24 iyun 2019 21:03
897

Səmərəli və məsuliyyətli dövlət qurumlarının inkişafı

BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində keçirilən “Səmərəli və məsuliyyətli dövlət qurumlarının inkişafı” mövzunda seminarda Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün səmərəli və məsuliyyətli dövlət qurumlarının inkişaf etdirilməsi məsələsi araşdırılıb.

AZƏRTAC xəbər verir ki, BMT-nin antikorrupsiya üzrə qlobal məsləhətçisi Anqa Similsinanın moderatorluğu ilə keçən seminarın əsas məqsədləri dövlət strukturlarında DİM-ə nail olunmasında korrupsiyanın uğursuzluğa hansı dərəcədə təsir göstərməsi, effektiv, inklüziv və məsuliyyətli dövlət qurumlarının inkişaf etdirilməsi, dövlət sektorunda korrupsiya hallarının qarşısının alınması, DİM-ə nail olunmasında irəliləyişləri sürətləndirmək üçün fərdi, institusional və digər imkanların necə inkişaf etdirilməsi və s. məsələləri müzakirə etmək olub.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Orxan İsayev bildirib ki, korrupsiyaya və onun neqativ təzahürlərinə qarşı mübarizə məsələləri müasir dövrümüzün ən aktual problemlərindən və dünya ictimaiyyətinin qarşısında duran ən aktual çağırışlardan biridir. Korrupsiyaya və onun törətdiyi mənfi nəticələrə qarşı səmərəli mübarizə olmadan ictimai rifah, vətəndaş məmnuniyyəti və dayanıqlı inkişafdan danışmaq mümkün deyil. Azərbaycan da, öz növbəsində, bu sosial bəlaya qarşı mübarizənin əhəmiyyəti və aktuallığını dərk edir. Bu istiqamətdə zəruri institusional və qanunvericilik islahatları həyata keçirilir.

Orxan İsayev, həmçinin bildirib ki, Azərbaycan brendi olan "ASAN xidmət" modeli korrupsiyanın qarşısının alınması üzrə beynəlxalq səviyyədə ən yaxşı təcrübə kimi qəbul edilir. Əsas nailiyyətimiz isə dövlət idarəçiliyinin bütün sahələrində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən kompleks, ardıcıl və hərtərəfli islahatlardır.

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti bildirib ki, dövlət xidmətlərində texnologiyalar geniş istifadə olunmağa başlanılıb. Bunun sosial faydaları var. Dövlətlər rəqəmsal potensiala investisiyalar qoyurlar. Həmin ölkələr digərlərinə nisbətən 3,6 dəfə çox uğur qazanırlar. Dövlət xidmətlərinin rəqəmsallaşdırılması korrupsiya faktlarını azaldır.

Alessandro Frakassetti qeyd edib ki, Azərbaycanda DİM-in nail olunması istiqamətində prioritetlər müəyyən edilib və tədbirlər görülür. O, dövlət xidmətlərinin vahid pəncərədən səmərəli və şəffaf təqdim edilməsini təmin edən "ASAN xidmət" mərkəzlərinin yaradıldığını və uğurlu nəticələr əldə edildiyini də diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının katibi Kamal Cəfərov innovasiyaların DİM-ə nail olunmasında əsas istiqamətlərdən biri olduğunu qeyd edib. O, dövlət sektorlarında innovasiyaların mənimsənilməsinin vacibliyini vurğulayıb. Əlavə edib ki, innovasiyaların daha çox olduğu qurumların, məsələn, "ASAN xidmət"in uğurlu təcrübəsindən yararlanmaq vacibdir.

Seminarda digər çıxış edənlər öz ölkələrində korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərdən danışıblar.