07 iyun 2019 10:20
1511

Səni qarış-qarış gəzmək cənnətdə addımlamaq kimiydi, Naxçıvan...

Bu gün yolum sənə düşdü, səndən keçdi Ana yurdum, doğma diyarım, Naxçıvanım. Sənin köksündə boy atan kiçik bir zərrənəm. Sənə gəldim. Göz görüb könül oxşayan laləli düzlərində bir zamanlar gəzdiyim izimi gördüm. 23 il bundan əvvəl ayağıma batan tikanların yerini, sızıltısını hiss etdim. İtirdiyim sevincli, bəzən də ağrılı-acılı günlər var idi. Olsun, bu, bir zamanlar idi. İndi sənin bu qədər gəncləşən, gözəlləşən siman gözümü qamaşdırdı. Nə qədər dəyişilmisən, ulu diyar! Hər qarışını addımladıqca doymurdum səndən! Səni qarış-qarış gəzmək cənnətdə addımlamaq kimi idi, ey doğma diyarım!

Doğulub böyüdüyüm Culfa rayonu, onun şəhər və kəndləri də 90-cı illərin miskin donunu çoxdan çıxarıb atıb. Dizə qədər palçıq olan kənd mərkəzlərində indi asfalt yollar çəkilib, məktəblər tikilib, bağ-bağçalar, park və xiyabanlar salınıb. Yaddaşımın bir küncündə ilişib qalan, həmişə içimi sızıldadan, uşaqlığımı uşaq kimi yaşamağa qoymayan böhranlı, ağrılı-acılı illər də indi müasirlik şəfəqlərinin altında itib-batıb. O günlər acı bir xatirədir indi. Xatırlayıb yeni günlərin qədrini bilmək üçündür sadəcə...

Baş əyirəm

Bəşər mədəniyyətinə böyük töhfələr vermiş, böyük şəxsiyyətlər, alimlər, münəccimlər, şairlər, memarlar, siyasi və dövlət xadimləri yetişdirən torpağım! Bu gün sən Azərbaycanın sinəsində döyünən böyük bir ürəksən! Səndən kimlər gəlmiş, kimlər keçmiş... Ustad Şəhriyarın təbirincə desək, “Səni fərzanələr almış, qapıb divanələr tutmuş”... Hər yaranın izləri isə silinməz qalmış.

...Gecə vaxtı Əlincəqalaya qalxırıq. Jurnalist həmkarım Sara Əzimova məlumat verir ki, uçulub-dağılmış, yer üzündən silinmək təhlükəsi olan qala 4 il əvvəl insan əlləri ilə, atlarla daşınan daşlarla yenidən qurulub. Bu gün onun zirvəsində üçrəngli bayrağımız dalğalanır. Gecənin səssizliyində babalarımızın, qəhrəman qala müdafiəçilərinin hənirini duyuram sanki. Əmir Teymurun “hücum” əmri gəlir qulaqlarıma. 14 il, tam 14 il o boyda böyük fatehə baş əyməyən Əlincənin zirvəsində indi mən ulu əcdadlarımızın ruhu qarşısında baş əyirəm!!! Qalanı sərəncam verib bərpa edən Ali Məclisin Sədri cənab Vasif Talıbovun vətənpərvərliyi və Naxçıvan sevgisi, qurduğu yeni və müasirləşən Naxçıvan qarşısında baş əyirəm!..

Naxçıvan nümunəsində qoruyub yaşatmaq

Təkcə Əlincə qalası deyil, Mömünə Xatın türbəsi, Hüseyn Cavid məqbərəsi, Xanəgah, Xan sarayı, Buzxana, Qarabağlar türbəsi və yüzə yaxın digər dünya əhəmiyyətli abidələr də orijinal üslubda bərpa edilərək ikinci ömrünü yaşayır.

Naxçıvan indi həm də muzeylər diyarı

dı... Onlarla muzeydə nəinki Azərbaycan, hətta bütün dünya üçün əhəmiyyət daşıyan nümunələr sərgilənir. Azərbaycanın zəngin tarixi keçmişini, mədəniyyətini, adət-ənənələrini Naxçıvan elə Naxçıvan nümunəsində qoruyub yaşadır. Bir gün yolunuz bu qədim diyara düşərsə, onun gözəlliklərini öz gözlərinizlə görmək üçün onu qarış-qarış gəzin və hiss edin...Gəzin ki, neçə-neçə şairlərin, memarların, yazıçıların vəsf etdikləri bu elin, bu obanın sizdə də bir izi qalsın...

Əshabi-Kəhfə, Batabata, Atçılıq Mərkəzinə getməyi də unutmadım.

Göycə festivalına qatıldım...

Kabab qoxulu natəmizliklə uşaqlıq xatirələrimdə yaşayan Əshabi-Kəhf indi böyük bir mədəniyyət və turizm kompleksinə çevrilib. Abadlaşıb, dəyişib, yüzlərlə turisti qəbul etmək imkanı qazanıb... Damcılı mağaraya qədər qalxırıq. Özümü o qədər təmiz, hüzurlu və Yaradana yaxın hesab edirəm ki, bunu sözlə ifadə edə bilmərəm. Sadəcə, hər kəsə, elə özümə də “bütün dualarımız qəbul olsun”,- deyirəm. Qoy bayrağımız heç zaman zirvələrdən enməsin...

Şahbuzun kəndləri gözümü oxşayır

Budur, Naxçıvan şəhərindən aralanırıq. 40 dəqiqə sonra Batabatdayıq. Şəhər istidi, lakin burda 20 dərəcə sərinlikdə üşüyürəm ...Tərtəmiz havanı ciyərlərimə “görməmişliklə” çəkirəm. Göllər, bulaqlar, dağ çayları yazın ilk günlərindən cuşa gəlib. Hər tərəf gül-çiçəkdi. Ətraf cənnət qoxuyur. Məni bihuş edir. Yolboyunca Şahbuzun kəndləri gözümü oxşayır. Təəccüblənirəm, çılpaq təpələrdə, yol kənarlarında belə on minlərlə ağac əkib bağ salıblar. Halal olsun, deyirəm, yurdumun zəhmətkeş, yurdsevər insanlarına. Söz tapa bilmirəm... İçimdə danışıram, müqayisə edib nəticə çıxarıram. Astadan pıçıldayıram: “Doğma yurdum, saysız təbii gözəlliklərin, yağıya qalxan olan milli köklərin, zəhmətsevər insanların indi səni qüdrətli bir muxtar diyara çevirib!

Gəzib-gördükcə qətiləşdirirəm ki, Nuh Yurdu Naxçıvan əvvəllər gördüyümdən qat-qat dəyişib, müasirləşib və daha da gözəlləşib. Müasir Azərbaycanımızın memarı, ulu öndər Heydər Əliyevin Naxçıvanda uğurla davam etdirilən quruculuq xətti bu diyarı xoş günlərə qovuşdurub! İqtisadi gücünü birə min qat artırıb, ordusunu yenilməz edib. Bir sözlə, Azərbaycan tarixində əvəzolunmaz və xüsusi yeri olan müqəddəs diyarı çiçəkləndirib.

Son sözüm 

Doya bilmədim səndən...

“Ah mən gündən-günə bu gözəlləşən, işıqlı dünyadan necə əl çəkim?”- deyə Mikayıl Müşfiqin misraları dilimə gəldi. Göyün üzündə arxama boylanıram. Təyyarədən sənə baxdıqca düşünürdüm ki, cənnətə gedən yol bu diyardan keçir... Vətən bizim yaşadığımız kənddən, şəhərdən, qəsəbədən, rayondan başlanır. Vətən onun gözəlliyinin şahidi olan atlas çəmənlərdən, dibi görünməyən yamyaşıl meşələrdən, durna gözlü bulaqlardan, coşqun çaylardan, mavi göllərdən başlanır. Bir sözlə, məndən, səndən, ondan, bizdən başlanır...

Vətən müqəddəsdir, ülvidir. Onun hər şeyi - dağı, daşı, torpağı, suyu, səması bizim üçün əzizdir, doğmadır. Əgər öz yaşadığın yerin, oxuyub təhsil aldığın, boya-başa çatdığın torpağın keçmişini, bu gününü yaxşı bilməsən, onun sərvətlərini, tarixini, dəyərlərini qorumaq, çoxaltmaq və gələcək nəsillərə saxlamaq qayğısına qalmasan, sən əsl vətəndaş ola bilməzsən...

Hey uçsam da yuvam sənsən, elim, günüm, obam sənsən, Ana Vətən, doğma diyar!

Röya Bənəniyarlı,
Azərbaycan Televiziyasının əməkdaşı,
Bakı-Naxçıvan-Bakı