01 iyun 2020 16:19
864

Sədaqət Vəliyeva: Ölkəmizdə uşaqlar daim diqqət mərkəzindədir

Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib

Hər bir uşağın fiziki və mənəvi inkişafı, gələcəkdə layiqli vətəndaş kimi formalaşması, eyni zamanda, uşaqların etibarlı sosial təminat sistemi ilə əhatə olunması Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Bunu AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Ölkəmizdə uşaqların daim diqqət mərkəzində olduqlarını vurğulayan Sədaqət Vəliyeva bildirib: “Ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Prezident İlham Əliyev də uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da bu sahədəki fəaliyyəti xüsusi qeyd olunmalıdır”.

“Bu gün ölkəmizdə sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, şəhid ailələrinin və müharibə əlillərinin, beşdən çox uşağı olan qadınların, müddətli həqiqi hərbi xidmət qulluqçularının, Çernobıl AES-dəki qəza ilə əlaqədar I və II dərəcə əlilliyi olan, yaxud vəfat etmiş valideynlərin uşaqları aylıq sosial müavinətlə təmin edilir”, – deyən Sədaqət Vəliyeva əlavə edib ki, valideyn himayəsindən məhrum olmuş uşaqlara, ünvanlı dövlət sosial yardımı alan ailələrin 1 yaşadək körpələrinə aylıq sosial müavinət, yeni doğulan uşaqlara görə birdəfəlik müavinət verilir, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslərin dispanser qeydiyyatında olan övladları isə ildə bir dəfə olmaqla birdəfəlik müavinətlə təmin edilir. “Sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası da diqqət mərkəzində saxlanılır. Dövlətimizin başçısının tapşırığı ilə Uşaq Bərpa Mərkəzi müasir tələblərə uyğun qurulub, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi nəticəsində Bakıda Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi yaradılıb. Ölkəmizin regionlarında uşaq bərpa müəssisələri şəbəkəsinin qurulmasına başlanıb. Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində yetkinlik yaşına çatmayan uşaqların yenidən normal həyata dönüşü üçün səmərəli sosial reabilitasiya xidmətləri göstərilir”, - deyə deputat bildirib.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları təbrik edən, onlara rifah dolu sakit həyat, bol uğur, sağlamlıq arzulayan Sədaqət Vəliyeva deyib: “Qoy, körpələrimiz, uşaqlarımız həmişə sülh və əmin-amanlıqda, aydın səma altında böyüsünlər!”.