəhs edən S.Babayev bildirib ki, bu sahədə məsuliyyət tədbirlərinin görülməsi ilə yanaşı, formal məşğulluğa keçidi stimullaşdıran təsirli mexanizmlər də tətbiq olunur. Minimum əmək haqqının artırılması, bir sıra vergi güzəştləri, vergi prosedurlarının sadələşdirilməsi, pandemiya dövründə sahibkarların dəstəklənməsi, eləcə də bu günlərdə daha bir sosial-iqtisadi dəstək kimi, məcburi dövlət sosial sığorta haqqı dərəcələrinin endirilməsi və s. bunun əyani nümunələridir.

Nazir “Əmək müqaviləsi bildirişi” altsisteminin funksional imkanlarının artırıldığını, altsistemdə işəgötürənlər üçün vacib məlumatların, xəbərdarlıqların yerləşdirildiyini qeyd edib. O, “Məşğulluq” altsisteminin işəgötürənlər üçün əhəmiyyətini diqqətə çatdırıb,  “AmCham Azərbaycan”da təmsil olunan şirkətlərin də işçi qüvvəsinə olan tələbatlarının ödənilməsi üçün bu innovativ imkanlardan maksimum yararlanmalarını tövsiyə edib.

Əmək, məşğulluq sahəsində aparılan islahatları diqqətə çatdıran S.Babayev bildirib ki, islahatlarda sahibkarlarla sosial dialoqa əsaslanan əməkdaşlığa xüsusi önəm verilir və bu amil ümumən əmək bazarının inkişafında hədəflərə nail olunması üçün vacibdir.

Görüşdə əmək bazarında ortaya çıxan yeni məsələlər, əmək münasibətlərində yaranan yeni forma və yanaşmalarla bağlı olaraq əmək qanunvericiliyinin təkmilləşdirilməsi üçün aparılan işlər, Əmək Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklər barədə də Palata üzvlərinə məlumat verilib.

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger pandemiyaya qarşı mübarizə aparılması, əhalinin sağlamlığının mühafizəsi sahəsində Azərbaycanda aparılan işlərin, pandemiya dövründə iqtisadiyyata və sosial rifaha dəstək tədbirlərinin təqdirəlayiq olduğunu bildirib. O, ölkəmizdə dövlət tərəfindən sahibkarlığın dəstəklənməsini, həmçinin əmək və məşğulluq sahəsində aparılan islahatlarda sahibkarlarla əməkdaşlığa, sosial dialoqa önəm verilməsini də müsbət dəyərləndirib.

Palatanın nümayəndələri belə görüşlərin əhəmiyyətini vurğulayıblar. Görüş əmək və məşğulluq sahəsində islahatlara, əmək qanunvericiliyinin təkmilləşdirilməsinə dair fikir mübadiləsi ilə davam edib, rəy və təkliflər ifadə olunub. Nazir Palata üzvlərinin suallarını cavablandırıb.

1996-cı ildə yaradılan  “AmCham Azərbaycan” Azərbaycanda fəaliyyət göstərən, xarici və yerli təşkilatların maraqlarını dəstəkləyən və təşviq edən aparıcı biznes assosiasiyasıdır. Qurum Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəaliyyət göstərən 250-dən çox üzv şirkəti özündə birləşdirir və ölkəmizdə bütün xarici investisiyaların təxminən 80%-ni, yerli investisiyaların mühüm qismini təmsil edir.