18 oktyabr 2019 15:05
697

“Saudi Aramco”nun IPO-su yenidən təxirə salınıb

Səudiyyə Ərəbistanının “Saudi Aramco” milli neft şirkətinin səhmlərinin ilkin kütləvi yerləşdirilməsi (IPO) yenidən təxirə salınıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Saudi Aramco”nun IPO-sunun bu ay həyata keçirilməsi nəzərdə tutulurdu. Şirkət bu prosesi üçüncü rüb üzrə maliyyə göstəriciləri açıqlananadək təxirə salıb. Üçüncü rübün maliyyə nəticələri açıqlandıqdan sonra investorların şirkətə etimadının artacağı və kütləvi təklif iştirakçılarının sayının çoxalacağı gözlənilir.

“Aramco”nun IPO üçün 20-dək milli və beynəlxalq maliyyə qurumu ilə iş aparılır. Şirkətin səhmlərinin 1 faiznin Səudiyyə Ərəbistanı bazarında satışa çıxarılması planlaşdırır. 2020-2021-ci illərdə isə səhmlər beynəlxalq bazarlarda satışa çıxarılacaq.

Qeyd edək ki, “Aramco”nun səhmlərinin satışının ötən ilin ikinci yarısında olması planlaşdırılırdı. Şirkətin səhmlərinin 5 faizini özəlləşdirərək 100 milyard dollar gəlir əldə edilməsi hədəflənir. “Saudi Aramco” Böyük Britaniyanın maliyyələşdirdiyi 2 milyard dollarlıq fond üçün ABŞ-ın “Citi” investisiya bankı ilə razılaşıb və bu çərçivədə “Citi bank” həmin fondu idarə edəcək. “Aramco” daha əvvəl “JPMorgan Chase & Co”, “Morgan Stanley” və “HSBC” ilə məsləhətləşmələr üçün razılaşıb. Şirkətin bazar dəyərinin təxminən 2 trilyon dollar olması gözlənilir. “Aramco” bazar payını artıracağı təqdirdə hazırda təxminən 900 milyard dollarla dünyanın ən dəyərli şirkəti olan “Apple” korporasiyasını geridə qoyması nəzərdə tutulur.

Mərkəzi ofisi Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşən şirkət ilk neft quyusunu 1935-ci ildə qazıb. Şirkətin 261 milyard barrel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti “ExxonMobile”nin həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barrel neftdən birini “Saudi Aramco” çıxarır. Şirkətdə təxminən 51 min Səudiyyə Ərəbistanı vətəndaşı və 10 min 300 əcnəbi çalışır.