27 yanvar 2020 19:51
1210

Seçicilərin YAP-ın namizədlərinə etimadı böyükdür

15 saylı Yasamal I seçki dairəsindən YAP-ın namizədi kimi qeydə alınan Rauf Nağıyevin seçiciləri ilə görüşləri mütəşəkkilliklə davam edir

Respublikamızın hər yerində  9 fevralda keçiriləcək Milli Məclisə seçkilərin mühüm mərhələsi olan təbliğat kampaniyasına “Daha güclü Azərbaycan naminə” devizi ilə başlayan Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinə rəğbət və inamı bütün görüşlərdə hiss olunan seçici fəallığı da təsdiqləyir.

YAP Mərkəzi Seçki Qərargahının Yasamal rayon şöbəsində Milli Məclisə deputatlığa  namizədliyi YAP tərəfindən irəli sürülən Rauf Nəriman oğlu Nağıyevin seçicilərlə görüşü də yüksək əhval-ruhiyyə şəraitində davam etdi.

YAP Yasamal rayon təşkilatının sədri , partiyanın səlahiyyətli nümayəndəsi Tağı Əhmədov namizədlə bağlı açıqlama verərək bildirdi ki, tibb elmləri doktoru, elmi-tədqiqat  işləri ilə urologiya sahəsinə töhfələr verən, tanınmış uroloq Rauf Nağıyev gənc olsa da, bacarıqlı mütəxəssis kimi tanınır. 70-ə yaxın elmi məqalənin və dərs vəsaitlərinin müəllifidir.

Namizədin elmi, pedaqoji, həkimlik fəaliyyətindən bəhs edən Tağı Əhmədovun vurğuladığı kimi, Avropa ölkələrində, ABŞ-ın Los- Anceles şəhərindəki Urologiya İnstitutunda endoskopik, robotik və laparoskopik kurs keçərək bilik və bacarığını, urologiya sahəsində qazandığı təcrübəni təkmilləşdirən Rauf Nağıyev beynəlxalq  konqreslərdə, urologiya elminə həsr olunan forumlarda iştirak etməklə də bilik və təcrübəsini artırmışdır:

- İstanbul Universitetində və Fransanın Strasburq Universitetində təkmilləşdirmə kurslarını başa vuran təcrübəli uroloq Rauf Nağıyev pedoqoji fəaliyyət ilə də məşğuldur. Gənc mütəxəssislərin yetişdirilməsində, beynəlxalq səviyyədə tətbiq olunan müayinə və müalicə metodlarının öyrədilməsində səyini əsirgəmir. Azərbaycan Tibb Universitetində tədris fəaliyyəti ilə məşğul olan Rauf Nağıyev Azərbaycan , rus, ingilis dillərində mühazirə və praktiki dərslər aparır. Azərbaycan və Avropa uroloqlar cəmiyyətlərinin, Ümümdünya Endouroloji Cəmiyyətinin, Mərkəzi Asiya Uroloqları Konqresinin İdarə Heyətinin üzvüdür. Tibb Universitetinin cərrahiyə üzrə Aprobasiya və Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində olan Respublika Elmi- Tədqiqatlarının Əlaqələndirmə Şurasının üzvüdür.

Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında çalışan uroloq-androloq Rauf Nağıyev seçiciləri ilə növbəti görüşünə də onların istək və arzularını öyrənmək üçün gəldiyini, ona etimad göstərilərsə təmsil olunduğu Yeni Azərbaycan Partiyasının və seçicilərinin etimadını doğruldacağını, millət vəkili adına layiq olacağını bildirdi:

- Prezident, YAP-ın Sədri İlham Əliyevin Sərəncamına əsasən Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi namizədlərdən, seçicilərdən məsuliyyət tələb edir. Dünya birliyinə inteqrasiya edərək inkişafını demokratik tələblər əsasında quran Azərbaycan zamanın çağırışlarına cavab verərək liderliyini qoruyur. XXI əsrin hədəflərinə uyğun fəaliyyət göstərmək Milli Məclis üzvlərinin fəallığından, qəbul olunacaq qanunların aktuallığından çox asılıdır. Bu baxımdan millət vəkili adını qazanmaq böyük məsuliyyət, insanlarla daim təmasda olmağı tələb edir. Təbii ki, yeni təşkil olunacaq Milli Məclisin üzvləri də fəaliyyətlərini seçicilərinin təklif və  tələbləri, Azərbaycanın daha da qüdrətlənməsinə yönələn istiqamətdə formalaşdırmalıdır. Buna görə də seçicilərimizlə görüşlərdə yalnız reallığa əsaslanan məsələlərin həllindən söz açır, daha çox insanların istək və arzuları ilə maraqlanırıq. 

“Əgər mənə etimad göstərilərsə respublikanın ictimai-siyasi həyatında fəallığımı artırmaqla, vətəndaşlıq borcumu  yerinə yetirəcək, seçicilərimin təkliflərinin, onları düşündürən məsələlərin həllinə çalışacağam” sözləri ilə çıxışını davam etdirən Rauf Nağıyev platformasının ən vacib amillərindən söz açdı:

- Bütün seçicilərimin icbari tibbi sığortaya cəlbi ilə bağlı maarifləndirmə işlərində iştirak edəcək, səhiyyə sistemində - bütün yaş qruplarında olan uşaqların icbari dispanserizasiyasına diqqəti artıracağam. İstedadlı gənclərin potensiallarının aşkarlanması üçün onlara hər cür yardım göstərəcəyəm. Yasamal rayonu ərazisində həyata keçirilən pilot layihələrin reallaşdırılmasında iştirak edəcəyəm. Sənədsiz evlərin qeydiyyatı ilə maraqlanacağam.  Seçiciləri narahat edən sosial, mənzil- kommunal və digər problemlərin həlli istiqamətində fəallığımı artıracağam. 20 ildən artıq üzvü olduğum YAP-ın və seçicilərimin etimadını doğrultmağa çalışacam.

Seçicilər adından çıxış edən Azad Kərimli, Vüqarə İbrahimova, Əzizağa Məmmədov və başqaları 9 fevralda seçki məntəqələrinə gələrək Azərbaycanın inkişafında xidmətləri ilə seçilən, xalqın partiyası olan YAP-ın namizədinə etimad göstərəcəklərini bildirdilər.

Xuraman İsmayılqızı, “İki sahil”