05 aprel 2020 18:10
1276

Sədaqət Vəliyeva: Koronavirusun sürətlə yayılması və pik həddə doğru hərəkət etməsi bir çox obyektiv və subyektiv amillərlə bağlıdır

Bəşəriyyətin yeni bəlası olan koronavirus dünya dövlətlərinə hərtərəfli zərər vurmaqda davam edir. Pandemiya dünya ölkələrində iqtisadi və maliyyə böhranına da səbəb olub. Gündən-günə virusa yoluxanların, həyatını itirənlərin sayı artır.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, artıq dünyada 1,2 milyon insan bu xəstəliyə yoluxub, 64 mindən çox insan isə bu virusun qurbanı olub:

"Avropada, xüsusən İtaliya və İspaniyada yoluxma halları və ölüm faktları artan xətt üzrə inkişaf edəndə, bu qitənin bir çox ölkəsində nisbi sakitlik hökm sürürdü. İndi isə koronavirus Avropanın çoxlu ölkəsində tüğyan edir. Avropa ilə müqayisədə ABŞ-da yayılma və ölüm halları gec başladı, indi isə bu ölkə az qala koronavirus pandemiyasının əsarəti altındadır. Hazırda ABŞ-da 311 mindən çox insan virusa yoluxub, 8 mindən çox ölüm faktı qeydə alınıb. İtaliyada isə bu rəqəmlər müvafiq olaraq 124 min və 15 mindir".

"Əlbəttə ki, bu durum Azərbaycandan da yan keçməyib. Ölkəmizdə də gündən-günə virusa yoluxanların sayında artım müşahidə olunur. Ancaq dövlət koronavirusla mübarizədə ciddi qabaqlayıcı tədbirlər görür", – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Ermənistanda 822 yoluxma və 7 ölüm faktı qeydə alınıb. Bu ölkədə Azərbaycanla müqayisədə 5 dəfə az, cəmi 7994 test aparılıb. Gürcüstanda isə yoluxmaların sayı 170 nəfər təşkil edir, 2 ölüm halı qeydə alınıb.

Sədaqət Vəliyeva sosial şəbəkələrdə son günlər Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarının artması səbəbləri ilə bağlı aparılan müzakirələrə də münasibət bildirib və infeksiyaya yoluxmanın sayının məhz indi artmasının bir sıra səbəblərinin olduğunu qeyd edib:

"Birincisi, nəzərə alınmalıdır ki, ilkin dövrlərdə infeksiya faktları müəyyən olunanda Azərbaycan yalnız Ümumdünya Səhiyyə Təşkilatından məhdud şəkildə testlər alırdı və həmin dövrdə mövcud imkanlar çərçivəsində müayinələr aparılırdı. Sonrakı dövrdə ölkəmiz artıq özü kifayət qədər test almağa başladı. Əgər ilkin vaxtlar ölkədə gündə cəmi 200-300 test keçirilirdisə, indi müayinələrin sayı 3 mindən çoxdur. Hazırda ölkədə 41 mindən artıq test keçirilib. Bu da yoluxma hallarını müəyyənləşdirmək üçün imkanları artırıb. İkincisi, Azərbaycan yeni, ən müasir standartlar səviyyəsində olan əlavə tibbi laboratoriyalar aldı. Bu da virusa yoluxanların aşkarlanması üçün əlavə imkanlar yaratdı. Onu da nəzərə almaq lazımdır ki, koronavirusun inkubasiya dövrü çoxdur və xəstəliyin üzə çıxması 28 günədək çəkə bilər. Bu mənada, xaricdən gələn və karantinə yerləşdirilən şəxslərlə bağlı bir neçə mərhələdə test aparılır. Son bir həftə ərzində keçirilən testlər xaricdən gələn çoxlu sayda insanda yoluxma faktını təsdiq edir. Amma o da faktdır ki, ilkin dövrdə infeksiya yalnız xaricdən gələn şəxslərdə aşkarlanırdı. İndi həm də ölkə daxilində insanların bir-birini yoluxdurması halları qeydə alınır. Ümumiyyətlə, regionun və dünyanın təcrübəsi göstərir ki, infeksiyanın sürətlə yayılması və pik həddə doğru hərəkət etməsi bir çox obyektiv və subyektiv amillərlə bağlıdır. Hər bir ölkə və region üçün bu hal spesifikdir".

Sədaqət Vəliyeva deyib ki, vətəndaşlarımız maksimum diqqətli olmalı, karantin rejiminin qaydalarına riayət etməli, özləri, ailələri və cəmiyyətimiz qarşısında məsuliyyətlərini dərk etməlidirlər:

"Hər bir məsuliyyətsiz davranma, hər bir qayda pozuntusu xəstələnmək və öz həyatını, ətrafını risk altına atmaq deməkdir. Bir həkim olaraq hər bir vətəndaşımızdan xahiş edirəm ki, ehtiyac olmadığı təqdirdə evdən çıxmasın, karantin qaydalarına əməl etsinlər. Bu ümumbəşəri bəladan xilas olmağın yolu evdə qalmaqdır, qorunmaqdır".