13 dekabr 2019 10:59
1160

Səs ver ki...

Məlum olduğu kimi,  dekabrın 23-də  Azərbaycanda bələdiyyələrə seçkilər keçiriləcək. Sayca 5-ci dəfə baş tutacaq seçkidə ölkə üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Seçkilərdə qeydə alınan namizədlərin siyahısı da bəllidir və burada 118 seçki dairəsi üzrə 41800-dək namizədin adı var.

Qeyd etmək lazımdır ki, demokratik dövlət quruculuğunun mövcud olduğu ölkələrdə yerli işlərin idarə olunması həm mərkəzi hakimiyyətin yerlərdə təyin etdiyi orqanlar və vəzifəli şəxslər tərəfindən, həm də bilavasitə inzibati-ərazi vahidlərinin əhalisinin seçdiyi nümayəndəli orqanlar tərəfindən həyata keçirilir. Belə nümayəndəli orqanları adətən yerli özünüidarəetmə orqanları və ya bələdiyyələr adlandırırlar.

Bu baxımdan Azərbaycanda bələdiyyə institutunun əsasları ilk dəfə  ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış və 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. Eyni zamanda, Konstitusiyaya  uyğun olaraq 1999-cu ildə “Bələdiyyələrin statusu haqqında” Qanunun qəbul edilməsi  yerli özünüidarəni həyata keçirən bələdiyyələrin yaradılması prinsiplərini, rolunu, yerli özünüidarənin hüquqi, iqtisadi və maliyyə əsaslarını, onun həyata keçirilməsi üçün dövlət təminatlarını müəyyənləşdirib.

Ümumilikdə isə bələdiyyələr, Azərbaycan Respublikası Konstitusiyasına görə, yerli vergilərin və ödənişlərin müəyyən edilməsi; bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncamın verilməsi;  yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi; yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi və digər səlahiyyətlərə malikdir.

Ekspertlər belə hesab edirlər ki, bələdiyyələr  lokal problemləri həmin ərazinin sərhədlərindən mərkəzə daşımadan, yerli əhalinin öz qərarları və maliyyəsi ilə operativ həll etməyin alternativsiz mexanizmidir. Bundan başqa, yerli özünüidarə təkcə ölkənin sosial-iqtisadi problemlərinin həlli üçün vacib institut sayılmır. Bu təsisatlarda, həmçinin ölkənin nəhəng kadr bankı formalaşır ki, onların bir çoxu sonradan ölkənin taleyini həll edən insanlara çevrilə bilərlər.

Artıq ölkəmizdə ilk dəfə bələdiyyə seçkilərinin keçirilməsindən 20 il ötür. Lakin indiyədək bəzi  bələdiyyələrin fəaliyyəti ilə bağlı neqativ halların da olması ötən illər ərzində cəmiyyətdə bu instituta qarşı inam hissinin azalmasına səbəb olub.

Bununla belə, ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən ildən başlayaraq  müxtəlif istiqamətlərdə geniş vüsət alan islahatların  bələdiyyələri də əhatə  edəcəyi gözlənilir.  Təsadüfi deyil ki, Prezident İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən  ölkəmizdə struktur islahatları ilə bərabər, kadr islahatların da aparıldığını, Prezident Administrasiyasının, Nazirlər Kabinetinin yeni strukturlarının təsdiq edildiyini, Milli Məclisin yenidən formalaşacağını xatırladaraq  ümumi idarəetmənin müasir standartlara cavab verməsinin vacibliyini diqqətə çatdırıb: “Bütün bunların bir məqsədi var: ölkəmizin uğurlu inkişafını təmin etmək, ölkədə mövcud olan gözəl ab-havanı qoruyub saxlamaq, gənc peşəkar kadrlara imkan vermək ki, onlar özlərini göstərsinlər. Ümumi idarəetmə işlərində vəziyyət müasir standartlara cavab verməlidir”.

Bu mənada atılan addımların yerli özünüidarəetmədə öz əksini tapacağı şübhəsizdir. Aydın məsələdir ki, ölkə islahatlarla  üz-üzədir və vəziyyət bələdiyyələrin də bu islahatlarla ayaqlaşmasını labüd edir. Nəticə etibarilə bütün bunları, ilk növbədə, seçkidə iştirak edib, düzgün namizədi dəstəkləməklə reallaşdırmaq mümkündür.

Ceyhun Piriyev, “İki sahil”