31 may 2020 12:48
968

Samux sakini: Cənab Prezident, fəxr edirəm ki, Sizin kimi Prezidentim var

Koronavirus pandemiyasının geniş yayılmasından irəli gələrək əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlərə görə ölkəmizin bütün bölgələrindən Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir.

“İki sahil” dövlətimizin başçısına ünvanlanan daha bir neçə məktubu təqdim edir.

Biləsuvar rayonunun Zəhmətabad kəndindən Rahim Teymurov: “Hörmətli cənab Prezident! Hazırda bütün dünyada yayılmış koronavirus pandemiyasının Azərbaycanda qarşısının alınması üçün Sizin rəhbərliyinizlə görülən işləri alqışlayırıq. Görülən işlərə, Azərbaycan xalqının qayğısına qaldığınıza, xüsusi rejimli karantin dövründə yaratdığınız şəraitə, vətəndaşların sağlamlığını qoruduğunuza, aztəminatlı insanlara birdəfəlik ödənişlərin verilməsinə görə Sizə minnətdarlığımızı bildiririk. Bu böyük diqqət bizə - Azərbaycan Respublikasının vətəndaşlarına verdiyiniz qiymətin göstəricisidir. Cənab Prezident, Sizə uzun ömür, cansağlığı arzulayıram. Allah Azərbaycanın işıqlı sabahı naminə fəaliyyətinizdə Sizə güc-qüvvət versin, yolunuz daim aşıq olsun.”

Bakı şəhərinin Binəqədi rayonundan Osman Əhmədzadə: “Hörmətli cənab Prezident! Sizin "Mən həmişə xalqın dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir" sözləriniz xalqa nə dərəcədə bağlı olduğunuzu göstərir. Xalq da Sizdən dəstək görür, cənab Prezident. Bütün dünyada koronavirus pandemiyasının yayıldığı bir vaxtda Sizin bizə mənəvi və maddi dəstək göstərməyiniz xalqımıza qayğınızın və diqqətinizin bariz nümunəsidir. Buna görə Sizə minnətdarıq. Möhtərəm Prezident, gördüyünüz bütün işlərə görə Sizə şəxsən öz adımdan və ailəmin adından təşəkkür edir, yeni uğurlar arzulayıram. Biz Sizinlə fəxr edirik.

Samux rayonundan Arzu İmanov: “Möhtərəm cənab Prezident! Bu məktubu yazmaqla Sizə nə qədər çox təşəkkür etsəm azdır. Çox sağ olun ki, bu millətin, bu xalqın və bu dövlətin qayğısını çəkməyi özünüzün ən başlıca məqsədiniz hesab edirsiniz. Siz bunu bizə bu son hadisələrdə daha aydın şəkildə göstərdiniz. Vətəndaşların ağır və qayğıya ehtiyac duyduğu bir anda Siz və Mehriban xanım həm maddi, həm mənəvi baxımdan bizim yanımızda oldunuz. Bir çox Azərbaycan vətəndaşı kimi, mən də fəxr edirəm ki, Sizin kimi Prezidentim var. Hər zaman öz vətəndaşının yanında olan, onun arxasında duran və qayğısını çəkən Prezidentimizin olmasını hiss etdirdiyiniz üçün Sizə şəxsən öz və ailəmin adından "Çox sağ olun!" deyirəm. Cənab Prezident, biz hər zaman Sizi, apardığınız daxili və xarici siyasətinizi dəstəkləyirik. Müasir müstəqil Azərbaycanın qurucusu, ulu öndərimiz Heydər Əliyevin və onun uzaqgörən siyasətinin ən layiqli davamçısı olduğunuzu bilirik. Övladlarımızı da bu ruhda böyütməyə çalışırıq. Qoy, bu dövlətin və bu xalqın daxili və xarici düşmənləri bilsinlər və dərk etsinlər ki, mənim Prezidentim tək deyil, bütün xalqı onunladır. Allah Sizi Azərbaycanımıza çox görməsin.”

Sumqayıt şəhərindən Günay İsrafilova: “Hörmətli cənab Prezident! Siz xalqının dəyərini, ölkəsinin qiymətini bilən və layiqincə dəyərləndirən bir lidersiniz. Mən 9-cu sinif şagirdiyəm. Həkim olmaq istəyirəm. Bilirəm ki, bunun üçün yaxşı oxumalıyam. Koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı keçirilən tədbirlər çərçivəsində məktəblər bağlandı və biz dərslərdə iştirak edə bilmədik. Amma biz dərslərdən geri qalmadıq. Sizin sayənizdə onlayn dərslər və "Virtual məktəb" layihəsi həyata keçirildi. Siz xalqımızı daim düşünürsünüz. Pandemiyanın qarşısının alınması üçün bütün tədbirləri görürsünüz. Mehriban xanım da Sizinlə birlikdə bizim qayğımıza qalır. Bu gün doğma Azərbaycanımız dünyaya günəş kimi işıq saçan incidir. Doğma yurdumuz Sizin sayənizdə gündən-günə inkişaf edir. Allah Sizi və ailənizi qorusun. Biz fəxr edirik ki, Sizin kimi dövlət başçımız var.”

Gəncə şəhərindən Qəhrəman Namazov: “Möhtərəm cənab Prezident! Həmişə olduğu kimi, bu çətin günlərdə də xalqın yanında olduğunuza, xalqa qayğı göstərdiyinizə görə şəxsən öz adımdan və ailəmin adından Sizə dərin minnədarlığımı bildirirəm. Yaranmış çətin vəziyyətdə həmişəki kimi düzgün qərarlar qəbul etməyiniz, yeni səhiyyə ocaqlarının, tibbi maska və ləvazimatlar istehsal edən müəssisələrin açılması təqdirəlayiqdir. Bunlar Sizin xalqın yanında olmağınızın, daim vətəndaşları düşünməyinizin daha bir sübutudur. Biz Sizinlə qürur duyuruq, Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik. Bu il imzaladığınız Sərəncamla aralarında mənim də olduğum 176 məhkumu COVID-19 virusundan qorumaq məqsədilə əfv etməyiniz yüzlərlə ailəyə sevinc bəxş etməklə yanaşı, Sizə bir daha ölkə əhalisinin rəğbətini qazandırdı. Buna görə bir daha Sizə dərin minnətdarlığımı bildirirəm.”

Astara rayonunun Siyaku kəndindən Mikayıl Nəhmətov: “Əziz Prezident! Mən təqaüdçüyəm. İlk növbədə, müqəddəs Ramazan bayaramı və Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm. Ulu Tanrı Sizə və xalqımıza hər zaman bol ruzi-bərəkət və müstəqil ölkəmizdə firavan həyat sürməyi qismət etsin. Dünyanı cənginə almış koronavirus pandemiyasından Azərbaycan xalqını uzaqgörən siyasətiniz və müdrikliyiniz sayəsində qoruduğunuza görə Sizə minətdarıq. Siz Vətənin mənafeyini, xalqın sağlamlığını əsas tutdunuz, bizi bu bəladan qorudunuz. Sizin sayənizdə dünya ölkəmizin gücünün, qüvvətinin bir daha şahidi oldu. İnşallah, tezliklə bu qara buludlar Odlar yurdunun üzərindən tamamilə çəkilib gedər. Cənab Prezident, Siz Azərbaycan xalqının rahat və firavan yaşaması üçün əlinizdən gələni edirsiniz. Azərbaycanın hər yerində müasir infrastruktur obyektləri inşa edilmişdir. Hər zaman bizim qayğımıza qaldığınıza görə Sizə və ailənizə təşəkkürümü bildirir, möhkəm cansağlığı arzulayıram.”

Sumqayıt şəhərindən Səbinə Ömürova: “Hörmətli cənab Prezident! Dünyanı ağuşuna alan COVID-19 virusu hər kəsi qorxutdu. Azərbaycan hazırda yoluxma və sağalma sayına görə dünyada ən qabaqcıl ölkələrdən biridir. Bunlar hamısı Sizin sayənizdədir. Vəziyyətin çox ciddi olmasına rəğmən, Siz xalqımızı ruhdan düşməyə qoymadınız. Daim irəli addımladınız və bütün xalqımızla birlikdə layiqli mübarizə aparırsınız. Sizin siyasi və təşkilatçılıq bacarığınız sayəsində minlərlə Azərbaycan vətəndaşının həyatı xilas edildi. Bir hərbçi qızı olaraq Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Mən həmişə fəxr edirəm ki, Vətənimin Sizin kimi rəhbəri var. Çox sağ olun ki, bu çətin günlərdə xalqımızın yanında oldunuz. Sizə minnətdaram.”