23 sentyabr 2019 16:46
813

Səmt qazı Siyəzənin 15 kəndində istehlakçılara çatdırmağa kömək edəcək

Yeni qurğular xam neftdən səmt qazını yığmağa və onu Siyəzənin 15 kəndində istehlakçılara çatdırmağa kömək edəcək

Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəyi ilə 6 kompressor, 6 seperator və 3 soyuducu qurğu quraşdırılıb. Bu, ekoloji layihədir. BMT-nin İnkişaf Proqramı ilə SOCAR arasındakı müqavilədə 3 komponent iştirak edir. Bu komponentlərdən birincisi enerji səmərəliliyidir ki, biz bunu “Azərkimya” İstehsalat Birliyində quraşdırmışıq. İkinci komponent enerji səmərəliliyi olan nəqliyyat vasitələrindən istifadədir. Bununla əlaqədar BMT tərəfindən bizə hibrid maşınlar, simulyator qurğusu verilib. Müqavilənin son mərhələsində isə havaya buraxılan alçaqtəzyiqli qazları toplayıb əhalinin istifadəsinə vermək öz əksini tapır.

Bu barədə SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə Siyəzəndəki neft yataqlarında səmt qazını ayırmaq üçün quraşdırılan kompressorlar və ayırma qurğularının işə salınması mərasimində bildirib.

Rəfiqə Hüseynzadə jurnalistlərə müsahibəsində deyib ki, qurğular BMT tərəfindən quraşdırılıb, 32 kilometr məsafədə borunun çəkilməsi isə SOCAR tərəfindən həyata keçirilib. “Ümumilikdə 3 stansiya qurulub və ay ərzində 583 min kubmetr qaz yığılacaq. Bu kompressorlar işə salındığı gündən 2-3 kəndə qazın verilməsinə də başlanılacaq. Yeni kompressorlar və ayırma qurğuları xam neftdən səmt qazını yığmağa və onu Siyəzənin 15 kəndində istehlakçılara çatdırmağa kömək edəcək. 600-dən çox ailənin 1250 nəfər üzvü bu proqramdan yararlanacaq” – deyə, Rəfiqə Hüseynzadə söyləyib.