05 avqust 2019 20:06
2020

Senzuranın ləğvi milli mətbuatımızın inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi

Demokratik cəmiyyətin inkişafına mane olan amillərdən biri də senzuranın mövcudluğudur.  Senzuranı  müstəqil sözün, azad mətbuatın qarşısında əsas maneə kimi səciyyələndirənlər yanılmırlar. Senzura hərfi  mənada latıncadan tərcümədə “cencura” - dövlətin kütləvi informasiya vasitələrinin məzmunu və yayılması üzərində nəzarət anlayışını özündə ehtiva edir.

Avropada 15-ci əsrdə yaranan senzura söz, mətbuat azadlığı, televiziya və digər informasiya vasitələrinin dövlət, ictimaiyyət və başqa ictimai müəssisələrin maraqlarına uyğun məhdudlaşdırma forması kimi meydana çıxıb. Senzura öz mahiyyəti etibarilə həm əvvəlcədən hər hansı verilişin, məlumatın, informasiyanın, musiqinin və digər məlumatın ictimailəşdirilməsindən əvvəl nəzərdən keçirilən və yalnız bundan sonra onun nümayişinə, çapına, nəşrinə, dinlənilməsinə və s. icazə verilməsi, həm də verilişin, filmin, kitabın, musiqinin cəmiyyətə çatdırılmasından sonra onun nəzərdən keçirilməsi ilə xarakterizə olunur.

Azərbaycan həm çar Rusiyası, həm də sovet rejimi dövründə  senzuranın daha çox öncədən məhdudlaşdırma növü ilə qarşı-qarşıya qalırdı. Sovet imperiyasının qılıncının dalının da, qabağının da kəsdiyi bir vaxtda  Azərbaycanda həm mətbuat, həm də incəsənətin müxtəlif növlərinin yayımında çox ciddi senzura tətbiq olunurdu. 

Sovet dövrünün əsas senzura orqanı sayılan, istənilən azad təşəbbüsün  senzor qılıncı sayılan “Qlavit”in icazəsi olmadan “quş quşluğu ilə uça bilməzdi”.  Senzuranın sərt qaydalarına SSRİ-yə daxil olan milli respublikaların hamısı, o cümlədən Azərbaycan da  əməl etməyə məcbur idi. Sovet dövrünün mətbuatı daha çox partiyalı mövqedən çıxış etməyə vadar edilirdi.  Təsadüfi deyil ki, 1937-ci il repressiyasında Azərbaycanın dəyərli  ziyalılarının böyük qismi məhz senzuranın badına getmişdi. 

İnsanın müstəqil fikrinə, azad yaradıcılıq müstəvisinə ciddi senzuranın tətbiq olunduğu yerdə hansı inkişafdan söz açmaq olar? Mediada senzuranın tətbiqi həm də demokratik dəyərlərin tapdalanmasıdır. Buna görə də demokratiya yolunda addımlayan ölkələr ilk olaraq mətbuat senzurasını aradan qaldırırlar. 

Ötən əsrin sonlarında Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra ölkəmizdə sistemli şəkildə  KİV-in hüquqi bazası yaradılıb.  Demokratiyanın yüksək inkişaf etdiyi qabaqcıl  ölkələrin təcrübəsini əldə əsas tutaraq Azərbaycan Konstitusiyasında mətbuat  dövlət tərəfindən öz hüquqlarının yüksək səviyyədə qorunmasının təminatını alıb.

İnsan hüquq və azadlıqları, demokratik cəmiyyətdən söz düşəndə diqqət yetirilən ən vacib məqamlardan biri də söz və mətbuat azadlığının təmin edilməsi məsələsidir.  Ümummili Lider  ölkə vətəndaşlarının müstəqil  şəkildə özünüifadəsinin yalnız inkişafa aparacağını,  demokratiyanın bərqərar olacağına zəmin yaratdığını bildiyi üçün məhz bu məsələnin ölkənin ən ali qanununda əksini tapması məsələsinə xüsusi diqqət yetirməklə yanaşı, öz təşəbbüsü ilə  azadlıqları məhdudlaşdıran maneələrin  aradan qaldırılmasına, senzuranın  ləğvinə nail olmaqla mətbuat tariximizdə yeni bir epoxanın başlanğıcını qoymuş oldu.

Ulu öndər Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli Fərmanı ilə Azərbaycanda senzuranın birdəfəlik  ləğvi ilə Azərbaycan mediası öz inkişaf yolunda yeni keyfiyyət yüksəlişi mərhələsinə qədəm basdı.  Bununla da jurnalistlər azad sözü, müstəqil fikri hər vəchlə boğmağa çalışan senzura “bəlasından”  biryolluq qurtuldular. 

Ulu Öndərin Azərbaycana rəhbərliyi illərində ölkənin inkişafı üçün həyata keçirdiyi çoxşaxəli islahatların və bu islahatların son 16 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davamının nəticəsi olaraq hazırda respublikamızda media azadlığı sahəsindəki əldə olunan nailiyyətlər senzuranın ləğvinin zamanında verilmiş düzgün bir qərar olduğunu bir daha təsdiqləyir.

Prezident İlham Əliyev ölkədə mətbu nəşrlərin sərbəst fəaliyyətinin, jurnalistlərin öz fikir və düşüncələrini azad şəkildə ifadə etmələri üçün bütün lazımi addımların atılmasının əsas təşəbbüskarıdır. Ötən illər ərzində mətbuatın inkişafı üçün görülən işlərin bəzilərini xatırlatmaq bu məqamda yerinə düşərdi.

Qəzetlərin 2001-ci il dekabrın 31-dək olan “Azərbaycan” nəşriyyatına olan 398 min manat məbləğində borcunun dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti hesabına ödənilməsi, 2005-ci, 2010-cu, 2015-ci illərdə Azərbaycan milli mətbuatının yaranmasının 130, 135, 140 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, yubiley münasibətilə Azərbaycanda qabaqcıl  mətbuat işçilərinin təltif olunması, fəxri adların verilməsi, eləcə də kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi, mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması və evlə təminatı jurnalistlərin gərgin əməyinə dövlətin yüksək qiymət verdiyinin göstəricisidir. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında”, eləcə də “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında” sərəncamlarını imzalaması dövlətin mətbuata göstərdiyi diqqət və qayğının davamlı və sistemli xarakter daşıdığının sübutudur.

Dövlət başçısının 2009-cu il 3 aprel tarixli “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” Sərəncamı da ölkəmizdə mətbuatın  inkişafına dövlət dəstəyi konsepsiyasında əksini tapmış məsələlərin reallaşması istiqamətində atılan mühüm addımlardandır. Məhz bütün bu amilləri nəzərə alaraq mətbuatımız Prezident İlham Əliyevi dəfələrlə “Jurnalistlərin dostu” elan edib.

Prezident İlham Əliyev  çıxışlarında dəfələrlə demokratik cəmiyyətin qurulması istiqamətində azad mətbuatın rolunun danılmaz olduğunu vurğulayıb: “Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır. Azərbaycanda bütün azadlıqlar , o cümlədən söz azadlığı təmin olunur və siz jurnalistlər bunu yaxşı bilirsiniz. Bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır və ümumiyyətlə, ölkəmizin inkişafında çox müsbət rol oynayır. Mən həmişə çalışmışam və çalışıram ki, jurnalistlərə öz dəstəyimi göstərim. Mənim jurnalistlərlə çoxsaylı görüşlərim, səmimi söhbətlərim bunu göstərir. Xüsusilə jurnalistlər üçün binaların tikilməsi də bu siyasətin bir təzahürüdür”.

Dövlətin mətbuata bu qədər diqqət və qayğısının fonunda dünyanın heç bir ölkəsində mediaya bu səviyyədə önəm verilmədiyi faktı təsdiqini tapmış olur. 

Bu gün Ulu Öndərin senzuranın ləğvi ilə bağlı Sərəncamı imzalamasından  21 il ötür. 21 ildir ki, Azərbaycan mətbuatı heç bir qadağa və senzura ilə  qarşılaşmadan azad şəkildə fəaliyyət göstərir, jurnalistlərimiz   söz azadlığından maksimum bəhrələnirlər.

Ulu Öndər senzuranın ləğvi barəsində Sərəncamı ilə bir tərəfdən  ölkədə demokratiyanın inkişafına əvəzolunmaz töhfə bəxş etmiş, digər tərəfdən isə bununla jurnalistlərin öz daxili vicdanının  diqtəsi ilə mənəvi senzura  hissinin, beləliklə də daha yüksək məsuliyyət duyğusunun formalaşmasına təkan verib.  Bütün bu müsbət tendensiyaların birgə vəhdəti sayəsində hazırda Azərbaycan mətbuatı senzurasız azad fəaliyyəti ilə postsovet ölkələrinə örnək sayıla bilər.

Sevinc Abdullayeva, “İki sahil”