15 iyul 2020 17:09
1989

“Səmt Qazının Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq” Təşkilatının onlayn görüşü keçirilib - FOTO

İyulun 14-də Dünya Bankının “Səmt Qazının Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq” (GGFR)  Təşkilatının 2019-cu il ərzində görülən işlər üzrə hesabatının müzakirəsi üçün Rəhbər Komitənin onlayn formatda görüşü keçirilib.

Tədbirdə dünyanın 20-dən çox beynəlxalq neft-qaz şirkətlərindən və təşkilatlarından nümayəndələr iştirak ediblər.

Toplantıda çıxış edən GGFR-ın layihə meneceri Zubin Bamji görülən işlər üzrə 2019-cu il hesabatı ilə əlaqədar geniş məlumat verib.

Tədbirdə SOCAR tərəfindən iştirak edən ekologiya üzrə vitse-prezident, Rəhbər Komitənin üzvü xanım Rəfiqə Hüseynzadə çıxış edərək bildirib ki, hesabat geniş və dolğun materiallar əsasında tərtib olunub və orada 2019-cu il ərzində görüllən işlər haqqında ətraflı məlumatlar verilib: “Bu hesabatda digər işlərlə yanaşı, SOCAR-ın həyata keçirdiyi layihələr də öz əksini tapıb. Hesabatın təfərrüatlı işlənib hazırlanması onun müsbət dəyərləndirilməsinə imkan verir.”

Bundan başqa, Rəfiqə Hüseynzadə iştirakçıların nəzərinə çatdırıb ki, hazırda SOCAR bu istiqamətdə işləri yerli və beynəlxalq partnyorlarla birlikdə uğurla davam etdirir. Xüsusilə, məşəldə yandırılan qazın həcminin azaldılması məqsədilə SOCAR və “BP-Azərbaycan” şirkətinin birgə əməkdaşlığı, “Azəri-Çıraq-Günəşli” yataqlarında və Səngəçal terminalı üzrə əldə olunan müsbət nəticələr haqqında görüş iştirakçılarına məlumat verilib.

Toplantıda çıxış edən digər nümayəndələr qeyd ediblər ki, səmt qazının azaldılması istiqamətində görülən işlərin daha effektivliyi üçün yeni texnologiyaların tətbiqi uğura doğru addımdır və onun gələcəkdə həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Həyata keçirilən layihələr və əldə olunan nəticələrə əsasən Azərbaycanın “Sıfır karbon hədəfi”nə (“Net-Zero səviyyəsi”) çatacaq ilk ölkə olacağı toplantı iştirakçıları tərəfindən vurğulanıb.

SOCAR qlobal istiləşmə və iqlim dəyişmələrinə təsirin azaldılması istiqamətində Dünya Bankının GGFR  Təşkilatı ilə 2008-ci ildə əməkdaşlığa başlayıb. Son 12 il ərzində qarşılıqlı məhsuldar iş birliyinin nəticəsi olaraq 2012-ci və 2015-ci illərdə “Səmt qazının yandırılmasının azaldılması istiqamətində olan layihələr” nominasiyasında SOCAR-ın təqdim etdiyi layihələr Dünya Bankı və GGFR Təşkilatı tərəfindən yüksək qiymətləndirilmiş və SOCAR “Award Exellence”-“Ali mükafat”larına layiq görülmüşdür. Belə ki, bu layihələrin icrası nəticəsində 20 il ərzində atmosferə atılan gündəlik 1 milyon m3 aşağı təzyiqli səmt qazlarının dəniz platformasında tutularaq istehlakçıya ötürülməsinə başlanıb.

Orxan Vahidoğlu, “İki sahil”