22 iyul 2019 11:59
797

Sahibkarların nəzərinə!

Biznes subyektləri üçün bütün “G2B” (dövlət-biznes) və zəruri “B2B” (biznes-biznes) xidmətlərinin vahid məkanda əldə edilməsi məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən Bakı şəhərində kiçik və orta biznes evi (KOB evi) yaradılmaqdadır.

KOB evində sahibkarlıq subyektləri öz bizneslərinin planlamasından başlayaraq biznesin idarə edilməsinin bütün mərhələlərində ehtiyac duyulan xidmətləri əldə edə biləcəklər. Burada biznesi planla, biznesə başla, biznesi işlət, biznesi inkişaf etdir kimi biznes prosesləri üzrə 30-dan çox dövlət qurumunun 100-dən artıq “G2B” və özəl qurumların “B2B” xidmətləri əlaqəli şəkildə təşkil olunacaqdır.

KOB evində bank, sığorta, logistika, notariat, dizayn, çap, informasiya texnologiyaları, məsləhət xidmətləri və sahibkarların biznes fəaliyyəti çərçivəsində ehtiyac duyduğu digər xidmətlər təklif olunacaq, xidməti ofislər, görüş otaqları və konfrans zalları yaradılacaqdır.

KOB evində “B2B” xidmətləri göstərməkdə maraqlı olan sahibkarlar Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə müraciət edə bilərlər.